Çaykənd dəfinəsi — Azərbaycan Respublikası Göygöl rayonunun Çaykənd kəndində tapılmış (1935) gümüş sikkə dəfinəsi. Dəfinə (ümumi çəkisi 4830 q) 2297 sikkədən ibarətdir. Sikkələr Osmanlı sultanları II Mehmet və II Bəyazid (1 sikkə), Ağqoyunlu Rüstəm və Məhəmməd (2), Şirvanşah Fərrux Yasar və II Şeyx İbrahim (1930 sikkə), habelə Səfəvi I İsmayılın (354 sikkə) hakimiyyəti dövründə kəsilmişdir. Çaykənd dəfinəsinin XVI əsrin I rübündə basdırıldığı ehtimal olunur. Çaykənd dəfinəsi XV əsrin sonları — XVI əsrin əvvəllərində azərbaycan tarixinin bəzi problemlərini, pul dövriyyəsi maliyyə və çəki sistemini öyrənmək üçün qiymətli mənbədir. Dəfinə Milli azərbaycan Tarixi Muzeyində saxlanılır.