Çin–Yaponiya münasibətləri

Çin–Yaponiya münasibətləriÇin Xalq Respublikası ilə Yaponiya arasında ikitərəfli münasibətlər.[1]

Çin–Yaponiya münasibətləri
Çin Xalq Respublikası və Yaponiya
 ÇXR  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Münasibətləri tarixi

[redaktə | mənbəni redaktə et]

XX əsrdə Çin-Yaponiya ədavətinin başlıca səbəbi 1931-1945-ci illərdə Yaponiyanın həyata keçirdiyi işğalla əlaqədardır. Artıq yarım əsrdən çoxdur ki, yaponlar Çinə güclü mədəni cazibə qüvvəsi kimi baxırlar. “Soyuq müharibə” illərində Yaponiya Uzaq Şərqdə ABŞ xarici siyasətinin regionda bələdçisi rolunu oynayırdı. XX əsrin əllinci illərinin əvvəllərində Asiyada Çindən “üçüncü qüvvə” kimi istifadə edən ABŞ-nin əsas məqsədi Asiyada kommunizmin və SSRİ-nin təsirinin yayılmasına yol verməmək idi. Bu məqsədi həyata keçirən Birləşmiş Ştatlar Yaponiyanın simasında etibarlı tərəfdaş qazanmışdı. Ona görə də Yaponiya-Çin münasibətlərindən danışarkən Çin Xalq Respublikası və ABŞ arasında qarşılıqlı münasibətləri nəzərə almaq vacibdir.

Doğru olaraq qeyd edilmişdir ki, İkinci Dünya müharibəsindən sonra ABŞ və Çin arasındakı münasibətlər saat kəfkirinə bənzəyirdi: gah dayanır, gah da hərəkət edirdi. 50-60-ci illərdə ABŞ tərəfindən Çinin hərtərəfli münasibətlərdəki geniş inkişafının “qarşısının alınması” 70-ci illərdə Yaponiya və Çin Xalq Respublikası arasında sərt dönüşə səbəb oldu. Yaponiyanın Çini “yeganə qanuni hökumət” kimi tanıması və 1972-ci ildə Tayvan ilə diplomatik münasibətləri pozması beynəlxalq əlaqələrin geniş inkişafına yol açdı. Çinlə münasibətlər sürətlə inkişaf etməyə başladı. Hətta 1973-1978-ci illərdə ölkələr arasında bir sıra sazişlər və razılaşmalar bağlandı. Bu sənədlər seriyasını 1978-ci il 12 avqust tarixdə Pekində imzalanan sülh və dostluq haqqında Yaponiya-Çin müqaviləsi tamamladı.

Daha sonralar bütün səviyyələrdə intensiv danışıqlar aparıldı. Nəticədə Yaponiya-Çin əlaqələrinin inkişaf mexanizmi yaradıldı. Çin Xalq Respublikasının ali rəhbərləri Yaponiyada, Yaponiya ali rəhbərləri də Çində səfərdə oldular. Dövlətlərarası münasibətlərdə yeni formalar təsbit olundu. 1980-ci ildən bəri iki ölkənin xarici işlər nazirləri arasında daimi qrup halında müşavirə keçirilir. XXI əsrin Yaponiya-Çin Dostluq Komitəsi fəal fəaliyyət göstərir, Yaponiya-Çin münasibətlərində uzunmüddətli dostluq anlaşma strategiyasının həyata keçməsini ölkə olaraq bir tapşırıq kimi qarşısına məqsəd qoymuşdur.

Beləliklə, Çin və Yaponiya arasında tədricən elə münasibətlər yaranmışdır ki, onlar kanalların müxtəlifliyinə və rabitənin səviyyəsinə, etibarlıq dərəcəsinə, müzakirə olunan ikitərəfli və beynəlxalq problemlərin əhatə dairəsinin genişliyinə, iqtisadi-ticarət əlaqələrinin həcminə görə Çin Xalq Respublikasının hər hansı digər bir kapitalist ölkəsi ilə münasibətlərindən daha artıq inkişaf etmişdir. 70-80-ci illərdə Yaponiya-Çin münasibətlərindəki inkişafın sürətli tempi yalnız siyasi münasibətlərlə deyil, həm də iqtisadi maraqların yüksək səviyyəsi ilə izah edilirdi. Yaponiya Çin üçün indi də onu müasir texnologiya, avadanlıq, müxtəlif maşın və iqtisadiyyatının inkişafında vacib olan sənaye malları ilə təchiz edən bir ölkədir.

Yaponiya öz tərəfindən Çinə özünün sənaye mallarının satışı və vacib enerji daşıyıcıları və digər xammal növlərinin – ilk növbədə, neft və daş kömür satışının bazarı kimi baxır.

Bununla belə, uğurlu iqtisadi əməkdaşlıq fonunda 80-ci illərin ortasında ziddiyyətlər yaranırdı. Hər iki ölkə arasında yaranan ziddiyyətlər sosial fikir ayrılığına, tarixi inkişafın xüsusiliyinə və köklərinə gedib çıxırdı.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Yaponiya dərsliklərində İkinci Dünya müharibəsi tarixinin təhrif olunması faktlarına görə rəsmi etirazını bildirmişdir. Yaponiya hakimiyyətinin bir sıra üzvləri öz çıxışlarında Sakit okean regionunda müharibənin baş verməsində Yaponiyanın cavabdehliyini şübhə altına alırdı. Çin tərəfinin kəskin etirazları nəticəsində 1991-ci ildə baş nazir Takesida rəsmi şəkildə üzr istəməyə məcbur oldu. Artıq qeyd edildiyi kimi, hələ 1972-ci ildə diplomatik münasibətlərin pozulmasına baxmayaraq Yaponiya ilə Tayvan arasında yüksək səviyyədəki rəsmi münasibətlər Çində narazılıq doğururdu. 1989-cu ildə Yaponiya və Tayvan arasındakı ticarət dövriyyəsi 29,4 milyard dollar təşkil edirdi. Bu da Çin Xalq Respublikası ilə Yaponiya arasında ticarətin həcmini 23,8% keçirdi.

Çin tərəfi Yaponiya bazarının daha da genişlənməsini, bəzi məhsulların daşınmasına qoyulan məhdudiyyətlərin aradan götürülməsini tələb edirdi. Çin Yaponiyadan yüksək səviyyəli texnologiya və maşınların gətirilməsinə qoyulmuş məhdudiyyətə görə kəskin etiraz etdi, təhlükəli rəqib olaraq dünya bazarında Çinin qarşısını almaq üçün Yaponiya sənaye məhsullarının bəzi növlərinin ixracına ara verdi. Çində tədricən yaranmış ziddiyyətlərin nəticəsi kimi antiyapon əhval-ruhiyyəsi gücləndi. 1985-ci ildə Sakit okeanda müharibənin sona çatması və Yaponiya militarizminin darmadağın edilməsi münasibətilə geniş tədbirlər keçirilirdi. Çin Xalq Respublikasının böyük şəhərlərində Yaponiya əleyhinə şüarlar ilə nümayiş və mitinqlər keçirildi. 1988-ci ilin avqust ayında aparılmış ümumxalq rəyinin nəticələrinə görə 44% çinlilər Yaponiyaya qarşı inamsız olduqlarını elan etdilər.

Eyni vaxtda Yaponiyada da Çinə qarşı münasibət dəyişməyə başladı. Bir sıra mühafizəkar qruplar Pekinə qarşı daha təmkinli münasibət göstərməyi tələb edirdilər. 1989-cu ilin iyun ayında Yaponiya hökuməti Pekindəki hökumət əleyhinə olan tələbə çıxışlarının nəticəsi kimi Çinlə iqtisadi əlaqələrə bəzi məhdudiyyətlər qoyulduğunu elan etdi. Lakin Yaponiya “Yeddilik” adlanan aparıcı kapitalist dövlətlərindən daha əvvəl bütün məhdudiyyətləri aradan götürdü.

XX əsrin 80-ci illərinin sonlarında Çin öz güclənmiş iqtisadi potensialını hərbi qüdrətinin və siyasi təsirinin inkişaf etdirilməsinə yönəltdi. Çin Xalq Respublikasının rolunun və çəkisinin artması Sovet İttifaqının dağılması, “soyuq müharibə”nin sonu ilə üst-üstə düşdü. Bu hadisələr regionda gücün tətbiq olunması imkanlarını dəyişdirdi. Təbii olaraq öz ardınca ikitərəfli əlaqələrin inkişafında dəyişikliklərə gətirib çıxardı. Bu baxımdan Yaponiya-Çin münasibətləri də istisna deyildi. Baş nazirlərin bir sıra görüşlərindən sonra, 1992-ci ildə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Czyan Szemin Yaponiyada səfərdə oldu. Elə həmin ildə Çinə Yaponiyanın imperatoru Akixito səfər etdi. Pekinə səfəri zamanı imperator İkinci Dünya müharibəsi dövründə yapon ordusunun işğal zamanı Çin xalqını ağır vəziyyətə saldığına görə formal şəkildə şifahi üzr istədi. Hadisələrin belə gedişi iki ölkə arasında münasibətlərin istiləşməsinə gətirib çıxardı.

ABŞ ilə birgə hərbi ittifaqın yenilənməsinə baxmayaraq, 1997-ci ildə Yaponiya diplomatiyasının manevrləri Tokionun Vaşinqtona olan əvvəlki birtərəfli meyillənməsindən Tokionun uzaqlaşdığını göstərirdi. Çinin güclənməsini və Cənub- Şərqi Asiyada dominant gücə çevrildiyini görən Yaponiya özünün xarici siyasət doktrinasına mövcud siyasi reallıqlar əsasında yenidən baxılmasının vacibliyini başa düşdü. Tokionun Pekinə münasibətlərinin yeni gedişi, əvvəllər təyin olunmuş Moskva ilə hərtərəfli əlaqələrin yaxşılaşmasına dair kursu 1997-ci ildə Yaponiyanın baş naziri R. Hasimotonun özü ilə gətirdiyi “Avrasiya diplomatiyası”nın əsası oldu. Baş nazirin sözlərinə görə, Çin ilə qarşılıqlı əlaqələr bundan sonra “qarşılıqlı anlaşmanın dərinləşməsi, dialoqların genişlənməsi, əməkdaşlığın inkişafı və yeganə regional qaydaların formalaşdırılması” üzərində qurulacaqdır. Son illərdə Yaponiyada vəziyyət daha da kəskinləşməkdə davam edir. Üstəlik, adalar məsələsində də qarşıdurma meyilləri gündəmə gəlir. Ona görə də Yaponiya-Çin və Amerika münasibətlərində müəyyən gərginlik yaranmaqdadır. Bir tərəfdən Yaponiya ABŞ-nin strateji müttəfiqidir. Ona görə də bu ölkənin Çinə olan münasibəti və siyasəti nəhəng müttəfiqinin mövqeyi ilə təyin edilir. Digər tərəfdən, Çin rəsmi Tokio üçün nəhəng ticarət müttəfiqi və güclü qonşudur. Bu dövlət vəziyyətdən asılı olaraq həm mehriban, həm də təhlükəli qonşu ola bilər. Yaponiyada şübhə etmirlər ki, son 10-15 ildə Şərqi Asiyadakı mövcud qüvvə dəyişəcək. Söylənən fikirlərə görə, əgər Çin Xalq Respublikası ABŞ-ni ərazidən çıxartmağa müvəffəq olmasa, sadəcə bu ölkəni sıxışdırıb çıxardacaqdır.

Yaponiya “daxiletmə” siyasətinə əməl edir və özünü sadəcə ABŞ, Çin Xalq Respublikası, Yaponiya üçbucağında vasitəçi və tənzimləyici rolunda görür. Əgər Çinin iqtisadi gücü olduqca çox güclənərsə, üçbucaq iki yerə bölünəcəkmi? Bu sualın cavabını ancaq gələcək göstərəcəkdir. XXI əsrin reallıqları göstərir ki, dövlətlərarası münasibətlərdə Yaponiya-Çin əlaqələri ilə müqayisədə Yaponiya-Amerika münasibətləri daha möhkəmdir. Amerika Çinə qarşı rəqibi, Yaponiyaya münasibətdə isə müttəfiqi kimi davranır. Rusiya-Çin münasibətlərinin daha da yaxınlaşması Yaponiyanın da Amerika ilə əlaqələri inkişaf etdirməsinə ciddi təkan verir.[1]

Tayvan problemi

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Tayvan boğazında Çinin üç nüvə silahının sınaqdan keçirilməsi Yaponiya tərəfinin kəskin etirazına səbəb oldu. Nəticədə Yaponiya tərəfi Çinə etdiyi yardımı dayandırdı. Həll edilməmiş ərazi məsələləri üstündə yenə də soyuqluq əmələ gəldi. İlk növbədə Cənubi Çin dənizində neftlə zəngin Spratli adasının ərazisinin mənsubiyyətinə dair Çin və Yaponiya arasındakı mübahisə qızışdı. 1995-ci ilin may ayında dənizaltı ehtiyatların tədqiqatı ilə məşğul olan Çin tədqiqatçıları Senkako adaları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olaraq bir sıra xırda münaqişələr yaratdılar. 1996-1997-ci illərdə Yaponiya və Amerika arasında əməkdaşlığın daha da möhkəmlənməsi Çinin ciddi narazılığına səbəb oldu. 1997-ci il sentyabrın 23-də Nyu-Yorkda Amerika və Yaponiya arasında “Müdafiə sahəsində Yaponiya-Amerika əməkdaşlığının əsas istiqamətləri” haqqında ikitərəfli razılaşma imzalandı. Razılaşmada qeyd olunurdu ki, nəinki Yaponiyaya hücum zamanı, əvvəllər olduğu kimi, həmçinin “yanındakı ərazilərdə də fövqəladə hallarda” hər iki tərəf razılaşaraq hərəkət edəcəkdir. Baxmayaraq ki, bu ərazilərin coğrafi mövqeləri qeyd olunmamışdı, aydın görünürdü ki, onlar Koreya yarımadasını və Tayvanı işğal edirlər.

Beləliklə, Tayvan problemi bir daha Çin ilə “gündoğan ölkə” arasındakı qarşılıqlı münasibətlərdə dolaşaraq qaldı. 1997-ci ildə Honkonqun 1999-cu ildə Makao ilə Çin Xalq Respublikasının birləşməsindən sonra Tayvan məsələsi Çinin xarici siyasətinin prioritet məsələlərindən biri oldu. Bu məsələnin həllində Çin hər cür, hətta hərbi üsullardan da istifadə ilə olsa belə hazır olduğunu bildirmişdi.

Beləliklə, Tayvan yarımadasının yeni ABŞ-Yaponiya hərbi razılaşmasına daxil edilməsini Çin onun daxili işlərinə qarışmaq kimi qiymətləndirdi. “Əsas istiqamətlərə” yenidən baxışı, özünümüdafiə qüvvələrini gücləndirməsi, Yaponiyanın RƏM sistemini inkişaf etdirməsi Çini ayıq, ehtiyatlı olmağa çağırırdı. Yaponiya hakimiyyəti hələ 1972-ci ildə qəbul olunan Tayvana qarşı rəsmi mövqeyi təsdiq etməyə tələsirdi.[1]

  1. 1 2 3 Talıbov R. Asiya ölkələri Beynəlxalq münasibətlər sistemində. Bakı: Elm və təhsil, 2015, s. 115-122