Özbək mətbəxi – Şərq ölkələrinin mətbəxi arasında öz rəngarəngliyi ilə seçilir. Bəzi reseptlər çoxəsrlik tarixə malikdir, onların hazırlanması isə dövrümüzə qədər gəlib çatmış mərasimlərlə müşayiət olunur. Ölkənin şimalında plov, qızardılmış ət və xəmir məmulatlarına üstünlük verirlərsə, cənubunda düyü və tərəvəzdən müxtəlif çeşiddə olan xörəklər hazırlayırlar. Çörək özbəklər üçün müqəddəs sayılır. Onlar kökəni təndirdə bişirirlər. Kökələrin isə "obi-non" "patır", "şirma", "loçire", "çevat", "katlama" kimi növləri var. Hətta, böyük alim İbn Sina bir çox xəstəlikləri müalicə etməkdə özbək çörəyini yeməyi də məsləhət görürdü. Plov Özbəkistanın ən ləziz xörəyidir. Onu kişilər hazırlayır. Özbək mətbəxində şorbalar da özünəməxsus yer tutur. Bundan əlavə, Özbəkistan öz meyvələri, yemişi və qarpızı ilə tanınır. İçkilərə gəlincə, onlar çaya çox önəm verir və onu adətən təmiz halda içməyi xoşlayırlar. Lakin səhra rayonlarında çaya süd də qatılır. Çaydan başqa ayran, kompot və şərbət də özbəklərin sevimli içkiləri sırasındadır.