Çoxdamarlı öküzboğan

Çoxdamarlı öküzboğan (lat. Bupleurum multinerve) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.

Çoxdamarlı öküzboğan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Bupleurum multinerve DC.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik, sadə və ya budaqlanan olub, gövdəsinin hündürlüyü 70-100 sm olançoxillik ot bitkisidir. Yarpaqları dar, ensiz, neştərvari və ya xətti, aşağı hissəsi saplaqlı, yuxarı hissəsi isə oturaq və həcmlidir. Çiçəkləri mürəkkəb çətir, sarı, sarğı yarpaqları iri olmaqla, enli neştərşəkillidir. Meyvələri tünd-qəhvəyi, sallaq meyvəli, iki merikarpdan ibarət olub, uzunluğu 3-4 mm-dir. İyun-iyul aylarında çiçəkləyir və avqustda isə meyvələri yetişir.

Özünəməxsus iyli olub, dadı müəyyən olunmamışdır.

Bozqırlı çəmənliklərdə, açıq yerlərdə, daşlı yamaclarda, meşə kənarında, enliyarpaqlı və küknar meşələrində, müxtəlifotluq və yüksəkdağlıq bozqırlarda, yüksəkdağlıq alp çəmənliklərində və dağ-tundra ərazilərində yaşayır.

Sənaye əhəmiyyətinə görə Altay, Tuva və Xakassi ərazilərində daha çoxdur. Xammalından daha çox flavonoid almaq üçün istifadə edilir. 

Bu bitki çiçəkləmə dövründə, yəni iyunun ikinci yarısından bir aya qədər toplanılır. Bitkinin yerüstü hissəsi, gövdə və kökləri kəsilərək toplanılır. Toplanılan xammal kəsilməli, nazik qatlarla sərilməli,yaxşı havası dəyişilən çardax və naveslərdə və ya 50-70ºC temperaturda quruducu şkaflarda qurudulmalıdır.

Xammalın toplanılma düzgünlüyünə riayət edilməli, beləki, toplanılan massivlərdən təkrar toplanılma 2-3 ildən bir aparılmalıdır.

Xammal havası dəyişilən quru yerlərdə, standarta uyğun qablaşdırılaraq, stelajlarda saxlanılır. Saxlama müddəti 5 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yerüstü hissəsinin tərkibində flavonoidlər (6-8%), kverçetin və izoramnetin (rutin, izoramnetin-3-rutinozid, izokverçitrin) törəmələri vardır. Bundan başqa tərkibində saponinlər, aşı maddələri, efir yağı, karotin və askorbin turşusu vardır. Altay ərazisində olan bu növdə flavonoidlərin miqdarı Avropa hissəsində olan növlərdən 2-5 dəfə çox olur.

Bitkinin dəmləməsi keyfiyyətli ödqovucu dərmandır. Bitkidən alınan «Buplerin» adlı preparatın tərkibində 90%-dən çox flavonoidlər, başlıca olaraq izoramnetin-3-rutinozid (40-55%) olur. Bu preparat kapilliyarotoksikoz, hemorragik diatez, burun qanaxmaları və damar ödemlərinin profilaktikası və müalicəsində tətbiq edilir.