Xəzər dənizinin hüquqi statusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xəzərin hüquqi statusuXəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İranRusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi.[1] Bu müqavilələr 1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan "SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə" hesab olunur. Bu gün Xəzərin yekun statusu hələ müəyyən olunmadığı üçün 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini itirməyib. 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoydu.[1] 2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi.

Xəzər sahili dövlətlər

Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiya imperiyasına Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran (Qacarlar) müqaviləsində verilmişdir.[2] Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır".[q 1] 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P. Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanmışdır.[2]

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya SFSR, Qazaxıstan SSR, Azərbaycan SSR, Türkmənistan SSR habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.[2]

1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.[2]

İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən ExxonBP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib.[3]

1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzərin statusu ilə bağlı qəbul etdiyi "Birgə Bəyanat" iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəldiyini göstərirdi. Həmin ilin iyulunda isə Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalandı. Bundan bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danışıqlara başlayır və müvafiq şazişlərin hazırlanması tapşırığını verir ki, bu da faktiki olaraq "Xəzərin hüquqi statusu" məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən çıxarır.[4]

8-9 yanvar 2001-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış "Xəzər dənizində birgə fəaliyyət" haqqında Bəyanatda "Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi" prinsipi cüzi dəyişikliklərlə öz əksini tapdı. Üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki olaraq "Xəzərin statusu" problemini üç ölkə- Rusiya, Qazaxıstan və Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı.[4]

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır.[1] Dünya təcrübəsində orta xəttin "xüsusi vəziyyətlər" nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu "xüsusi vəziyyətlər" 1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadasıÇilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmırdı. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.[1]

İran 19211940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.[1]

12 Avqust 2018-ci il tarixində Aktau limanında imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu konvensiyaya 24 Maddədən ibarətdir. [1]

  1. Yuxarıda get: 1 2 3 4 5 modern.az. "Xəzərin hüquqi statusu – tərəflər nə istəyir?" (az.). Vüqar İsmayılov. 07-03-2015. 2017-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
  2. Yuxarıda get: 1 2 3 4 "Xəzərin hüquqi statusu anlayışının meydana gəlməsi" (az.). azerbaijan.az. 2017-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
  3. publika.az. "Xəzərin hüquqi statusu: Kim nə istəyir?" (az.). Ömər Dağlı. 14-04-2014. 2017-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
  4. Yuxarıda get: 1 2 anl.az. "Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları" (az.). Ə.Həsənov. 2010-11-14. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
  1. Qeyd etmək lazımdır ki, bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su sərhəddidir.