Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması
Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi.
Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və miladdan əvvəl IX–VIII əsrlərə aid edilən çəkmə tipli gil ayaqqabı – qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılarla tipoloji oxşarlıq təşkil edir. Azərbaycanda qədimdən bəri istifadə olunan çəkmə tipli ayaq geyimi qadın və kişi çəkmələri kimi təsnif olunur. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. Mütəxəssislər qunclu çəkmənin "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən "soqman"dan törəndiyini güman edirlər.
Dahi Nizami Gəncəvinin "Xəmsə"sində çəkmə ayaq geyiminin xatırlanması ("Ayağını bu dar çəkmədən çıxar, Dar başmaq geyinən tez çolaq olar"), Beyləqandan tapılmış mürəkkəb boyalı saxsı qab-nimçə üzərindəki təsvirin ayağında şabalıdı rəngli uzunboğaz çəkmə olması, rəssam Əbdül Mömin Məhəmməd əl-Xoyinin XIII yüzilliyin əvvəllərində çəkdiyi "Vərqa və Gülşa" miniatüründə atlı döyüşçülərin uzunboğaz və alçaqdabanlı çəkmədə təsvir olunmaları Azərbaycanda orta əsrlərdə çəkmə geyinildiyini təsdiqləyir.
Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan etnoqrafik materiallardan (İnv. 2623) aydın olur ki, əvvəllər olduğu kimi, XIX əsrdə də kübar qadınlar uzunboğaz çəkmə geyirmişlər. Gəncə qadınlarına məxsus çəkmələr məxmərdən tikilərək üstü təkəlduz və güləbətin tikmə ilə bəzədilmişdir. Qərb bölgəsində uzunboğaz və yarımboğaz, hündürdabanlı çəkmə növünə "quşkeçən" deyilirdi. Belə çəkmələrin üstü bəzən safyandan, bəzən də tumac və meşindən tikilir, müxtəlif tikmə naxışlarla bəzədilirdi.
Əhali arasında Şirvanın "qaytarmaburun", Gəncəbasarın isə yanları hörmə rezinli, xrom və ya adi aşılanmış göndən tikilmiş alçaqdabanlı, uzunboğaz çəkmələri geniş istifadədə olmuşdur. Bir qayda olaraq, boğazlığı qırmızı, ayaqlığı isə yaşıl, qara, göy rəngli dəridən hazırlanan belə ayaq geyimi formasına, materialına, tikilmə tərzinə görə Kazan tatarları arasında "içeki" adı ilə məşhur olan dabanlı, üstü tikmə naxışlarla bəzədilmiş qadın çəkmələri ilə tipoloji oxşarlıq təşkil edirdi.
XIX əsrdə Azərbaycanın çəkmə istehsalı mərkəzləri arasında Gəncə şəhəri xüsusi yer tuturdu. 1849-cu ildə burada 75 nəfər çəkmə ustası çalışırdı. 1859-cu ildə, zəlzələdən az sonra quberniya mərkəzinin Bakı şəhərinə köçürülməsinə baxmayaraq, Şamaxıda hələ də 30 nəfər çəkməçi işləyirdi, lakin yerli "əyriburun" çəkmələr tədricən rus və Avropa modasında tikilmiş və nisbətən ucuz başa gələn çəkmələrlə əvəz olunmağa başlamışdı. Məhz bunun sayəsində XIX əsrin 80-ci illərində Şamaxı qəzasının malakanlar yaşayan Mərəzə kəndində 12 nəfər yeni moda ilə düz çitməli çəkmə tikən usta-çəkməçi fəaliyyət göstərirdi. 1854-cü ildə Ordubadda fəaliyyət göstərən çəkməçilərin sayı 24 nəfərə çatırdı.[1]