Üstünlük hüququ (ing. Pre-emption right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya.
Üstünlük hüququ səhmdarlara öz mövcud paylarına mütənasib olaraq yeni buraxılmış səhmləri birinci növbədə əldə etməyə imkan verən hüquqdur[1]. Səhmdarlar yeni emissiya olunmuş səhmləri almaq hüququna malikdirlər, lakin onları almaq məcburiyyətində deyillər. Səhmdar bu hüquqdan istifadə etməməyi qərar verərsə, həmin səhmlər açıq bazarda satıla bilər[2].
Böyük Britaniya şirkətlərində səhmdarların üstünlük hüququ 2006-cı il tarixli Şirkətlər haqqında Qanunla tənzimlənir. Qanunun 561(1)-ci maddəsinə əsasən, şirkətin səhmlərinin hər hansı başqa şəxslərə təklif edilməsinə qədər aşağıdakı qaydalara riayət edilməlidir:
1. Səhmlər şirkətin hər bir səhmdarına eyni və ya oxşar şərtlərlə təklif edilməlidir.
2. Səhmdarın təklifi qəbul etməsi üçün ağlabatan müddət müəyyən edilməlidir.
Qanunun 562(5)-ci maddəsinə görə, səhmdara təklifin qəbul edilməsi üçün verilən müddət 14 gündən az olmamalıdır. Bu da şirkətlərə yeni səhmdarların daxil olmasının qarşısını almağa imkan verir.