İriyarpaqlı mürdəşər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İriyarpaqlı mürdəşər
Elmi təsnifat
Beynəlxalq elmi adı

İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü.

Təbii yayılması

Azərbaycanda, İranda təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir. Meyvələri bənövşəyi-qara, şarşəkillidir. Nadir relikt növdür.

Ekologiyası

Orta dağlıq qurşağa qədər olan sahələrdə çay sahillərinda və dərələr boyunca, enliyarpaqlı meşələrdə, açıqlıq sahələrdə, meşə çətri altında bitir. İstisevən, torpağa tələbkər növdür.

Azərbaycanda yayılması

Qusar (Samur çayı vadisi, Yuxarı Qələnxur kəndi yaxınlığında), Lənkəran (Ələzəpin, Aşağı və Yuxarı Apu kəndləri), Lerik (Siov kəndi) rayonlarında tək-tək və ya kiçik qruplarla bitir.

İstifadəsi

Yaşıllaşdırmada tək və qrup əkinlərində canlı çəprlərin salınmasında istifadəsi məqsədyönlüdür.

İstinadlar

Həmçinin bax