Birinci İngiltərə-Birma müharibəsi (1824-1826) - Ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, habelə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenasserim Birmadan alınması ilə nəticələn müharibə; Bu müharibə Birma dövlətinə zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu və qarətkar müqavilə ilə başa çatdı.[1]
Birinci İngilis-Birma müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix |
5 Mart 1824 - 24 Fevral 1826 (1 il, 11 ay və 19 gün) |
||
Yeri | Burma , Şərqi Bengal , Assam , Manipur , Cachar və Jaintia | ||
Nəticəsi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Birmada ingilislərin təcavüzkarlığı daha da gücləndi. İngilis hökumət orqanları Birmaya qonşu olan hind feodal knyazlıqları ilə Birma əleyhinə "müdafiə və hücum sazişləri" bağlayaraq, onları silahla təchiz edir, Birmaya qarşı basqın etməyə qaldırırdılar. İngilislər eyni zamanda Birmaya əsarətli sazişlər qəbul etdirmək yolu ilə burada öz mövqelərini möhkəmlətmək istəyirdilər. Lakin Birma hökumətinin göstərdiyi müqavimət nəticəsində, Birmaya göndərilən bütün diplomatik nümayəndəliklərin səyləri uğursuzluqla nəticələndi və ingilis təxribatları baş tutmadı.
XIX əsrin 20-ci illərinin əvvəllərində İngiltərənin daimi müttəfiqi ABŞ Birmaya soxulmağa səy edirdi. Amerika hökuməti dini baptist cəmiyyətinin missionerləri vasitəsilə Birma kralından müxtəlif güzəştlər, o cümlədən öz tacirləri üçün müxtəlif imtiyazları almaq, Birmada amerikalıların yaşaması üçün orada torpaq satın almaq hüququ və bu kimi güzəştlər əldə etməyə çalışırdı. Bir sıra cəhdlərə baxmayaraq Birma hökumətinə qeyri-bərabər saziş qəbul etdirmək mümkün olmadı. Milli qüvvələr haqlı olaraq xariciləri ölkəyə buraxmadılar. Nəhayət ki, ABŞ-nin təcavüz cəhdləri ingilis burjuaziyasının Birmaya qarşı işğalçılıq müharibəsinə başlamaq niyyətinə təkan verdi. Bu zaman İngiltərə üçün əlverişli vəziyyət yaranmışdı. İngilislərin bütün qüvvələrinin Hindistanı əsarət altına almağa yönəltməsi nəticəsində, XIX əsrin 20-ci illərinə yaxın Hindistan əsasən istila edilmişdi. Hindistanda olan ingilis hökumət orqanları növbəti sərhəd münaqişəsi salaraq 1824-cü ilin martında Birmaya müharibə elan etdilər. Həm də ingilislər Birmaya qarşı bu xaincəsinə hücumu özlərinin müstəmləkəsi olan Hindistan torpaqlarını guya Birmanın təcavüzündən müdafiə etmək kimi qələmə verirdilər.[1]
Ost-Hind kompaniyası tərəfindən aparılan birinci ingilis-Birma müharibəsi Hindistanın maddi və insan ehtiyat qüvvələri hesabına aparılırdı. Ost-Hind kompaniyası ordusunun böyük bir hissəsini muzdlu hind əsgərləri olan sipahilər təşkil edirdi ki, onların sayı 200 mindən çox idi. İngilis-hind ordusunun hissələri birmalıların şiddətli müqavimətini qıraraq tədricən ölkənin cənubundakı sahil rayonlarını işğal etdilər. 1825-ci ilin əvvəllərində isə Birmanın şimal-şərq rayonları işğal edildi. Bu rayonlar İngiltərənin Hindistandakı müstəmləkə torpaqları ilə həmsərhəd olduğuna görə ingilislər işğal prosesində o qədər də çətinlik çəkmədilər. ABŞ və İngiltərənin hərbi koalisiya qüvvələri tərəfindən Birmanın işğalı ərəfəsində dövlətin ordu quruculuğu olduqca ləng aparılırdı. Bu onunla əlaqədar idi ki, Avropa dövlətləri, o cümlədən qonşu dövlətlər Birmanın hərbi-iqtisadi cəhətdən güclənməsini istəmirdilər və buna ciddi maneələr törədilirdi. Birma qoşunlarının yalnız yarısı odlu silahla, qalanı isə nizə və qılıncla silahlanmışdı. Buna baxmayaraq Birma əsgərləri öz vətənini qəhrəmanlıqla müdafiə edərək düşmənə qarşı inamla vuruşurdular.
Beləliklə, Birma ərazisinə soxulan ingilis işğalçıları yalnız Birma ordusunun deyil, həmçinin öz istiqlaliyyətini müdafiə etməyə qalxmış olan bütün xalqın müqavimətinə rast gəldilər. Bu müharibə ingilislərlə Birma xalqının müharibəsi xarakterini aldı. Düşmən yaxınlaşdıqca əhali öz yaşayış yerlərini tərk edərək digər rayonlara qaçır və ya cəngəlliklərdə gizlənirdi. Qaçan əhali əvvəlcədən bütün ərzağı, nəqliyyat vasitələrini və işğalçıların azacıq da olsa istifadə edə biləcəyi hər şeyi məhv edirdi. Onlar ingilislərin yükdaşıyan arabalarına hücum edir, düşmən qoşunlarının ayrı-ayrı hissələri arasında rabitəni kəsirdilər. Bu müharibəyə bütün xalq qoşulmuşdu. Hamı əsgər, hamı döyüşçü, hamı partizan, hamı fədakar vətənpərvər idi. Beləliklə, bu xalq müharibəsi ingilis müstəmləkəçilərinin tez və tam qələbə əldə etmək ümidlərini puça çıxardı. Ərzağın çatışmaması və əlverişli iqlim şəraitinin olmaması Britaniya qoşunlarında yoluxucu xəstəliklərin geniş yayılmasına və bunun nəticəsində kütləvi tələfatlara səbəb oldu. Bütün bu xüsusiyyətlərə baxmayaraq ingilis işğalçıları çox böyük qurbanlar bahasına müvəffəqiyyət qazanmalı olurdular. Ost-Hind kompaniyasının qüvvələrinin Birmaya qarşı müharibəni yarımçıq dayandırmasının ən başlıca səbəb xalq müqavimət hərəkatı idi. Bundan başqa, birmalılara qarşı ədalətsiz müharibəyə yabançı olan hind hərbi hissələri içərisində ingilis komandanlığına tabe olmamaq halları da artıq baş verirdi. Məhz bu hal müharibənin müvəffəqiyyətlə qurtara biləcəyinə ingilis komandanlığında böyük şübhə oyadır və onları narahat edirdi. Odur ki, qismən hərbi uğurlarla kifayətlənən ingilislər belə şəraitdə müharibənin davamını əhəmiyyətsiz bilib 1826-cı ilin fevralında paytaxt Avanın yaxınlığında olan İandabo qəsəbəsində sülh müqaviləsi imzaladı.[1]
İandabo müqaviləsinə görə ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, habelə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenasserim Birmadan alındı. Birma 1 milyon funt sterlinq məbləğində təzminat verməli oldu. Bu müqavilə, Birma dövlətinə zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu və qarətkar müqavilə idi. Beləliklə 1824-1826-cı illəri əhatə edən 1-ci Birma-İngiltərə müharibəsi nəticəsində Birma İngiltərənin xeyrinə bir sıra güzəştlərə getməyə məcbur oldu. Birma, bu müharibədə geri çəkilsə də ingilislər bununla kifayətlənmədi.[1]