Çay xərçəngləri (lat. Astacidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Çay xərçəngləri | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Yarımdəstə: Ranqsız: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Çay xərçəngləri |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu fəsiləyə xərçəngkimilər sinfinin daha yüksək quruluşa malik olan nümayəndələri daxildir. Çay xərçənglərinin bədəni silindrik formalıdır, armudvari, karapaks adlanan zirehlə örtülü baş-döşdən və onun altına əyilməyən, yaxşı inkişaf etmiş, 6 buğumdan və telsondan ibarət olan qarıncıqdan ibarətdir. Xitin maddəsindən ibarət olan zireh xərçənglərin yumşaq hissələrini qoruyan xarici skelet rolunu oynayır. Eyni zamanda əzələlərin ucları onun daxili səthinə birləşir. Bədən örtüyü yaşılımtıl–qonur rəngdədir.
Baş-döş bir-biri ilə aypara şəkilli şırımla hərəkətsiz birləşmiş iki hissədən ibarətdir. Baş şöbəsi ön tərəfdən iti uclu çıxıntıya malikdir. Bu çıxıntının hər iki tərəfindəki çuxurda, saplaqlar üzərində hərəkətli gözlər yerləşmişdir. Gözlərdən öndə bir cütü digərindən uzun olan, lamisə və qoxu bilmə funksiyalarını yerinə yetirən iki cüt nazik bığlar şaxələnmişdir. Şəklini dəyişmiş ətraflar ağız orqanlarını – aşağı və yuxarı çənəni əmələ gətirmişlər. Döş hissə 8 buğumludur və 8 cüt ətrafa malikdir. Birinci 3 cüt ətraflar çənəayaqlar adlanır, onlar qidanın tutulmasına və ağıza aparılmasına xidmət edir. Sonra gələn 5 cüt döş ətraflarından birinci cütü daha güclü inkişaf edərək özünü müdafiə etmək, hücum etmək və qidanı (ovu) tutmaq üçün şəklini dəyişib qısqaclara çevrilmişlər. Qalan dörd cüt ətraflar gəzməyə xidmət edir. Sonuncu cüt ətraflar yastı üzmə lövhələrinə çevrilərək son qarın buğumu ilə birlikdə üzmə aparatını-telsonu təşkil etmişlər. Ümumiyyətlə, çay xərçənglərinin şəklini və funksiyasını dəyişmiş ətraflarının sayı 19 cütə çatır. Çay xərçənglərinin həzm sistemi yemək borusu və mədədən ibarət olan ön bağırsaqdan, orta və arxa bağırsaqlardan ibarətdir. İki paydan ibarət olan və "qara ciyər" adlanan mükəmməl həzm vəzisi çay xərçəngləri üçün daha səciyyəvidir. Qan-damar və tənəffüs sistemi yaxşı inkişaf etmişdir. Bədənin arxa hissəsində yerləşən kisə şəkilli ürəkdən çıxan, sərbəst olaraq bədən boşluğuna açılan yeddi arterial damarlardakı qan orqanları və toxumaları oksigen, qida maddələri ilə təchiz edir. Sonra həmin qan qəlsəmələrdə oksigenlə yenidən zənginləşib bədən boşluqları ilə ürəkətrafı kisəyə və deşiklərdən yenidən ürəyə daxil olur. Tənəffüs orqanı qəlsəmələrdir, onlar qəlsəmə boşluğunda yerləşib zirehin kənar hissələri ilə örtülmüşdür. Çay xərçənglərində ifrazat orqanları bir cüt vəzi (metanefridilər) olub, baş hissədə yerləşmişlər, onların axacağı bığcıqların dibinə açılır. Sinir sistemi yaxşı təşəkkül tapmışdır, quruluşuna görə həlqəvi qurdların sinir sisteminə yaxındır. Bu sistem başlıca olaraq qarın sinir zənciri ilə təmsil olunmuşdur. Yemək borusundan öndə iri udlaqüstü düyün – "beyin", ondan arxada udlaqarxası düyün yerləşmişdir. Onlar sinir telləri ilə bir-biri ilə birləşmişdir və həm də bu kələfdən orqanizmin hər yerinə sinir telləri ayrılır. Bu orqanizmlər mükəmməl görmə, lamisə, qoxubilmə və müvazinət orqanlarına malikdir. Çay xərçəngləri ayrı cinslidir. Onlar üçün kəskin cinsi dimorfizm səciyyəvidir.
Bu fəsilənin nümayəndələri Şimal yarımkürəsinin bütün şirin və şor sularında geniş yayılmışdır. Xəzər dənizində 4, Azərbaycanın şirin sularında isə bir cinsdən olan 5 çay xərçəngi növünə rast gəlinir.