İşutin dərnəyi

İşutin dərnəyi — ziyalı qruplarının sui-qəsdi vasitəsilə kəndli inqilabı hazırlamağı qarşıya məqsəd qoymuş gizli inqilabi təşkilat; 1863-cü ilin sentyabrında N.A.İşutin yaratmışdı. Görkəmli nümayəndələri N.A.İşutin, P.D.Yermolov, D.V.Karakozov və başqaları idi. Dərnəyin üzvləri 1864-cü ilin dekabrında Y.Dombrovskinin həbsxanadan qaçırılmasında iştirak etmişdilər. İşutinçilər utopik sosializmi təbliğ edir, xalqa yaxınlaşmağa çalışırdılar (pulsuz məktəb və s.). Sonralar İşutin dərnəyində sui-qəsdçilik, terrorçuluq meylləri daha da güclənmişdi. 1865-1866-cı illərdə işutinçilər N.Q.Çernışevskini katorqadan qaçırmağa cəhd göstərmişdilər. Karakozovun çar II Aleksandra müvəffəqiyyətsiz sui-qəsdindən (4 aprel 1866) sonra təşkilatın üzvlərinin xeyli hissəsi cəzalandırıldı.[1]

  1. Ишутин дәрнәји // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 42.