İberlər[1] və ya iberiyalılar[2] (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır. E.ə. V–III əsrlərdə iberlər karfagenlilərin, e.ə. III–II əsrlərdə isə romalıların əsarətində olmuşdular. E.ə. II əsr—b.e. I əsrində iberlər tədricən romanlaşdılar. İberlərin incəsənəti təqribən e.ə. VIII əsrdə təşəkkül tapmış, e.ə. V–IV əsrlərdə çiçəklənmə dövrü keçirmişdir. Qədim şəhərlərin qalıqları (divarlar və bürclər), məbəd və sərdabalar iberlərin memarlığı haqqında təsəvvür yaradır. Plastik sənət (e.ə. V–IV əsrlər) insan fiqurları və zoomorf fiqurlarla (əsasən, əhəngdaşıdan), eləcə də kiçik tunc heykəllərlə, bədii sənətkarlıq isə metal emalı və naxışlı keramika ilə təmsil olunur. İberlərin incəsənətinə Qədim Yunanıstan və Qədim Şərq mədəniyyətinin təsiri olmuşdur.[3]
Roma mənbələri iberlərə istinad etmək üçün "hispanlar" (lat. Hispani) terminindən də istifadə edirlər.