Üçüncü İngilis-Birma müharibəsi - 1885–1887-ci illərdə kral Tibonun hakimiyyəti dövründə baş vermiş və Birmanın müstəqilliyini itirməsi ilə nəticələnən növbəti ingilis-birma müharibəsi.[1]
İki İngilis-Birma müharibəsindən sonra Britaniyanın Birmadakı təsir dairəsi genişləndi. Bu da öz növbəsində ölkənin iqtisadi və dövlət müstəqilliyinin tam itirilməsi təhdidi doğurdu. Ölkənin böyük hissəsini işğal edən Britaniyaya qarşı mübarizə aparmağa çalışan kral Tibo Fransa ilə Laosdan Mandalaya qədər dəmir yolu xəttinin çəkilməsinə və İravadidə hərbi donanma yaradılmasına dair müqavilə imzaladı. İngilislər fransızların Birmaya nüfuz etməsini önləmək məqsədilə bu ölkəni tam olaraq öz müstəmləkəsinə çevrimək qərarına gəldilər. Britaniyanın Birmadakı ali komissarı Birma hökumətinin ölkə suverenliyini Britaniyaya güzəştə getməyə razı olmamasına görə ultimatium verdi. Bu da öz növbəsində üçüncü İngilis-Birma müharibəsinin başlanması ilə nəticələndi.[1]
Müasir silahlarla silahlanmış ingilis qoşunlarından fərqli olaraq Birma qoşunları pis təşkil olunmuş, ox və nizə ilə silahlanmışdı. Hərbi üstünlüyündən faydalanan ingilislər 1885-ci ildə Birmanın mərkəzi Mandalaya çay boyu yürüş edərək asanlıqla paytaxtı zəbt etdilər. Paytaxt demmək olar ki, müqavimətsiz tutuldu. İngilislər general-leytenant Prederqastın komandanlığı altında Ranqunda toplaşmışdı. 11.000 nəfərdən ibarət ordu 3 briqada korpusundan təşkil olunmuşdu.
17 noyabrda ingilis donanması Minla məntəqəsini ələ keçirdi. İravadi istiqamətində irəliləyən donanma demək olar ki, Minqiarı müqavimətsiz ələ keçirdi. Bundan sonra Birma kralı Tibo mübarizəni davam etdirməyin əbəs olduğunu görüb 1 dekabrda təslim oldu.[1]
Sonuncu Birma kralı Tibo və kraliçası Supaylat Ramqundan Hindistanın içərilərinə göndərildi və ömürlərinin sonlarına qədər orada ömür sürdülər. Birtaniya hökumətinin Birmadakı general-qubernatorunun iqamətgahı Ranquna köçürüldü. Paytaxt Mandalay Britaniya qoşunları tərəfindən işğal edildi və general Prenderqast 4 dekabrda krallığın idarəçiliyinə başladı. Birmanın dövlət müstəqilliyi 1886-cı il 1 yanvar tarixində Hindistan vitse-kralının manifesti ilə qəti şəkildə ləğv edildi. Birma Britaniya imperiyasının bir hissəsinə çevrildi.[1] Qələbəyə baxmayaraq İngiltərə xalqın müqavimətinə görə Birmada tam nəzarəti 1887-ci ilə qədər tam ələ ala bilmədi. 1887-ci ildə Birmada 40.000 hərbi qüvvə yerləşdirildi və yalnız 1890-cı ildə isə ingilis qoşunları xalq müqavimətinin əsas mərkəzlərini tam şəkildə darmadağın etməyə nail oldular.[1]