İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis – 13 oktyabr 1967, Tbilisi) — azərbaycanlı aktyor, Gürcüstan SSR xalq artisti.
İbrahim İsfahanlı | |
---|---|
İbrahim Hüseyn oğlu Hüseynzadə | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Gürcüstan SSR, SSRİ |
Fəaliyyəti | Aktyor |
IMDb | ID3999448 |
Tiflis Azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu almasında, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, romantik aktyor məktəbinin Gürcüstanda geniş intişar tapmasında müstəsna xidmətləri olan səhnə fədakarlarından biri də İbrahim İsfahanlı olub. Aktyor, rejissor və teatr təşkilatçısı idi. Xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub. İbtidai məktəb təhsili də görməyib. Amma əslən Başkeçidin Lök Candar kəndindən olan anası Molla Məsmədən yazı-pozunu öyrənərək zəngin mütaliəyə sahib olub.
"İsfahanlı" onun səhnə təxəllüsüdür.
İbrahim Hüseyn oğlu Hüseynzadə (İsfahanlı) 1897-ci ildə Tiflisdə doğulub. Səkkiz yaşına çatanda atası Həsən kişi Allah rəhmətinə gedib və anası İbrahimi çəkməçi yanına şəyird verib. O, əlinə pul düşən kimi məhəllə uşaqları ilə Zubalov adına Xalq evində, Artistlər klubunda, Gürcü Zadəgan (Əyanlar) evində azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalara baxıb. Özünün yazdığına görə, səhnəyə ilk dəfə 1909-cu ildə sonralar xalq artisti olmuş Mustafa Mərdanovun və nasir, dramaturq, ilk azərbaycanlı baş rejissor Əbdürrəhim bəy Haqverdiyevin qayğıları sayəsində çıxıb. Elə həmin gündən də səhnəyə, aktyorluq sənətinə möhkəm tellərlə bağlanıb.
Tiflis Azərbaycan teatr dəstəsinin güclü aktyor truppası vardı. 1911-ci ildə həmin dəstə (başqa sözlə, cəmiyyət) iki yerə bölünüb. Gürcü Əyanlar teatrında yerləşən dəstəyə Mirseyfəddin Kirmanşahlı rəhbərlik edirdi və bu, ikinci dəstə adlanıb. Birinci dəstə Zubalov adına Xalq evində fəaliyyət göstərirdi və rəhbəri qocaman səhnə fədaisi Mirzəli Abbasov olub. İkinci dəstənin tamaşaları bədii səviyyələrinə görə daha yüksək idi və burada Panfiliya Tanailidi, Yəhya Məmmədov, Mustafa Mərdanov, Nadir İbrahimov, Həsən Səbri Abdullazadə kimi səhnə həvəskarları çalışıblar. İbrahim İsfahanlı hər iki dəstədə aktyorluq edib, bununla belə əsas rollarını ikinci dəstədə oynayıb. 1917-ci ildə Tiflisdə "İttihad" və "İbrət" dram dəstələri vardı və onlar sonradan həmin dövrdə Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşib daha kamil truppaya çevrildilər. İbrahim İsfahanlı "İttihad"da həm aktyorluq edib, həm də bir rejissor kimi tamaşalar da hazırlayıb. "İttihad" və "İbrət" birləşərək "Müsəlman dram artistləri cəmiyyəti" olandan sonra teatr dəstəsinin fəaliyyət dairəsi genişlənib. Rəhbərləri Mirseyfəddin Kirmanşahlı, Mirzəli Abbasov və Mustafa Mərdanov, əsas təşkilatçılardan biri İbrahim İsfahanlı olmaqla bu dəstə Gürcüstanın müxtəlif iri şəhərlərinə Acarıstanın Batum, Azərbaycanın Zaqatala, Şəki, Ağdam, (Göyçay, Gəncə, Türkiyənin İstanbul, İranın Tehran, Rəşt, Təbriz, Xoy, Ənzəli... şəhərlərinə qastrollara çıxıb. Xüsusən altı aydan çox çəkən İstanbul qastrolu çox uğurlu keçib. 1920-1922-ci illərdə Tiflisdə Azərbaycan teatrı kollektivinin işində güclü təkamül başlayıb və təbii ki, yeni mərhələyə keçidin önündə gedənlərdən biri də İbrahim İsfahanlı olub. Ələkbər Seyfinin rəhbərliyi və onun rejissorluğu ilə truppanın yığcam bir dəstəsi (Əhməd Salahlı, Əli Qurbanov, Əsəd Xəlilov, İsmət xanım, Srubi Qaraqaş) Türkiyənin Qars, Sarıqamış, Ərzurum şəhərlərində uğurlu qastrol tamaşaları göstəriblər. Xüsusən 1921-ci il Tiflis Azərbaycan Teatrı üçün yeni mərhələyə keçidin astanası oldu. Kollektivin Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilməsi üçün Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı ilə bərabər İbrahim İsfahanlı da böyük xidmətlər göstərib, coşğun səylə çalışıb. İbrahim İsfahanlı teatrın müxtəlif truppalar halında fəaliyyət göstərdiyi illərdə də həvəskar aktyor kimi çoxlu rol oynayıb. Hətta həmin rolların əksəriyyətini bir neçə quruluşda ifa edib. Aktyorun 1909-1922-ci illərdə səhnəyə çıxdığı obrazların əsas qismi Rüstəm, Xubçöhr və Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Fərhad, Tavad Sereteli ("Bəxtsiz cavan" və "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Gürcü bəy, Rza bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Gülçöhrə və Əsgər, İbn Salam, Gülnaz ("Arşın mal alan", "Leyli və Məcnun" və "Məşədi İbad", Üzeyırbəy Hacıbəyov), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəzıri", Mirzə Fətəli Axundzadə), Mayor Xudaverdi bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) rollarından ibarətdir.
Tiflis Azərbaycan teatr truppası 1922-ci ildən Dövlət Türk (Azərbaycan - İ.R.) Dram Teatrı kimi yaradıcılığının yeni mərhələsinə qədəm qoydu. Teatr səmərəli yaradıcılıq yolu keçərək 1947-ci il yanvar ayının 2-də bağlandı. Arada iki il Bakıda akyorluq etdiyini çıxmaqla İbrahim İsfahanlı əsil peşəkar səhnə ustası kimi zəngin yaradıcılıq irsi formalaşdırıb. Həmin illər ərzində ifa etdiyi rollar bədii-estetik səciyyələrinə, oyun peşəkarlığına, ifadə vasitələrinin rəngarəngliyinə görə parlaq sənətkarlıq xüsusiyyətlərini özlərində cəmləşdiriblər. Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Vurm və Hofmarşal ("Məkr və məhəbbət", Fridrix Şiller), Süleyman ("Həyat", Mirzə İbrahimov), koroğlu ("Koroğlu", Heydər İsmayılov), Pyer ("İki yetimə", Adolf D'Enneri və Germon), Zöhrak və Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Yaqor, ("Vətən namusu", Georgi Mdivani), Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Şapur, Vaqif və Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Nizami ("Nizami", Mehdi Hüseyn), Heybət ("Ürəkçalanlar", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Fikrət Əmirov) rollarıdır. İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında qırxdan çox əsəri tamaşaya hazırayıb. Bunların arasında Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu" operalarına, "Arşın mal alan", "Məşədi İbad" operettalarına, Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", Vilyam Şekspirin "Otello", "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Hüseyn Cavidin "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", Cəfər Cabbarlının "Od gəlini", "Aydın", "Almaz", "Sevil", Səməd Vurğunun "Vaqif", "Xanlar", "Fərhad və Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Aleksandr Tolstoy və Pavel Şeqolvevin "Romanovlar xanədanının son günləri", Vladimir Kirsonun "Küləkli şəhər", Rza Şahvələdin "Qız qalası", "Dağlılar", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Əbdülhəq Hamidin "Hind qızı", Sandro Şanşiaşvilinin "Anzor", Akaki Seretelinin "Kinto", Aleksandr Dümanın "Qanlı qala", Nikolay Qoqolun "Müfəttiş", Henrix Heynenin "Əl Mənsur", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Nəriman Nərimanovun "Nadir şah", "Şamdan bəy" ("Dilin bəlası"), Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", "Köhnə dudman", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" əsərlərinə verdiyi müxtəlif quruluşlar teatrın yaradıcılıq həyatında əhəmiyyətli rol oynayıb.
Romantik ruhlu aktyor İbrahim İsfahanlı 1926-1928-ci illərdə Tiflis Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru işləyib. 1 oktyabr 1928-ci ildə Bakıya, Akademik Milli Dram teatrına gəlib. Tiflis teatrı kollektivinin ciddi çağırışı ilə 15 yanvar 1930-cu ildə yenidən doğma kollektivə qayıdıb.
1934-cü ildə azəri və osmanlı türklərinin yaşadıqları Gürcüstanın ərazisində yerləşən Adıgün rayonunda səyyar Kolxoz və Sovxoz Teatrı yaradıldı. Tiflis teatrının kollektivinin yarısı, başda İbrahim İsfahanlı olmaqla, Adıgünə gəlib teatrın bünövrəsini qoyublar. Adıgün Dövlət Kolxoz və Sovxoz Teatrı 1936-cı ildə bağlanıb və bütün kollektiv Tiflisə qayıdıb. Həmin illər Tiflis Teatrının baş rejissoru Yusif Yulduz idi. İbrahim İsfahanlı 1936-cı ildən teatr bağlanana qədər (2 yanvar 1947) bu kollektivdə aktyor, müəyyən mərhələlərlə rejissor, baş rejissor, bədii rəhbər kimi fədakarlıqla çalışıb.
Türk səhnəsinin 60 və Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının 10 illik yubileyi və böyük sənət uğurları münasibətilə 4 mart 1932-ci ildə İbrahim İsfahanlıya Gürcüstan Respublikasının xalq artisti fəxri adı verilib.
Dövlət teatrı bağlanandan sonra o, Azərbaycana gələrək Zaqatala (iyul 1947-may 1948) və Qazax (may 1948-may) Dövlət teatrında baş rejissorluq edib. 1949-cu ildə bu teatrlar da bağlanandan sonra Tiflisə qayıdıb. Tiflisdə, Başneçiddə dram dərnəklərinə rəhbərlik edib. Gürcüstan Dövlət Filarmoniyasının Azərbaycan estrada ansamblında çalışıb. Aktyor "Azərbaycanfilm" də istehsal olunmuş "Böyük dayaq" filmində Yarməmməd roluna çəkilib.
İbrahim Hüseyn oğlu İsfahanlı 13 oktyabr 1967-ci ildə Tbilisidə vəfat edib və Tbilisinin Ortaçala qəbirstanlığında, özündən əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Gülsüm xanımın yanında dəfn edilib.[1]
2022-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqında İbrahim İsfahanlının 125 illik yubileyi qeyd edilmişdir[2].