Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir.
Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.
Çuxur adamın xalqı Braziliya]da yerlilərə qarşı baş vermiş soyqırım prosesi zamanı məhv edilmişdir.[6][7][8][9] Xalqının böyük hissəsi 1970-ci illərdə braziliyalı sakinlər tərəfindən, sağ qalanlar isə 1995-ci ildə mədənçilər tərəfindən öldürülmüşdür.[10] FUNAI 1996-cı ildə kəndlərinin qalıqlarını aşkar etmişdir. İzolyasiya şəraitində yaşadıqları üçün Çuxur adamın xalqının dili və adı bilinmir.[11]
Xalqının soyqırımından sonra o, təkbaşına yaşamağa başlamışdır. Tez-tez evinin yerini dəyişir, daxma tikmək üçün samandan istifadə edirdi. Təbiətdə sağ qalmaq üçün meyvə və bal toplayır, bəzən maniok və qarğıdalı əkirdi. FUNAI onun tərəfindən tikilmiş 50-dən çox daxma aşkar etmişdir.[10] Çuxur adam tərk etdiyi evlərin yanında dərin çuxur qazırdı. Bu çuxurların hansı məqsədlə qazıldığı naməlum olsa da, ehtimallara görə heyvanları tələyə salmaq və gizlənmək üçün idi.[11][12][13] Çuxurlar ensiz və 1,8 metr dərinliyində idi.[14][11] FUNAI tərəfindən 1996-cı ildə kəşf edilmiş kənddə 14 bu cür çuxur tapılmışdır.[13]
Braziliyada yerlilərinin maraqlarını müdafiə edən Milli Hindu Fondu (FUNAI) ilk dəfə 1996-cı ildə Çuxur adamın varlığından xəbər tutmuşdur.[10] 2007-ci ildə FUNAI onun yaşadığı 8.000 hektarlıq bölgəni yerli ərazi elan etmişdir.[13] FUNAI Çuxur adamı müşahidə etməyə və əraziyə müdaxilənin qarşısını almağa başlamışdır.[14] Buna baxmayaraq, 2009-cu ildə Çuxur adam silahlı bir adamın hücumuna məruz qalmış, lakin sağ qalmağı bacarmışdır.[12][15][16][17]
Çuxur adam insanlarla əlaqə qurmasa da, müşahidə edildiyinin fərqində olmuşdur. FUNAI bəzən onun üçün alətlər və toxumlar qoyurdu.
24 avqust 2022-ci ildə FUNAI agenti tərəfindən Çuxur adamın ölü bədəni tapılmışdır.[10] Onun iyul ayında öldüyü və ölərkən təxminən 60 yaşında olduğu aşkarlanmışdır.[10] Yerlilər üzrə mütəxəssis Marselo dos Santos onun yaşadığı yerdə dəfn olunmalı olduğunu bildirmişdir.[10]