Məntəşa sultan Ustaclı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məntəşa sultan Ustaclı
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı
1513 – 1513
ƏvvəlkiSarı Pirə Ustaclı
SonrakıYaraş bəy Ustaçlı
1514 – 1524
ƏvvəlkiDurmuş xan Şamlı
SonrakıMəhəmməd xan Təkəli
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Məhəmməd xan Şeyxlər-Ustaclı

Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin Şeyxlər oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi.

Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir:

“Başqa biri Məntəşa Sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.”[1]

Həyatı

Məntəşa sultan Ustaclı həm Şah İsmayıl dövrünün həm də Şah Təhmasib dövrünün tanınmış əmirlərindən biri idi. O Sarı Pirə Qorçubaşı Ustaclının kiçik qardaşı idi.[2] Mənbələrdə onun adına 1506-cı ildə baş verən Sarom xanın qiyamı zamanı rast gəlinir.

Şah İsmayıl dövründə Məntəşa sultan Ustaclı

Təbrizdəki qardaşı İbrahim mirzədən üsyan barədə məlumat alan İsmayıl, Sarı Əli bəy Möhürdarı 3 minlik qoşunla Təbrizə göndərdi və onlar Təbrizdəki qoşunlarla birləşib, Azərbaycanın qərb sərhədlərinə irəlilədilər. 12 minlik qızılbaş ordusu Xoy və Səlmas şəhərləri yaxınlığında təqribən iki dəfə çox olan kürdlərlə döyüşə girdi və hər iki tərəf böyük itkilər verdi: kürdlərdən 3 min, qızılbaşlardan isə 1500 nəfər həlak oldu. Sarom və İbrahim mirzə bu döyüşdə yaralanmışdılar. Bu döyüşdən sonra Məntəşa sultan Ustaclı və şahzadə İbrahim mirzə qoşunu götürərək, şahın köməyə göndərdiyi yeni qüvvələrə qovuşmaq üçün bir qədər geri çəkilib, Əbdi bəy Şamlunun yardıma gəlmiş 6 minlik qoşunu ilə birləşdilələr.[3]

Kürdlərlə baş verən ikinci döyüşdə də Məntəşa sultan iştirak etmiş, döyüş sonunda ağır yaralanmışdı.[3]

Məntəşa sultan həmçinin Şah İsmayılın 1508-ci ildə Xürrəmabad yürüşündə də iştirak etmişdi.[4]

“Tarix-i Aləmara-yi Şah İsmayıl” və “Əhsən ət-Təvarix” əsərlərində Məntəşa sultanın Şah İsmayılla qardaşı Süleyman Mirzə arasında olan münaqişə zamanı adı çəkilir. Süleyman Mirzəyə Şah İsmayıl tərəfindən Təbrizin hakimliyi verilmişdi. Buna baxmayaraq o Ərdəbil şəhərində yaşayırdı.[5] 1513-cü ildə Şah İsmayıl Mərkəzi Asiyada olarkən şah ordusunda olan Mənuçöhr adlı bir qulam İsmayılın öldüyünü güman edərək, dərhal Azərbaycana yollanmış və Ərdəbilə gələrək, Süleyman mirzəyə Şah İsmayılın ölüm xəbərini gətirmişdi. Süleyman mirzə Ərdəbildə bəzi “qalmaqalçı cahillər”in, xüsusən də Qızıl Məhəmməd Türkmanın təhriki ilə şah olmaq həvəsinə düşmüş və qiyam qaldırmışdı. Rumlu yazır:

“Seyid Süleyman tərəfdarları da qarışqa və ilan (həşəratlar) kimi döyüş səfi tərtib etdilər. Təbriz yetimləri (yoxsulları) iti qılınc zərbəsi ilə qiyamət gününü zahir etdilər və Seyid Süleymanı atdan aşırdılar. Buna baxmayaraq, Seyid Süleyman özü gənclərdən və yaşlılardan on altı nəfəri ox zərbəsi ilə yaraladı. O əsnada həmin vaxt qorçu olan Məntəşa sultan Ustaclu özünü ona yetirib qılınc zərbəsi ilə həlak etdi.”[6]

Şah İsmayıl Orta Asiyadan qayıtdıqdan sonra əvvəlcə qardaşının ölümünə qəzəblənərək, Məntəşa sultanı həbsə alsa da, Çaldıran savaşı ərəfəsində onu yenidən azad etdi və o, yenə də “böyük əmirlər”in sırasına daxil oldu.[7]

Şah İsmayıl Çaldıran döyüşündən qabaq qoşun toplamaq üçün hazırlıqlara başlayan zaman Təbriz hakimi Məntəşa sultana da məktub göndərmiş, o da tabeliyində qoşun dəstəsi ilə Azərbaycana gəlmişdi.[8]Təbriz hakimi Məntəşa sultan Çaldıran döyüşündə Səfəvi qoşunlarının sağ cinahında qərar tutmuşdu.[9]Həsən bəy Rumlu qeyd edir ki, Məntəşa sultan bu döyüşdə böyük şücaət göstərmişdi.[10]

Şah Təhmasib dövründə Məntəşa sultan

Məntəşa sultan Şah Təhmasib dövründə Azərbaycan əmir əl-ümərası idi. Şah Təhmasib ona "lələ" deyə xitab edirdi.[8]

Ustaclı üsyanında rolu

Məntəşa sultanın adı Köpək sultan ilə Div sultan arasında baş verən münaqişədə də çəkilmişdir. Rumlu yazır:

“ Bu il Div sultanla Köpək sultan Ustaclu arasında vəkillik vəzifəsi (“vəkalət”) üstündə münaqişə baş qaldırdı. Div sultan, ustaclu əmirləri qarşısında güzəşt etdi, Xorasana getmək və özbəklərlə savaşmaq üçün [şahdan] rüsxət alıb Lar yaylağına yollandı”.[11]

Div sultan bu yaylaqda 40 dayanmaqla ətraf bölgələrin hakimlərinə məktub göndərməli və onları qoşun dəstələri ilə birlikdə yanına tələb etməli idi. Onun çağırışı və tələbi əsasında İsfahan, Həmədan, Şiraz və başqa bölgələrin hakimləri tabeliklərində olan qoşun dəstəsi ilə Div sultanın ətrafına toplaşdılar. Div sultan və onun ətrafına toplanmış olan qoşunlar Qəzvinə çatanda bu vilayətin Ustaclı tayfasından olan hakimi Məntəşa sultan da onları xoşluqla qarşıladı. Məntəşa sultan bəyan etdi ki, bütünlüklə Div sultanın rəhbərliyi ilə razıdır və ona tabedir. Bundan sonra onun nəzərinə çatdırdılar ki, Ustaclı tayfasının müxalifətçiliyinə qarşı istiqamətlənmiş bu yürüş, əslində, dövlətçilik işidir və ona tövsiyə olundu ki, Ustaclı tayfasının nümayəndəsi kimi öz tayfadaşlarının yayına yollansın və bu tayfanın əmir və əyanlarını dinc yolla müxalifətçilikdən çəkindirməyə çalışsın. Məntəşa sultan da Ustaclı əmir və əyanlarının yanına yollandı və onları nəsihət etməklə müxalifətçilikdən əl çəkməyə çağırdı. Əvvəlcə, Məntəşa sultanın təklifi qəbul edilmədi. Hətta Məntəşa sultan onun təklifinə qarşı çıxan əyanlardan birinin qətlinə də cəhd göstərdi. Lakin həmin əyan bu qətldən canını qurtara bildi. Verilən məlumata görə, Məntəşa sultanın tövsiyələri də Köpək sultanın və Ustaclı əmir və əyanlarının Div sultanla barışığa yollanmasına öz təsirini göstərdi.[12]

1526-cı ildə Ustaclı əmirləri torpaqları əllərindən alındığı üçün yenidən müxaliflik etməyə başladılar. Bu zaman Gürcüstan səfərindən qayıdan Köpək sultan Sultaniyyəyə gəldi. Köpək sultan qoĢunların sıralarının genişləndirilməsini lazım bildi. Bu səbəblə müraciət etdiyi şəxslərdən biri də Məntəşa sultan idi.[13] Tərəflər 26 may 1526-cı ildə Səksəncək mövqeyində qarşı-qarşıya gəldilər. Məntəşa sultanın qoşunun sağ cinahına rəhbərlik etdiyi bu döyüşdə Təkəlülər məğlub oldular. Burun sultanla Qaraca sultan qətlə yetirildi. Rumlu yazır:

“Köpək sultanla Məntəşa sultan nisan (aprel) ildırımı kimi cuşa gəlmişdilər və qamışlığa düşən şimşəktək qızmışdılar.”

Şahın əmri ilə qorçular Məntəşa sultan və Köpək sultan daxil olmaqla ustaclı qoşununa həmlə etdilər. Ustaclı əmirləri geri çəkilib Əbhər hüduduna gəldilər. Rəşt hakiminin də onlara kömək göndərdiyindən xəbər tutan Şah Təhmasib öz ordugahını Xalxalda qoyub sürətlə irəli atıldı. Tərəflər yenidən qarşı-qarşıya gəldilər. Məntəşa sultan bu dəfə də ustaclı qoşunun sağ cinahına rəhbərlik edirdi. Məntəşa sultan və Köpək sultan rəhbərliyində məğlub olan ustaclılar Gilana qaçmalı oldular. [14]

1527-ci ilin may ayında baş verən növbəti döyüşdə Köpək sultan öldürüldü. Məntəşa sultan Ustaclı onun ölümündən sonra 1527-ci ilin mayında yenidən Gilana üz tutdu. Rəşt hakimi Müzəffər sultan ona və ustaclılara sığıncaq verdi. Çox keçmədən Məntəşa sultann və digər Ustaclı əmirləri Müzəffər sultanın sarayında baş verənlərdən narazılıq duyaraq 1529-30-cu ildə Qəzvinə gəldilər.[15] Onlar Şah Təhmasibdən bağışlanma dilədilər. Şah Təhmasib Məntəşa sultanı bağışlayaraq Məşhədin idarəsini ona tapşırdı. [16]

Mənbə

  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
  • Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
  • Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
  • Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
  • Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
  • Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
  • Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN 978-9952-37-141-8.
  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.

Əlavə ədəbiyyat

  • Çingizoğlu, Ənvər. Qarşı yatan Qaradağ (az.). Bakı: Ozan. 1998.
  • Çingizoğlu, Ənvər. Qaradağlılar (az.). Bakı: Şuşa. 2008.
  • Çingizoğlu, Ənvər. Qaradağ xanlığı (az.). Bakı: "Mütərcim". 2011.

İstinadlar

  1. Məhəmmədi, 1993. səh. 15
  2. Münşi, 2009. səh. 114
  3. 1 2 Musalı, 2011. səh. 162
  4. Musalı, 2011. səh. 175
  5. Musalı, 2011. səh. 315
  6. Rumlu, 2017. səh. 421
  7. Musalı, 2011. səh. 316
  8. 1 2 Cavanşir, 2007. səh. 462
  9. Süleymanov, 2018. səh. 438
  10. Rumlu, 2017. səh. 426
  11. Rumlu, 2017. səh. 449
  12. Süleymanov, 2020. səh. 41
  13. Süleymanov, 2020. səh. 55
  14. Rumlu, 2017. səh. 453
  15. Münşi, 2009. səh. 128
  16. Cavanşir, 2007. səh. 463

Həmçinin bax

Xarici keçidlər