Əmək müqaviləsi

Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır.

Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə:

  1. əmək fəaliyyəti;
  2. gəlirlər (o cümlədən əməkhaqqı);
  3. müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında);
  4. məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası;
  5. istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi;
  6. ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri;
  7. müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi.

Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir.

Əmək münasibətlərinin tərəfləri

[redaktə | mənbəni redaktə et]

Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.

İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.

İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Əmək müqaviləsi — işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək müqaviləsi bildirişi

[redaktə | mənbəni redaktə et]

Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir.[1]

Əmək müqaviləsinə xitam verilməsi qaydası

[redaktə | mənbəni redaktə et]

Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır:

  • tərəflərdən birinin təşəbbüsü;
  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;
  • tərəflərin iradəsindən asılı olmayan hallar;
  • tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

  • müəssisə ləğv edildikdə;
  • işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
  • peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
  • işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
  • sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
  • dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
  1. "Əmək münasibətlərinə xitam verilməsi barədə bildiriş". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.