Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 706-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər).
XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır.[1] Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur. Teymurilərin zəifləməsi ilə Qaraqoyunlu və Ağqoyunlular dövlətləri yaranır. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olur. 1747-ci ildən XIX əsrin əvvəllərinə qədər regionda Azərbaycan xanlıqları mövcud olmuşdur. Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra Azərbaycan ərazisi quberniya və əyalətlərə bölünür.
Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSRİ-in tərkibinə daxil oldu. 1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi
"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropatena adlandırılmışdır.[3] Adın orijinalının mənbəyi bölgədə bir vaxtlar geniş yayılmış Zərdüşt dinidir və mənası "od tərəfindən mühafizə olunan" və ya "odun məkanı" deməkdir.[4][5] Orta əsr ərəb coğrafişünasları bu ekzonimin şəxs adı olan Adarbadordan (adar — atəş, baykan — mühafizəçi) xalq etimologiyasının nəticəsi kimi əmələ gəldiyini fikirləşmişlər.[6] Abbasqulu ağa Bakıxanov isə bu sözün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirmişdir.[7] "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxmışdır.[8][9]
Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmirdilər. XIII əsrin əvvəllərindən bir qayda olaraq Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişirdi.[6] Səfəvilər dövründə bir müddət üçün Arazdan şimaldakı müəyyən ərazilər Azərbaycan əyalətinə birləşdirildi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi.[6][10] Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən göstərildi.[11] XIX əsrin sonlarında avropalı alim və jurnalistlər Azərbaycan terminini Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar.[12]
1917-ci ilin 15–20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı.[13] 27 may 1918-ci ildə "Azərbaycan" adı Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu elan edən Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən rəsmi olaraq istifadə edilmişdir.[14] Bu hadisə İranda, xüsusilə Azərbaycan intelektualları arasında təəccübə səbəb olmuşdu. Şeyx Məhəmməd Xiyabani və yoldaşları özlərini AXC-dən fərqləndirmək üçün İran Azərbaycanının adını Azadıstan qoydular.[15]
Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400–300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100–30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşanmış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər.
30–10 min il öncə Azərbaycanda paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların(sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.
Mezolit dövrü Azərbaycanda e.ə. 11–8-ci minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.
Neolit dövrü Azərbaycanda e.ə. 7-ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpədə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır.
E.ə. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Tunc dövrü Azərbaycanda er.əv. 4–1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda erkən tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla (maddə) qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3–2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.
Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd-Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsərrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. E.ə. 13–12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur.
Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236–2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubilər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur, lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.
Hələ er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.
Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adlandırıla bilən Manna yaranır. Onun baş şəhəri İzirtu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir, lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur.
Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625–585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir, lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir. Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün ellinizmin yaranmasına gətirib çıxardı. Ellinizm dövründə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur.
E.ə.321-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir.
Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv. 248–227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (e.ə. 6 – e.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir, lakin e.ə. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur.
Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224–651) yüksəlməsinə qədər mövcud olmuşdur. Qafqaz Albaniyası e.ə IV əsrin sonu III əsrin əvvəllərində yaranmışdı. Araz çayından şimalda yerləşən Albaniyanın paytaxtı Kabala (Qəbələ) idi. Albaniya təsərrüfatında üzümçülük, balıqçılıq və şərabçılıq mühüm yer tuturdu. Q ədim Albanlar çoxallahlı bütpərəstlik dininə inanırdılar.
Soldan sağa: Musa Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində Alban çarı Urnayr və İran şahı II Şapur miniatürü, Məhəmməd Balaminin "Tarixnamə"sində Babək və Afşinin miniatürü və Arif Ərdəbilinin "Fərhadnaməsi"ndə Şirvanşah Huşəng ibn Kavus miniatürü
|
Eramızın 3–18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3–10 yüzilliklər erkən orta əsrlər, 11–15-ci əsrlər klassik feodalizm və 16–18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III–VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224–651) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632–651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630–642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Qadsiyyədakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252–1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imam şiəsi olmuşlardır. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.
633-cü ildə Ərəb qoşunları Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.
661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi, lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur, lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.
748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər. Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində "əbədi od" deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.
816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur. 819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 837-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl ibn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.
IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti (861–1538) yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü.
X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-cı ildə isə Şirvanşahların Səlcuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118–1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30–60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.
Sacilər dövlətinin (879–941) əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövlətinin (941–981) paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban ibn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər (981–1054) dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü. Qəznəvi dövlətinin (962–1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi. Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı. XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.
Məhəmməd bin Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin (971–1086) əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.
Cabanı döyüşü (solda) və Sultan Süleyman Qanuninin Naxçıvana yürüşü
|
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür.[16] Bu zaman onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Gilana, Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edir. Birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru — Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurulur. Qış Astarada, Ərcivanda keçirilir.[17] Qızılbaş rəhbərlərinin müşavirəsində Anadoluya, Ərzincana hərəkət etmək qərarı verilir. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin "Qaradağ sufilərindən" ibarət 7000 qazi toplanır.[18] Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəldilməlidir.[19][20][21][22] I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürülür[23][24]. Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır[25] və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır.[26] Sonra İsmayıl Mahmudabada gedərək 1500/1501-ci ilin qışını orada keçirir.[27] Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir.[28] Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi.[27][28][29] Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür.[30][31] Səfəvilərin Cabanı döyüşündə darmadağın etdiyi Şirvanşahlar qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət edir. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirir ki, Əlvənd Mirzə (Abdul Müzəffər Nur Əhməd) böyük bir qoşunla paytaxtdan (Təbriz) çıxmışdır O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir.[32] Bu səbəbdən qızılbaşlar Gülüstan qalasının mühasirəsini dayandıraraq Naxçıvana doğru hərəkət edirlər. Bu hadisə Tarix-i Şah İsmayıl əsərində bu cür təsvir olunur:
... [ İsmayıl ] dövlətin sütunlarını- Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlını, Xadim bəy Xüləfanı, Qarapiri bəy Qacarı yanına cağırdı və onlardan soruşdu: " Siz Azərbaycan taxtgahını, yoxsa Gülüstan qalasını istəyirsiniz? " Onlar cavab verdilər: "Azərbaycanı!" [33] |
1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğradılır.[34][35] Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.[36][37][38][39]
Qacarlar — 1796 və 1925-ci illər arasında İran və Azərbaycanda hakimiyyətdə olmuş türk sülaləsidir. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar.
Gülüstan müqaviləsi – 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə Qacarlar arasında bölən birinci müqavilə. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni Qacar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.
Türkmənçay müqaviləsi — İkinci Rusiya-Qacar müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə Qacarlar arasında Türkmənçay kəndində bağlanmışdır. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A. S. Qriboyedov və Azərbaycan mütəffəkiri A. A. Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir.
1918-ci ilin mayın 26-da Gürcüstan Demokratik Respublikası ZDFR-dan çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı Məhəmməd Əmin Rəsulzadə seçilir. Fətəli xan Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bənddən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur.
AXC hökuməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökumət təşkil olunur. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. AXC tarixində cəmi beş hökumət təşkil olunmuşdur. Onlardan üçünə Fətəli xan Xoyski, ikisinə isə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində AXC dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökumət Sovet Rusiyasına tabe olub qarşısına AXC-ni ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə AXC hökuməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir.da Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir, lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə AXC-nin rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də AXC parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir.
Beləliklə, ərazisi 98 min km² və əhalisi 2 mln.800 min olan AXC parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi, lakin AXC düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Demokratik Respublikası ərazi iddiaları ilə AXC-nə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də AXC müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə. M. Topçubaşov olmaqla AXC nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir.
1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası AXC-ni müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində AXC ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A. İ. Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan AXC ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar.
1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə AXC parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu. AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə AXC-nin varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur..
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939–1945) bəşəriyyətin 20-ci yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi. Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı şəkildə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən edilmişdir.
Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu.
1991 və 1992-ci ilin I yarısında ölkəyə rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə, yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra, 8 mayda ermənilərin Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşanı işğal etməsi ilə yerli əhali burdan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı tamamlandı.
1992-ci il mayın 18–19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından kənarda olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63 mindən artıq Laçın sakini daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda, Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin il mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi qərarının qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.
1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçildi, lakin cəbhədəki uğursuzluqlar nəticəsində 1993-cü ilin yayında Azərbaycanda siyasi vəziyyət gərginləşdi.
1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı.
1993-cü ilin iyununda bir qrup Azərbaycan Respublikası Ali Sovetinin deputatının və ziyalıların dəvəti ilə Naxçıvan MR Ali Məclisinin sədri, 1969–1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu, lakin 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca Dağlıq Qarabağdan kənarda yerləşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı bir milyona çatdı.
Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrədək torpağı işğal olundu ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr(Gəncə) və 1995-ci ilin martında(Qazax-Ağstafa-Bakı) dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Beyləqan və Füzuli istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi azad edildi.
1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu. Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək inkişaf etdirmək məqsədilə irimiqyaslı beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini qısa müddətdə verdi.
1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir.
Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur.
1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9–10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.