Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çökmə (sedimentasion) tsikl – müəyyən akvatoriya və ya ərazinin inkişaf prosesində bu və ya digər dəyişkənliklərlə təkrarlanan çöküntütoplanma şəraitlərinin dəyişmə ardıcıllığı.
Çökmə tsikl çox vaxt ardıcıl dəniz transqressiyalararası və yaxud çöküntütoplanmada fasilələrarası intervallar aid edilir. Sedimentasion şəraitlərin ardıcıl olaraq bir-birini əvəzləməsinin maddi tərkibini, yəni müvafiq çöküntü komplekslərini tsikl, yaxud tsiklotemlər (bəzən səhvən ritmlər) adlandırırlar. Tsikllərin davamiyyəti çox müxtəlif ola bilər: məsələn: geosinklinalların alp, hersin, kaledon və daha qədim inkişaf mərhələlərinə uyğun gələn tsikllərin davamiyyəti 180–240 mln. il hüdudlarında dəyişir. Belə tsikllərə müəyyən geoloji formasiya sırası (geogenerasiya), o cümlədən çöküntü vulkanogen formasiya sırası uyğun gəlir. Məsələn, Qafqazda aşağıdakı formasiya sırası müəyyən edilmişdir: 1) spilit-keratofir; 2) aspid; 3) fliş; 4) şlir (alt molass); 5) əsl molass (üst molass). Tsikllər az davamiyyətli, hətta qısamüddətli də ola bilər. Çökmə tsikl qatlarının kəsilişinin öyrənilməsi göstərir ki, tsikllər (davamiyyətinə görə) 16-dan az olmayaraq daha aşağı tərtibli ola bilərlər (Xain,1964). Ayrı-ayrı aşağı tərtib tsikllər yüksək tərtibli tsikllərin mərhələlərini (fazaları) təşkil edirlər. Aşağı tərtib tsiklləri, əsasən iqlim şəraiti şərtləndirir, lakin daha iri tsikllərə keçdikcə, onların əmələ gəlməsində əsasən, başlıca olaraq, ehtizazi hərəkətlər, sonra isə dalğalı hərəkətlər 35–40 mln. illik dövriliklə həlledici rol oynayır. Çox vaxt, davamiyyəti on və yüz min illər olan, kömürlü tsikllərin (mezotsikllər) əmələ gəlməsini şərtləndirən çökmə tsikllər (bəzən səhv olaraq mezoritmlər adlanır) ayırırlar.
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.