İş vaxtı

Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir.

İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir:

1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Gündəlik normal iş vaxtı müddətinin 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddətinin 40 saatdan artıq müəyyən edilməsinin qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə yönəlib. Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ-hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bununla əlaqədar Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsində bildirilir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I və II qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Bu kateqoriyalı işçilər üçün iş vaxtının qısaldılmasında tətbiq edilən güzəştlər, ən minimum güzəştlər hesab edilir. Digər müvafiq normativ-hüquqi aktlarla, habelə kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə iş vaxtı işçinin xeyrinə daha da yüngülləşdirilərək, qısaldılmış iş vaxtı tətbiq edilə bilər.

Əmək məcəlləsinin 92-ci maddəsinə əsasən əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də iş vaxtının qısaldılmış müddəti nəzərdə tutulur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, yuxarıda göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtiilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

İş vaxtının qısaldılmış müddətlərinin hüquqi əsaslarının mövcud olması ilə yanaşı, qanunvericilik eyni zamanda müəyyən kateqoriya işçilər üçün natamam iş vaxtının da müəyyən etmişdir (Əmək Məcəlləsi maddə 94). Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

İş vaxtı rejiminin müəyyən qaydalarına uyğun olaraq istehsal zərurəti nəzərə alınmaqla növbəli iş rejimi tətbiq edilə bilər. İşin gündüz və ya gecə növbəsindən asılı olmayaraq, gündəlik işin (növbənin) müddəti 12 saatdan artıq ola bilməz.

Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Hamilə və üç yaşınadək uşağı olan qadınlara və yaşı 18-dən az olan işçilərə gecə növbəsində işləmək qadağandır. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial Ekspert Komissiyaları vasitəsilə) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

İşçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla yol verilir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

-dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işləringörülməsinə;

-su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etməküçün;

-başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

-işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

-əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.