Çaykənd kilsəsi — Çaykənd məbədi Göygöl rayonunda eyni adlı kəndin yaxınlığında, Çaykənd-Göygöl yolunun sağında qeydə alınmışdır.[1]
Çaykənd kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Göygöl rayonu |
Yerləşir | Çaykənd |
Aidiyyatı | Alban kilsəsi |
Tikilmə tarixi | VI-VII əsrlər |
Çaykənd məbədi VI–VIII əsrlərə aid edilmişdir.[2]
Məbədin bünövrəsi sal qayanın üzərində qurulmuş düzbucaqlı məbədin uzunluğu 11 m, eni 7 m, hündürlüyü təqribən 6 m, divarlarının qalınlığı 0,80 m-dir. Məbədin tağ formalı qapı yeri qorunub qalmışdır. Bu girişin hündürlüyü 1,35 m, eni 0,40 m-dir. Məbədin tağbənd formalı qapı yerinin yaxınlığında kitabə qeydə alınmışdır. A. M. Məmmədov kitabənin üzərində Alban yazısının və xaçların olduğunu qeyd etmişdir. Həmçinin məbədin divarında ibadət zamanı şamları qoymaq üçün xüsusi taxçaların olduğunu qeyd etmişdir.[1]
Məbədin şərq tərəfində düzbucaqlı çərçivədən kənara çıxmayan yarımdairə formalı mehrab apsidası yerləşmişdir. Məbədin şərq divarının ortasında apsidaya açılan pəncərə vardır. Digər pəncərə yeri məbədin cənub divarındadır. Şimal və cənub divarlarında qarşı-qarşıya iki cüt pilyastr ucaldılmışdır. Bunların bir cütü apsida ilə ibadət zalı arasında, digər cütü isə divarların orta hissəsində yerləşmişdir [2, s.99].[3]