II Aleksandr (rus. Алекса́ндр II Никола́евич;17 (29) aprel 1818[1], Kiçik Nikolayev sarayı[d][2] – 1 (13) mart 1881[2], Qış sarayı[2]) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru.
II Aleksandr | |
---|---|
rus. Александр II Николаевич | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 (29) aprel 1818[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 (13) mart 1881[2] (62 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qanaxma |
Dəfn yeri | |
Atası | I Nikolay[1] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | General-feldmarşal (Rusiya) |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
II Aleksandr 1855-ci ildə atası I Nikolayın ölümünün ardından taxta çıxmış və 1881-ci ildə sui-qəsdlə öldürüləcəyi günə qədər hakimiyyətdə qalmışdır. II Aleksandr Rusiya imperiyasının XII İmperatoru olmaqla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarında daşıyırdı.
Yenilikçi fikirlərə sahib olan Aleksandr bir necə mühüm islahatın və iqtisadi inkişafın əsas səbəbkarı hesab olunur. 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Kəndlilərə torpaq sahələrinin ayrılması, onların hüquqlarının qorunması sahəsində əməli işlərin görülməsi nəticəsində əhali tərəfindən II Aleksandr Xilasedici Aleksandr (rus. Алекса́ндр Освободи́тель) olaraq adlandırıldı. Aleksandr tərəfindən inzibati-məhkəmə sisteminin yenidən təşkil edilməsi, ölüm hökmünün ləğv edilməsi, hər təbəqədən olan şəxslərin orduya cəlb edilməsi və dini-etnik icmaların üzərində təziqin adılması kimi mühüm reformlar keçirildi. Keçirdiyi reformlarla liberal imperator imiçini formalaşdıran II Aleksandr monarxiyanın mütləqiyyətinə də inanırdı. O, tam demokratik sistemə keçidin tez olduğunu düşünürdü.
Reformlarla baxmayaraq monarxiyaya qarşı olan şəxslərin təqib edilməsi davam etdi. Xalq arasında Üçüncü bölmə olaraq adlandırılan gizli polis təşkilatı fəaliyyətini davam etdirdi. Bundan əlavə müxtəlif məsələlərdə günahlandırılan şəxslərin Sibir kimi imperiyanın ucqar bölgələrinə sürgünə göndərilməsidə davam edirdi. Aleksandr təkcə daxili yox eyni zamanda xarici siyasət sahəsində də fəaliyyət göstərməyə maraqlı idi. 1867-ci ildə onun razılığı ilə imperiyanın ən ucqar bölümü olan Alyaska dönəminin Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Uilyam Sivardla aparılan danışıqların ardından ABŞ-yə satıldı. Alyaskanın satın alınması olaraq tarixə keçən müqavilə də Alyaskanın əvəzində ABŞ-nin Rusiya imperiyasına 7.2 milyon dollar ödəməli olduğu göstərilirdi. II Alekandrın Alyaskanı satmaqda maraqlı olması ərazinin mərkəzdən çox uzaqda yerləşməsi və eyni zamanda ərazinin hər an Britaniya imperiyasının əlinə keçə bilmə ehtimalının olması idi.
II Aleksandrın hakimiyyət dövrü Rusiya imperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə əlamətdardır. 1858–1860-cı illərdə Çindən Primorski Krayın alınması, 1860-cı ildə imperiyanın Uzaq Şərqdə əsas idarə mərkəzi olan Vladivostok şəhərinin salınması, elə həmin il Qafqazın tamamilə ələ keçirilməsi və 1870-ci illərdə Orta Asiyanın (Xivə, Buxara, Türküstan) fəth edilməsi Rusiya imperiyasının daha da güclənməsi ilə nəticələnmişdir. II Aleksandrın dövrünə qədər 960 km olan dəmiryolu xəttləri onun ölümündən sonra 22.525 km çatdırılmışdı.
II Aleksandr 1881-ci ilin 13 mart tarixində Sankt-Peterburq şəhərində ona qarşı hazırlanan sui-qəst nəticəsində ağır yaralanmış və bir necə gün sonra sarayda vəfat etmişdir.
II Aleksandr 1818-ci ilin 29 aprel tarixində Moskva şəhərində yerləşən Kreml sarayında anadan olmuşdur. Atası İmperator I Nikolay, anası isə Prusiya krallığının kralı III Fredrixin qızı olan Aleksandra Feodorovna idi. Uşaq yaşlarından zehni və qavraması ilə fərqlənən kiçik Aleksandr sarayda istedadlı uşaq kimi tanınırdı. İmperiyanın ciddi reformlara ehtiyacı olduğu bir dönəmdə yetişdirilən gənc Aleksandrın qarşısında I Pyotr zamanında əldə edilən rifahı təmin etmək kimi mühüm məsələlər dayanırdı. Aleksandr I Nikolayın böyük oğlu kimi Sankt-Peterburq şəhərinin elmi-intellektual cəmiyyətlərində təmsil olunmağa başlayır. Burada müxtəlif siyasi, ictimai və elmi cərəyanlarla tanış olur və dönəmin tanınmış şəxsləri ilə fikir mübadiləsi aparır.
Taxtın əsas varisi kimi Aleksandrın təhsilinə önəm veriliridi. Onun təhsili və dünyagörüşünün formalaşması ilə tanınmış rus şairi, tərcüməçi və ədəbi tənqidçi Vasili Jukovski məşğul olurdu. Aleksandra dünyavi elmlərlə yanaşı, Avropada danışılan bir necə əsas dildən də dərslər keçirilirdi. Aleksandrı maraqlandıran əsas elm sahələrindən biridə tarix idi. Müəllimləri tarixə həvəsli olduğunu, lakin Krım müharibəsi zamanı imperiyanın məğlub olması səbəbindən zamanla bu fənnə marağının azaldığını qeyd edirlər. Taxta çıxana qədər, Aleksandr 6 ay müddətində Rusiya imperiyasının 20 müxtəlif bölgəsinə səfər etdi və burada olan yerli vəziyyətlə tanış oldu. Aleksandr imperiyanın bölgələri ilə yanaşı bir sıra Qərbi Avropa ölkələrinə də səfərlər etmişdi. Şahzadə kimi Sibir bölgəsinə səfər edən ilk Romanovlar sülaləsinin nümayəndəsi olmuşdur.
Aleksandr atası I Nikolayın ölümünün ardından II Aleksandr adı ilə 1855-ci ildə taxta çıxdı. II Alensandrın hakimyyətinin ilk illəri Krım müharibəsinin sonlarına təsadüf edirdi. Üç il davam edən ağır müharibənin ardından müharibə müttəfiq dövlətlərin qələbəsi başa çatmışdı. II Aleksandr sülh danışıqlarını dönəminin tanınmış diplomatı və ictimai xadimi olan Aleksandr Qorçakovun nəzarəti altında aparırdı. Aparılan danışıqlar 1856-cı ildə Paris şəhərində sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Paris sülh müqaviləsinə əsasən Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiya imperiyasının sahil istehkamları sökülür, Rusiya imperiyası və Osmanlı İmperiyasına Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi.
Krım müharibəsi imperiyanı geri salmışdı. Müharibə nəticəsində imzalanan müqavilə xalq tərəfindən təhqir edici olaraq qəbul edilirdi. Rüşvətxorluq, Korrupsiya və cinayətkarlıq halları dönəminin zirvə nöqtəsinə çatmaqda idi. Ölkə də formalaşan ümumi ictimai fikir radikal reformların keçirilməsi, torpaq sahəsində ciddi islahatların aparılması, inzibati-məhkəmə sisteminin yeniləşdirilməsi və ölkənin təbii qaynaqlarından yetərincə istifadə edilməsi yönümündə idi. Müharibənin gətirdiyi psixoloji təziq olaraq insanların hakimiyyətdən və yeni imperatordan gozləntiləri durmadan artırdı. II Aleksandr imperiyanın maliyyə durumunu yaxşılaşdırmaq üçün imperiyanın ən ucqar bölümü olan Alyaskanı satmaq barədə düşünürdü. Ərazidə 1799-cu ildə Rus Amerikası adlı imperiyaya bağlı müstəmləkə təsis edilmişdi.
Ərazinin paytaxdan minlərcə km uzaqda yerləşməsi, imperiyada yaşanan maliyyə sıxıntısı kimi səbəblər Alyaskanın qısa zamanda satılmasını şərtləndirirdi. Bu səbəblərlə yanaşı Britaniya imperiyasının o dönəmki, müstəmləkəsi olan Kanadanın Alyaska ilə uzun sərhəddinin olması və Sitka şəhərində saxlanılan 3.000 nəfərlik hərbi qarnizonun ağır xərcləri II Aleksandrın 1867-ci ildə bu sahədə qətiyyəli adım atmağa vadar etdi. 1867-ci ildə Amerika Birləşmiş Ştatların Xarici İşlər Naziri olan Uilyam Sivardla imzalanan Alyaskanın satın alınması ilə bağlı müqaviləyə əsasən ərazi 7.2 milyon dollar qarşılığında (günümzdə 200 milyon dollara yaxın) ABŞ-yə satıldı.
Aleksandr hakimiyyətə gəldiyi 1855-ci ildən etibarən liberal yönümlü imperator kimi tanınırdı. Xalq Aleksandrın liberal düşüncə tərzi səbəbindən 3 dəfə sui-qəstlə qarşılaşdığına inanırdı. İmperator II Aleksandr 1866, 1879 və 1880-ci illər olmaqla üç dəfə sui-qəsd cəhdi ilə qarşılaşmışdı. Bu cəhdlərdən xilas olmağı bacaran, imperator növbəti belə bir cəhd zamanı həlak olur. Özlərini Narodnaya Volya olaraq adlandıran radikal-sol ekstrimist təşkilatının üzvləri tərəfindən 1881-ci ilin 13 mart tarixində Aleksandrın kortejinə əl bombası atılır və nəticədə o ağır yaralanır və daha sonra müalicə aldığı sarayda vəfat edir.[7]
Krım müharibəsinin başa çatmasının ardından Rusiya İmperiyasında iqtisadi baxımdan dirçəlməsi üçün yeni imkanlar yaranmışdı. Yeni yaradılan özəl müəssisələr müxtəlif adlarda məhsul istehsal edərək bazara çıxarmağa başlayırdılar. II Aleksandr imperiyanı başdan-başa əhatə edəcək bir dəmiryol xəttini yaratmaq, imperiyanın müdafiə gücünü artırmaq və təbii ehtiyatlardan lazımi şəkildə istifadə etmək kimi məsələləri hədəfləmişdi.
İqtisadi yöndən inkişaf etmək üçün qarşıda duran əsas əngəl təhkimçilik hüququnun hələ də ləğv edilməməsi idi. Kəndlilər illərlə ağalarına məxsus torpaq sahələrində çalışmalı və onlara xidmət etməklə mükələf idilər. İmperiyanın hüdudları daxilində olan Litvada Polyak torpaq sahiblərinə qarşı ilk reformlar keçirildi. İlk dəfə olaraq Kəndlilərin vəziyətinin yaxşılaşdırılması üçün komitələr təsis edildi. Bu addımın nələrə səbəb olacağını imperiya nümayəndələri müəyyənləşdirməkdə cətinlik çəkirdilər. Xalq təhkimçilik ilə bağlı islahatların aparılmasını kifayət hesab etmirdi. İnsanlar demokratik, sosial və siyasi yönümdə də islahatların aparılmasını tələb edirdilər.
Təhkimçiliklə bağlı qəbul ediləcək iki növ qərar təqdim edildi. Bunlardan birincisi kəndlilərin, öz torpaq sahiblərindən aslı olaraq qalmaları davam edirdi, bunun əvzində isə onlara müəyyən iqtisadi azadlıqlar verilirdi. Digər qərar isə kəndlilərin mülk sahiblərinin qarşısında olan aslılığı tamamilə aradan qaldırmağı və onlara tam azad kəndli statusu verilməsini planlamışdı. II Aleksandr ikinci seçimin üzərində dayandı və beləliklə Rusiya imperiyası hüdudlarında yaşayan kəndlilər, Avropada azad edilən sonuncu kəndlilər oldular. Kəndli islahatları ilə bağlı bürokratik işlərin görülməsi ilə imperatorun kiçik qardaşı Konstantin Nikolayeviç və dönəminin böyük islahatçısı Nikolay Milyutin məşğul olurdu. 1861-ci ilin 3 mart tarixində Kəndli islahatları ilə bağlı əsasnamə nəşr edildi.
Krım müharibəsində əldə edilən ağır məğlubiyyətin ardından, II Aleksandr hərbi sahədə islahatların keçirilməsi üçün Rusiya İmperiyasının Hərbi Məsələlər üzrə Nazirliyinə Nikolay Milyutini təyin etdi. 1874-cü ilin 1 yanvar tarixində qəbul edilən qərarla Bütün sosial təbəqələrdən olan insanlar üçün məcburi əsgərlik sistemi yaradıldı. Bununla da yuxarı təbəqədən olan gənclərin orduya xidmətə getməkdən başa çarələri qalmırdı. Hərbi xidmətin sosial təbəqələr üçün məcburiləşdirilməsi mərhələli şəkildə həyata keçirilirdi. Belə ki, 1861-ci ildə qəbul edilən ilkin qərarla sadəcə kəndlilərin məcburi hərbi xidmət keçmələri tələb olunurdu, bundan 10 il sonra verilən fərmana əsasən isə qərar bütün sosial sinifləri əhatə etməli idi. Məcburi hərbi xidmət buna qədər də kəndlilər üçün nəzərdə tutulmuşdu. Sadəcə kəndlilərin hərbi xidmət məsələsini imperiya yox torpaq sahiblərinin özləri təyin edirdilər. Bəzi kəndlilərin 25 il müddətinə hərbi xidmətə göndərilməsi və buna bənzər digər ədalətsiz proseslərin olması imperiyanın hərbi sahədə islahatlar keçirməsini zəruri edirdi.
Digər bir hərbi islahat isə hərbi inzibati sistemin yaradılması ilə əlaqədər idi. Rusiya imperiyası mərkəzdən idarə olunmaqla 15 hərbi-inzibati bölgəyə bölünürdü. Özünü doğruldan bu sistem qüvvəyə mindikdən yüz il sonra belə istifadə edilmişdir. Strateji əhəmiyyətli dəmiryolu xəttlərinin çəkilməsi və onların təhlükəsizliyinin qorunması ilə bağlı işlər görüldü. Hərbi sahədə aparılan reformların əhəmiyyətli bir hissəsini əsgər və zabit heyətinin yetişdirilməsi təşkil edirdi. Onların hərbi təhsil almaları üçün, imperiyanın dörd bir tərəfində hərbi şəhərçiklər salınmaqda idi. II Aleksandr əsgərlərə qarşı zorakılıq hallarının azadlılması üçün onlara qarşı tətbiq edilə biləcək bədən cəzalarını qadağan etdi. İlk dəfə olaraq imperator II Aleksandrın zamanında imperiya əsgərlərinin səbəbsiz yerə cəzalandırlması və fiziki işgəncəyə məruz qalması qadağan edilirdi.
Hərb sahəsində kütləvi islahatların aparılmasın əsas səbəbi Krım müharibəsində əldə edilən məğlubiyyət olmuşdur. İmperiya və xalq dövlətin müharibədə məğlub olma səbəblərindən biri kimi ordunun tam hazırlıqlı olmamasında görürdü.
1864-cü ildə Fransa məhkəmə sistemi əsasında hazırlanan yeni məhkəmə islahatı keçirildi. Yeni cəza qanunları, mədəni hüquq və digər qanunlar sadələşdirilmiş formada tərtib edildi. Məhkəmə islahatlının keçirilməsi ilə imperiya məhkəmlərində olan korrupsiya və bürokratiya kimi problemlərin aradan qaldırılması arzulanırdı. Məhkəmlərdə jürilərin əyləşməsinə qərar verildi. Eyni zamanda daha kiçik cinayətlərin araşdırılması ilə məşğul olan yerli-lokal məhkəmələr yaradıldı.
İnzibati baxımdan keçirilən islahatlar isə yerli özünü idarə etmə orqanı olan zemstvoların yaradılması ilə nəticələndi. 1864-cü ildə zemstvo təşkilatları kənd bölgələrində, 1870-ci ildən etibarən isə şəhərlərdə yaradıldı.
Hakimiyyətinin ilk illərində, 1856-cı ildə II Aleksandr imperiyanın tabeliyində olan xalqların nümayəndələri ilə görüş keçirmişdir. Polyak ziyalılar, Qərbi Ukrayna, Latviya, Litva və Belarus nümayəndə heyəti ilə keçirilən görüşdə, Aleksandr tərəfindən səsləndirilən bir ifadə geniş rezonans yaratmışdır. Aleksandr Cənablar, qətiyyən xəyallara qapılmayın deməklə imperiyanın daxilində yaşayan hər hansısa bir topluma müstəqillik verməyəcəyini açıq formada ifadə edirdi. Müstəqillik ideyalarını daha çox polyaklar təbliğ edirdi. Öz dövlətlərini sülh yolu ilə müstəqil edə bilməyəcəyini anlayan polyaklar, 1863-cü ildə tarixə Polşa üsyanı olaraq keçəcək hərəkatı başlatdılar. Üsyançıların məqsədləri sadə idi — Polşanı Rusiya imperiyasının istilasından azad etmək. 18 ay davam edən qanlı döyüşlərin ardından imperiya qiyamçıların üzərində qələbə qazanır və Polşaya əvvəlkindən daha ciddi nəzarət tətbiq edilir.
Polşa üsyanını təşkil etməkdə günahlandırılan yüzlərlə polyak hərbçisi edam edildi və edam edilənlərin 10 qatı adam Sibirə sürgünə göndərildi. II Aleksandr Rusiya imperiyasının tərkibində yaşayan xalqların maraqlarının qorunmasınını tərəfdarı idi. Həmin xalqlar öz adət-ənənələrini yaşatmaq, təbliğ etmək və öz milli mədəniyyətləri cərcivəsində fəaliyyət göstərə bilərdilər. Lakin hər hansısa bir xalqın imperiyanın tərkibindən ayırlıb öz dövlətini qurmaq iddiasına II Aleksandr ən amansız şəkildə cavab verirdi. Polşa üsyanının yatırılmasında Prusiyanın Rusiya imperiyasına göstərdiyi dəstək, imperiyanın Şlezviq-Holşteyn məsələsində bitərəf mövqe sərgiləməsinə səbəb olmuşdur.
Baş verən olaylardan sonra Aleksandr Polşa və Litva ərazilərindən başqa bütün imperiyada liberal dəyişikliklərin keçirilməsi göstərişini vermişdi. Bu iki ərazi imperiyaya sədaqətsizlik nümayiş etdirdiklərindən onların cəzalandırılması və müəyyən iqtisadi sanskiyalara məruz qoyulmaları nəzərdə tutulurdu. Litva ərazisində 1863-cü ildə ciddi rejim mühitinin yaradılmasına qərar verildi. Litvada belə fövqalədə vəziyyət 40 il davam etdirildi. Litvaca, ukraynca və belarusca nəşr edilən bütün qəzet-jurnalların fəaliyyətinə qadağa qoyuldu. Bu dillərdə mövcud olan nəşriyyatların belə qapadılması göstərişi verilmişdi. Polyak dili bütün imperiya boyu qadağan edildi. Bu dilin istifadəsinə sadəcə şəxsi söhbətlər və məişət səviyyəsində istifadə edilməsinə icazə verilirdi. Polşa konqresi başda olmaqla dilin rəsmi istifadəsi bütün ölkədə qadağan olunmuşdu.
1863-cü ildə II Aleksandr imperiyanın müstəmləkələrindən biri olan Finlandiya knyazlığını inkişaf etdirilməsi planını işə salır. Finlandiyada əhalinin sosial rifahını yaxşılaşdırılması üçün bir necə ciddi reformlar keçirilir. Markka olaraq adlandırılan və Finlandiyada 2001-ci ilə qədər istifadə edilmiş pul vahidi tədavülə bıraxlır. Azad sahibkarlığın gücləndirilməsi, xarici sahibkarların Finlandiyaya cəlb edilməsi sahəsində ciddi işlər görülür. Eyni zamanda Finlandiya knyazlığı ərazisində ilk dəmiryolu xətti II Aleksandrın başlatdığı təşəbbüslər əsnasında çəkilir. Edilən bütün iqtisadi layihələrin, reformların zirvə nöqtəsi kimi fin dili isveç dili ilə birlikdə Finlandiya knyazlığının rəsmi dövlət dili elan edilir. Aleksandr tərəfindən görülən işlərə görə bu gün belə finlər tərəfindən yaxşı çar olaraq adlandırılır.
Finlər Rusiya imperiyası tərəfindən onlara göstərilən xüsusi diqqətin müqabilində imperiyanın çətin günlərində imperatorun tərəfində dayandılar. 1863-cü ildə baş vermiş Polşa üsyanı buna ən yaxşı nümunə kimi göstərilə bilər. II Aleksandrın Finlandiya knyazlığına xüsusi diqqət göstərməsinin bir digər səbəbi isə Skandinaviyanın əsas söz sahiblərindən olan İsveçlə olan mübarizə idi. Finlandiya knyazlığı 1809-cu ildə yaradılarkən ərazisinin bir qismini İsveç torpaqları hesabına əldə etmişdi və II Aleksandr tərəfindən finlərin markka adlandırılan pulları tədavülə bıraxılanadək, finlər 40 il isveç riksdalerini, 25 il isə rus rublunu işlətmək məcburiyyətində qalmışdılar. Bu səbəbdən II Aleksandr Finlandiya knyazlığını gücləndirməklə İsveçin ölkə üzərində olan təsirini neytrallaşdırmaq niyyətində idi.
Qafqaz müharibəsinin ən qızğın dövrü II Aleksandrın hakimiyyət illərinə təsadüf edir. Müharibədə döyüş şəraitin əlverişsiz olması qələbənin təmin edilməsi üçün Rusiya imperiyasına böyük çətinlik yaradırdı. Qafqaz müharibəsi, Qafqaz xalqlarının azadlıq hərəkatı kimi başlamış və daha sonra Şeyx Şamil tərəfindən rəhbərlik edilən bir daxili müharibəyə çevirilmişdi. Müharibə 1817-ci ildə başlamışdı və II Aleksandra qədər I Nikolay, I Aleksandr olmaqla iki imperatorun hakimiyyəti illərində də davam etmişdir. Müharibə 1864-cü ildə (II Aleksandrın hakimiyyətinin bitməsinə 17 il qalmış) Rusiya imperiyasının qələbəsi ilə başa çatdı və hadisələr nəticəsində minlərlə Çərkəz yaşadığı torpaqlardan sürgün edildi.[8][9]
1876-cı ilin aprelində Balkan yarımadasında yaşayan bolqarlar Osmanlı imperiyasına qarşı üsyan hərəkatı başlatdı. Məqsəd Osmanlı ağalığından azad olaraq müstəqil olmaq olan bolqarlar, osmanlı birliklərinin sərt müqaviməti ilə qarşılaşdılar. Tarix ədəbiyyatlarında Bolqar üsyanları və ya Aprel hərəkatı olaraq adlandırılan hadisələr nəticəsində 30.000 dən çox insanın öldürülməsi Avropada böyük rezonansa səbəb oldu. Dönəminin böyük ədibləri və siyasi xadimləri Osmanlı imperiyasından bolqarların öldürülməsinə qarşı sivil hərəkatlara qoşuldular. Fransız yazıçısı Viktor Hüqo və dönəmin Böyük Britaniya Baş Naziri Vilyam Qladston sivil hərəkatın mənəvi öndərlərindən hesab edilirdi. Qərb məsələsi olaraq adlandırlan və baş vermiş problemi həll etmək üçün keçirilən konfrans 1876-cı ilin sonlarında İstanbul şəhərində toplandı.
Tərəflər baş vermiş münaqişə ilə bağlı yekun qərara gələ bilmədilər. Rusiya imperiyasının imperatoru II Aleksandr məsələ ilə bağlı bitərəf mövqe seçməyə üstün tutmuşdu. Rusiya və Osmanlı imperiyaları arasında davam edən müharibə, bundan əlavə prosesdə digər kənar böyük güclərin maraqlı olması II Aleksandrı daha ehtiyatlı olmağa sövq edirdi. II Aleksandr öz manevr imkanlarının əsasən yeni bir müharibənin başlanmaması üzərindən edirdi. İmperiya Krım müharibəsində yaşanan məğlubiyyətin ikinci bir formasını qətiyyən arzulamırdı. Müharibə yolundan kənarlaşmaq üçün tərəflər arasında diplomatik danışıqlar sürətləndirildi. Aparılan danışıqların bir nəticə verməməsinin ardından Rusiya imperiyası gözlənilmədən 1877-ci ilin 17 aprelində Osmanlı imperiyasına qarşı müharibə elan etdi. Tərəflər arasında sayca on birinci və sonuncu olan Rusiya-Osmanlı müharibəsi bir il davam etdi və Osmanlının ağır durumundan istifadə edən II Aleksandr müharibədə qalib gəldi.
1878-ci ilin 3 mart tarixində müharibənin nəticəsinə dair imzalanan San-Stefano sülh müqaviləsinə əsasən Bolqarıstan Osmanlı imperiyasının tərkibindən çıxarılaraq müstəqil knyazlıq elan edilirdi. Müqavilə nəticəsində 1396-cı ildən sonra ilk dəfə olaraq müstəqil bir Bolqar dövləti yaradılmışdır. II Aleksandrın yaxın qohumu olan Yozef Aleksandr yaradılmış müstəqil knyazlığın ilk knyazı seçildi. II Aleksandr Osmanlı imperiyası ilə müharibəyə girərək, müharibədən qalib çıxması və ardından müstəqil bir bolqar dövlətinin yaradılmasına göstəriş verməsi səbəbindən imperator bolqarlar tərəfindən xilas edici olaraq qəbul edildi. Eyni zamanda imperator bolqar xalqının inkişafında və ümumi knyazlığın yüksəlişində maraqlı olduğundan, Rusiya imperiyasında həyata keçirilən reform və islahatların əhəmiyyəti hissəsi bolqarların yaşadığı torpaqlarada gətirilmiş və tətbiq edilmişdi.
Bolqar xalqı qarşısında göstəridiyi xidmətlərin əvəzi olaraq 1907-ci ildə Sofiya şəhərinin mərkəzində yerləşən Xalq Məsclisi meydanında II Aleksandrın heykəli ucaldıldı. Parlament binasının qarşısında yerləşən heykəl kompleksi 2012-ci ildə Bolqarıstanda yaşayan rus diasporu və yerli bələdiyyə şurasının vəsaiti hesabına yenidən restavrasiya edilmişdir. Hadisələrdən on illərin keçməsinə baxmayaraq Bolqar xalqı Osmanlı imperiyasına qarşı aparılan azadlıq mübarizəsinin uğurla nəticələnməsində II Aleksandrın əməyini yüksək qiymətləndirirlər. Bu səbəbədəndir ki, Sofiya şəhərində ucaldılan heykəlin üzərində Böyük Çar Bolqar xalqını azad etdi! sözləri yazılmışdır. Bundan əlavə Bolqarıstanın Plaven şəhərində II Aleksandrın şərəfinə açılmış muzey fəaliyyət göstərir.
İmperator II Aleksandra qarşı hakimiyyətdə olduğu müddət ərzində bir necə dəfə sui-qəsd cəhdi həyata keçirilmişdir. İlk belə cəhd Sankt-Peterburq şəhərində 1866-cı ilin 4 aprelində baş verdi. İmperator yay bağında olarkən Dmitri Karakozov adlı inqilabçının hücumuna məruz qaldı. Karakozov Kostroma şəhərindən, ziyalı ailəsindən idi və Kazan Universitetində təhsil almışdı. Dmitri Karakozov tərəfindən hazırlanan sui-qəsd cəhdi baş tutmadı və Aleksandr sağ qalmağı bacardı. Növbəti sui-qəsd cəhdi isə polyak miliyyətçi Antoni Berezovski tərəfindən 1867-ci ilin 6 iyun tarixində saat 17:00 radələrində həyata keçirildi. Berezovski hərəkət etməkdə olan II Aleksandrın çar kortejinə doğru atəş açdı.
Hadisə anında kortejdə Aleksandrla yanaşı Fransa kralı III Napoleon və iki oğluda vardı. Antoni Berezovski tərəfindən atılan güllə faytonu idarə edən faytonçuya və ata dəyməklə imperatorlardan yan keçdi. Növbəti sui-qəsd 1879-cu ilin 20 aprelində baş verdi. II Aleksandr meydandan keçən zaman, keçmiş tələbə Aleksandr Soloviyevin silahlı hücumuna məruz qaldı. İmperator kortejinin ona yaxılaşmasını gözləyən və bu an əlində gizlətdiyi rivoliverlə hazır dayanan, Soloviyev imperatorun ona yaxınlaşması isə qəfildən atəş açmağa başladı. Beş əl atəşin açılmasına baxmayaraq II Aleksandr ziq-zak formasında qaçaraq atılan güllələrdən yayınmağı və ağır yara almamağı bacardı. Dərhal həbs edilən 33 yaşlı keçmiş tələbə Aleksandr Soloviyev keçirilən məhkəməmin ardından 28 may tarixində edam edildi.
İmperatora qarşı üç ciddi sui-qəsd təşkil edilməsinə və həyata keçirilməsinə baxmayaraq demək olar ki, imperator sui-qəstlərdən yara almadan xilas olmağı bacarmışdı. Sui-qəsd təşkilatçıları sui-qəsdlərin uğursuz alınmasının səbəbini hadisəsini tək bir şəxs tərəfindən törədilməsində görürdü. Yəni sui-qəsd, ancaq bir qrup şəxs tərəfindən törədildikdə uğurlu alına bilərdi. 1879-cu ildə bir qrup şəxs tərəfindən əsas hədəf kimi imperatoru aradan götürmək məqsədilə yaradılan Narodnaya volya terror təşkilatı həmin ilin dekabr ayında böyük bir sui-qəsd həyata keçirdi. Krımın Livadiya şəhərindən Moskvaya gedən dəmiryolu xətti partladıldı. Məqsəd imperatorun qatarını məhv etmək olsa da, planlamanın düzgün qurulmaması səbəbindən cəhd uğursuzluqla nəticələndi.
1880-ci ilin 5 fevral tarixində, axşam çağı Narodnaya Volya terror təşkilatının üzvü Stefan Xalturin tərəfindən Qış sarayına bombalı hücum təşkil edildi. Qonaq və nahar otaqlarının hədəf alındığı hücum nəticəsində 11 nəfər həlak oldu, 30 isə nəfər yaralandı. İmperatorun nahar otağında ailəsi ilə birlikdə nahar edəcəyini zənn edən Stefan Xalturin bu səbəbdən hücumu, axşam çağı və məhz nahar otağında təşkil etmişdi. İmperatorun yaxın qohumu və eyni zamanda Bolqarıstan knyazı olan Aleksandrın gecikməsi səbəbindən axşam yeməyi təxirə salınmışdı. Buna görə də II Aleksandr hadisə anında partladılan otaqlarda deyildi. Beləliklə imperator hakimiyyəti dövründə ona qarşı edilən dörd önəmli sui-qəsd cəhdindən təsadüf və bəxti sahəsində xilas ola bilmişdi.
16. Karl Fredrix | ||||||||||||||||
8. III Pyotr | ||||||||||||||||
17. Anna Petrovna | ||||||||||||||||
4. I Pavel | ||||||||||||||||
18. Kristina Avqust | ||||||||||||||||
9. II Yekaterina | ||||||||||||||||
19. İohann Yelizaveta | ||||||||||||||||
2. I Nikolay | ||||||||||||||||
20. Karl Aleksandr | ||||||||||||||||
10. Fredrix Evqeyn | ||||||||||||||||
21. Mariya Avqust | ||||||||||||||||
5. Maria Feodorovna (I Paulun həyat yoldaşı) | ||||||||||||||||
22. Brandenburqlu Fredrix Vilhelm | ||||||||||||||||
11. Fredrixa Dorothea Sofiya | ||||||||||||||||
23. Prusiylı Sofiya | ||||||||||||||||
1. II Aleksandr | ||||||||||||||||
24. Prusiyalı Avqust Vilhelm | ||||||||||||||||
12. Fredrix Vilhelm II | ||||||||||||||||
25. Brunsvikli Liza Ameliya | ||||||||||||||||
6. III Fredrix | ||||||||||||||||
26. IX Luis | ||||||||||||||||
13. Fredrixa Liza Hessen | ||||||||||||||||
27. Karolina Qenietta | ||||||||||||||||
3. Aleksandra Feodorovna | ||||||||||||||||
28. Karl Meklenburq | ||||||||||||||||
14. II Karl | ||||||||||||||||
29. Yelizeveta Albertin | ||||||||||||||||
7. Liza (Prusiya kraliçası) | ||||||||||||||||
30. Corc Vilhelm | ||||||||||||||||
15. Fredrixa Hessen Darmştadlı | ||||||||||||||||
31. Mariya Luis Albertin | ||||||||||||||||