Tençuqumi insidenti

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nara prefekturasının Hiqaşiyoşino qəsəbəsində yerləşən, Tençuqumi insidentinə həsr olunmuş abidə.

Tençuqumi insidenti (天誅組の変, Tençuqumi no hen?) və ya Tençuqumi üsyanı – 29 sentyabr 1863-cü ildə Yaponiyanın Yamato vilayətində[a] baş vermiş və şoqunluğa qarşı yönəlmiş üsyan.[1] Özlərini "Tençuqumi", yəni "Cənnətin qisas bandası" adlandıran və imperatorluğa sadiq qrup tərəfindən təşkil olunan üsyan şoqunun birbaşa idarə etdiyi ərazidə baş vermişdi.[1] İkuno iğtişaşı kimi bu insident də həmin dövrün əhəmiyyətli hadisələrindən biri hesab olunur.[1]

Çoşu vilayətindən[b] olan, imperatora sədaqətli olan aktivistlərin Kiotoda üstünlük ələ keçirməsi nəticəsində 1863-cü ildə Sonno Coi hərəkatı pik nöqtəsinə çatmışdı.[1] Xarici qüvvələrlə döyüşmək üçün imperatorun orduya başçılıq etməsini istəyən aktivistlər uğur qazanmaq üçün Yamato məbədlərinə ziyarət planlaşdırmışdılar.[1] Ziyarət 25 sentyabrda anons edilmişdi.[1] Növbəti gün 75 aktivistdən ibarət Tençuqumi qruplaşması imperatorluq ordusu toplamaq, regiondakı şoqunluq hakimiyyətini sona çatdırmaq və imperatoru qarşılamaq üçün Yamato vilayətinə yola düşmüşdür.[1]

Tosa hanından[c] olan kənd başçısı Yoşimura Toratora baş komandir, gənc saray əyanı Nakayama Todamitsu isə nominal lider idi.[1] Bir çox ronin, eləcə də, yerli samuray bu hərəkata qoşulmuşdu.[1] 29 sentyabrda qrup şoqunluq intendantının Qoco şəhərində yerləşən ofisinə hücum edərək onu və müavinlərini öldürmüşdür.[1] Vergi güzəşti olacağına inanan yerli kəndlilər də insidentə qatılmışdır.[1] Lakin 30 sentyabrda baş verən hərbi çevriliş zamanı ekstremist qüvvələr Kiotodan qovulmuş və şoqunluq üsyanı yatırmaq üçün ordu göndərmişdir.[1] Yoşimura döyüşdə yaralanmış və intihar etmişdir.[1] Nakayama və bir neçə iştirakçı isə Çoşuya qaçmışdırlar.[1]

Qeydlər

  1. Müasir dövrdə Nara prefekturası.
  2. Müasir dövrdə Yamaquçi prefekturası.
  3. Müasir dövrdə Koçi prefekturası.

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. səh. 4. ISBN 0-87011-628-2. İstifadə tarixi: 26 iyun 2022.