Kibey

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Manzanar düşərgəsinə gətirilmiş issey və kibeylərə ABŞ vətəndaşlıq idealları öyrədilir (1942).

Kibey (帰米?, hərfi tərcümədə "Amerikaya qayıtmaq") – təhsil üçün Yaponiyaya getmiş və ABŞ-yə qayıtmış yaponəsilli amerikalıları bildirmək üçün istifadə olunan termin. Kibeylər niseylərin altqrupudur, həm Yaponiya, həm ABŞ mədəniyyəti təcrübə etdikləri üçün səciyyəvi şəxsiyyətə malikdirlər.[1]

Xüsusiyyətlər

Kibeylər issey valideynləri tərəfindən Yaponiyaya babaları və ya digər qohumları tərəfindən böyüdülmələri üçün göndərilirdilər.[1] Bunun səbəbi ABŞ yaponları arasındakı uşaq qayğısı problemi idi.[1] Belə ki, ABŞ-də yaşayan yapon qadınların iş saatları uzun olduğu üçün uşaqlarına yapon mədəniyyətini aşılamaq, eləcə də, yapon dilində danışmağı öyrətməyə vaxtları qalmırdı.[1]

1930-cu illərin əvvəllərində kibeylər niseylərin 13%-ini təşkil edirdilər və iki qrupa bölünürdülər: təhsilini ABŞ-də almış, lakin 4-5 il Yaponiyada yaşamış kibeylər və Yaponiyada ilkin təhsil almış kibeylər.[1] Bunlardan əlavə, XX əsrin əvvəllərində Yaponiyaya gedən kibeylər ilə 1930-cu illərdə Yaponiyaya gedən kibeylər ayrı altqrupları formalaşdırırdılar.[1]

Kibeylər təhsil, dil və mədəniyyət baxımından yaşadıqları unikal təcrübə, eləcə də, həm ABŞ-də, həm də Yaponiyada diskriminasiya ilə üzləşdikləri üçün nisey icması içərisində səciyyəvi kimlik formalaşdırmışdılar.[1] Kibeylər, xüsusilə, Çinlə müharibə zamanı Yaponiya məktəblərinin hərbi dərslər verdiyi 1930-cu illərdə özlərini yapon təhsili və mədəniyyətindən yadlaşmış hiss edirdilər.[1] Onlar ABŞ-yə qayıtdıqdan sonra yenidən adaptasiya olmaqda çətinlik çəkirdilər.[1] ABŞ-dəki yapon icmasına da uyğunlaşa bilmirdilər, çünki həm ingilis dilləri zəif idi, həm də ABŞ yaponlarının yox, Yaponiyada yaşayan yaponların adətlərinə öyrəşmişdilər.[1]

Münasibət

Kaliforniya ştatında kibey işçilər digər nisey işçilərə nəzərən daha çox diskriminasiyaya məruz qalırdılar, çünki ingilis dilləri daha zəif idi.[1] Öz maraqlarını qorumaq məqsədilə kibeylər bir neçə siyasi və sosial qrup formalaşdırmışdılar.[1] Bu qruplardan biri San-Fransisko Kibey Vətəndaşların Şurası olmuşdur.[2]

İkinci dünya müharibəsi zamanı ABŞ hökuməti orduda döyüşən niseylərə yapon dilini öyrətmək üçün kibeylərin xidmətindən istifadə etmişdir.[2] Kibeylərin yapon dili bacarıqları daha yaxşı olduğu üçün onlar əsir götürülmüş yapon əsgərlərin sorğulanmasında, yapon mətnlərinin tərcüməsində və digər məqsədlərdə istifadə olunurdular.[2] Bundan əlavə, isseylər və kibeylər ABŞ hökuməti tərəfindən ən çox hədəf alınan yaponəsilli amerikalı qruplar olmuşdur.[2] 1942–46-cı illərdə bir çox kibey Tule gölü düşərgəsinə aparılmış və pis münasibətə məruz qalmışdır.[2] Buna görə də müharibədən sonra kibeylərin çoxu Yaponiyaya miqrasiya etmişdir.[2]

Populyar mədəniyyətdə

Kibey yazıçı Yoşi Abe "İkili vətəndaşlı adam" adlı üç cildlik roman yazmışdır.[3] 1979-cu ildə Maks Templmen tərəfindən yazılmış "Kibey" adlı əsər nəşr olunmuşdur.[4]

İstinadlar

Ədəbiyyat

  • Ling, Huping; Austin, Allan. Asian American: History and Culture - An Encyclopedia (ingiliscə). Routledge. 2010. səh. 427–428. ISBN 978-0-7656-8077-8. İstifadə tarixi: 11 noyabr 2022.
  • Danico, Mary Yu. Asian American Society: An Encyclopedia (ingiliscə). SAGE Publications. 2014. ISBN 978-1-4522-8190-2. İstifadə tarixi: 11 noyabr 2022.