"Tək Ulduz" əməliyyatı (ing.Operation Lone Star (OLN)) — Texas İctimai Təhlükəsizlik Departamenti[ing.] və Texas Hərbi Departamentinin[ing.] Texasın cənubunda ABŞ-Meksika sərhədində[ing.] birgə əməliyyatdır. Əməliyyat 2021-ci ildə başlayıb və davam etməkdədir. Texas qubernatoru Qreq Ebbotun sözlərinə görə, əməliyyat qeyri-qanuni immiqrasiya, narkotik ticarəti və insan qaçaqmalçılığının artmasının qarşısını almaq məqsədi daşıyır.[1] Qubernatorluğun məlumatına görə, əməliyyat müddətində 503800 miqrantın tutulması, 40400 həbs olunma və 469 milyon doza fentanilin ələ keçirilməsi baş verib.[2][3] 2020-ci maliyyə ili ilə 2021-ci maliyyə ili arasında ABŞ-Meksika sərhədi boyunca miqrantlarla bağlı narahatlıqlar 278% artıb.[4] 2022-ci ilin aprelinə olan məlumata görə, əməliyyata həftədə təxminən 2,5 milyon dollar xərclənir və ildə təxminən 2 milyard dollara başa gələcəyi gözlənilirdi.[5] Təxminən Milli Qvardiyanın 10,000 üzvü əməliyyat nöqtəsində yerləşdirilib.[6] Əməliyyatın başlamasından bir il sonra Texas, Meksika ilə sərhədi boyunca daxil olmağa çalışan miqrantların sayında 9% artım müşahidə olunurdu, hansı ki, bu rəqəm Arizona, Kaliforniya və Nyu-Meksikoda 62% idi.[7]
24 iyul 2023-cü ildə Ədliyyə Departamenti Qreq Ebbotun əmri ilə Qartal Keçidi yaxınlığındakı Rio Qrandedə üzən maneələrin tikintisinin 1899-cu il Çaylar və Limanlar Qanununu[ing.] pozduğunu iddia edərək məhkəməyə müraciət etdi.[8] Sentyabrın 6-da məhkəmə Ədliyyə Departamentinin vəsatətini təmin etdi və Texasa maneəni çayın sahilinə köçürməyi və hər hansı yeni maneələrin quraşdırılmasını dayandırmağı əmr etdi.[9] Cavab olaraq, Texas qərardan Beşinci Dairə Apellyasiya Məhkəməsinə müraciət etdi və o da dekabrın 1-də qadağanı təsdiq edən qərar çıxardı.[10] Məhkəmə həmçinin müəyyən edib ki, Texas maneənin insanların həyatını xilas etdiyi və ya qeyri-qanuni miqrasiyanı azaltdığına dair konkret sübut təqdim etməyib.[11] Texas bu qərardan sonra da sərhədə maneələr çəkməyə davam etdi.[12]
16 may 2023-cü ildə Qreq Ebbot digər əyalət qubernatorlarından kömək istədi.[13] 2023-cü ilin iyun ayına olan məlumata görə, 14 ştat cavab olaraq Texasa milli qvardiya və hüquq-mühafizə əməkdaşlarını göndərib.[14][15]