İbrahim Tahir

İbrahim Tahir Musayev(1869-1943)—Qarabağ ədəbi mühitinin yetirdiyi istedadlı şair, tərcüməçi, maarifçi ziyalı idi.

İbrahim Tahir
İbrahim Əbdürrəhim oğlu Musayev
Təxəllüsü Şişeyi[1]
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti siyasətçi, şair
Vikimənbənin loqosu İbrahim Tahir Vikimənbədə

Təhsilini doğma şəhəri Şuşada almışdı. Köhnə üsullu məktəbdə ərəb, fars dillərinə yiyələnməklə bir sırada dövrün yenilikçi meyllərindən də kənarda qalmamışdı. XX əsrin əvvəllərindən etibarən müxtəlif imzalarla “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin”, “Dəbistan” “Səda” kimi qəzet və jurnallarda, sovet dövründə isə “Yeni kənd”, “Yeni yol” və b. qəzetlərdə ardıcıl çıxış edirdi. Onu dövrünün Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev kimi görkəmli nümayəndələri ilə sıx dostluq əlaqələri bağlayırdı. Vətənində “Şahnamə”nin mahir tərcüməçisi kimi şöhrət qazanmışdı.

Milli mətbuata ictimai inkişafın hərəkətverici qüvvəsi kimi baxan İbrahim Tahir “Füyuzat”ın nəşrə başlamasını böyük sevinc hissi ilə qarşılamışdı. 26 noyabr 1906-cı il tarixli 3-cü sayda dərc edilmiş “Təbrik və izhari-təşəkkür” adlı şeirində o, “Gülzari-vətəndə açılıb bir güli-irfan, Ənbər saçıyor millətə göftari-Füyuzat” misraları ilə yeni məcmuəni alqışlayaraq belə nəşrə böyük ehtiyac duyulduğunu və onun ciddi maarifçilik vəzifəsi daşıyacağını müjdə verirdi:

Çoxdan var idim talibi-didari Füyuzat,
Nagah bürüdü qəlbimi ənvari-Füyuzat,
Təqdirə səzavar olacaq mündəricatı,
Bifeyz olamaz vaqifi-əsrari Füyuzat.

Ardıcıl çap olunduğu “İrşad”, “Tazə həyat” qəzetləri ilə yanaşı “Füyuzat” səhifələrində də İbrahim Tahir həmvətənlərini inkişaf və tərəqqiyə çağıran, maarifin əhəmiyyətindən, insan azadlığından, ölkənin qanunlarla idarə olunmasının vacibliyindən söz açan şeirlərlə çıxış edirdi. Bu şeirlər ilk növbədə müəllifin Vətən təəssübündən, ölkəsini və vətəndaşlarını hür görmək istəyindən xəbər verirdi. Məsələn, aşağıdakı misralarda olduğu kimi:

Tərəqqidən qalır bibəhrə qanun
olmayan kişvər,
Düşər izzü şərafətdən cəhlü
qəflətlə dolan kişvər,
Tənəzzül kəsb edər nik ilə
bəd yeksan olan kişvər,
Müsavat olsa vallahi olar
mədhi-aman kişvər,
Fərəh əta edər qanda olsa
əmniyyət insana!

Şeiriyyət, poetik texnika baxımından onun yaradıcılığına müəyyən iradlar tutmaq mümkündür. Bu da tamamilə təbiidir. Anlaşılmayan Əhməd Kamalın Bakıda bütün tənqidçilik fəaliyyətini İbrahim Tahirə həsr etməsidir. Əsl ədəbiyyat və böyük sənət barəsində danışacağını vəd edən tənqidçi nə üçün özünü sadəcə bir nəfərin yaradıcılığı ilə məhdudlaşdırır? Aydın məsələdir ki, həmin dövrdə İbrahim Tahir Azərbaycan ədəbiyyatının yeganə təmsilçisi deyildi. Tənqidi fikir söyləmək, təhlil və müqayisələr aparmaq üçün kifayət qədər zəngin ədəbi material vardı. Amma Əhməd Kamal qərəzliliyə varacaq bir ardıcıllıqla məcmuənin 19-cu sayından son sayına qədər milli poeziyamızın bilicilərindən Mir Möhsün Nəvvabın məşhur “Təzkireyi-Nəvvab” əsərində “xoş əhvallı, düz əxlaqlı bir gənc” və “xoş məzmunlu qəzəllər müəllifi” kimi səciyyələndirdiyi İbrahim Tahiri qaralamaqda davam etmişdi. Fikrimcə, bu təkcə türk müəllifə deyil, bütünlükdə məcmuəyə də başucalığı gətirməmiş, onun tərəfsizliyini və ədəbi zövqünü şübhə altında qoymuşdu.

Beləliklə, məqalələrindən birində “Sən bəni, bən səni öyməkdən isə ey şair, Yazalım şeir bizi alimi-tənqid öysün” prinsipini hər şeydən uca tutduğunu bəyan edən Əhməd Kamal “Tahir Musayev” adlı yazısı ilə (bu yazının verildiyi sayda şairin portreti də özünə yer almışdı) əslində həmin prinsipdən uzaqlaşmağın konkret nümunəsini göstərmişdi. Nədənsə, İbrahim Tahirin “İrşad” qəzetində tez-tez çap olunması “Füyuzat” tənqidçisinin xoşuna gəlməmişdi. Razılaşaq ki, məqalənin sonundakı “az və gözəl” yazmaq təklifi məqbul səslənirdi. Lakin təhlillər, xüsusən də iradlar kifayət qədər əsaslandırılmamışdı. Əhməd Kamal konkret nümunələr əsasında qələm yoldaşının yaradıcılığı barəsində fikir formalaşdırmaq əvəzinə ayrı-ayrı yerinə düşməyən ifadələr, yaxud ümumi kontekstdən çıxarılan tarixi faktlar üzərində daha geniş dayanmışdı. Nəhayət, yazının ruhu da səmimiliyi, dostluq ab-havası ilə seçilmirdi. Müəllif nə qədər büruzə verməməyə çalışsa da, müəyyən bəyənməzlik, yuxarıdan aşağı baxmaq meylini gizlətmək mümkün olmamışdı.

Əsl ədəbiyyatla bir araya sığmayan belə məqamlar tənqid hədəfinin – İbrahim Tahirin diqqətindən yayınmamışdı. O da öz növbəsində “İrşad” qəzetinin 1907-ci il iyun saylarından birində cavab haqqından istifadə etmişdi. Bakıya yeni gələn Əhməd Kamalın milli ədəbiyyata yetərincə bələd olmadığı ilə bağlı iradlarını bildirmişdi. Yazıda deyilirdi: “Füyuzat” məcmuəsinin on doqquzuncu nömrəsində bir nəfər türk şairinin şerimizi tənqid və haqqımızda bəzi ixtaratda bulunmalarını oxuduq. Təvarixdən və qaideyi-şeiriyəmizə haqqınca aşina yeni qonağımızın iradlarından məlum olur ki, onun Qafqaza müraciətindən məramı sadə şeirlər söyləyib millətimizi oyandırmaq deyil, məhz izhari-kamal və kəsbi-şöhrətdir”. Şairin incikliyini başa düşmək mümkündür. O, hər hansı iddiadan uzaq tərzdə, bilik və imkanları daxilində Vətən ədəbiyyatına xidmət etmək istəmişdi. Buna nə dərəcədə müvəffəq olduğu ilə bağlı kimsədən tərif ummamışdı. Şəxsiyyət və yaradıcılığını nəyin bahasına olursa-olsun, gözə soxmaq istəməmişdi. Lakin tarixə, poeziyaya dərin bələdliyinə şübhə etmədiyi qonağın dəlləkliyi onun başında öyrənməsinə, təşəxxüslü tərzdə yol göstərməsinə dözə bilməmişdi.

Bəlkə də hər iki tərəfin iradlarını qarşılıqlı şəkildə bildirdiyi nöqtədə dayanmaq, mübahisəyə son qoymaq olardı. Əhməd Kamal isə belə düşünməmişdi. “...bu cürə ücubə cavaba müstəhəqq olmamaq lazım gəlir isə də bu cavab Kafkasyada bizim ilk dəfə uğradığımız bir təcavüz olduğundan bu yoldakı təcavüzlərə ilk və son dəfə olmaq üzrə bir kaç sözlə müqabilə etmək istəriz” – deyə cavab hüququndan yararlanacağını bildirmişdir. “Bir neçə söz” əvəzinə “Füyuzat”ın 21-ci sayının təxminən üçdə birini tutan “Müxtəsər bir cavab” adlı məqaləsində kifayət qədər kobud tərzdə opponentini yerində oturtmağa çalışmışdı. Bu yazı onun təkcə İbrahim Tahir şəxsiyyətinə və sözünə deyil, bütünlükdə Azərbaycan türklərinin dilinə, tarixinə, ədəbiyyatına münasibətini aydınlaşdırmaq baxımından özündə bir sıra prinsipial məqamları ehtiva etməkdədir.

Əvvəla, “Cavab”ın tonu ədəbi etikadan uzaqdır. Adi tənqidi mülahizəni “təcavüz” kimi dəyərləndirən müəllifdən belə bir etika gözləmək də sadəlövhlük olardı. “Bən gərək İstanbulda, gərəksə vətənimdən xaric bulunduğum zamanlar daima məmləkətdən məmləkətə, mətbuatdan mətbuata dəvət olunan xidmətkaranə-qələmdən biri olmaq üzrə fəxr edərəm” – deyə Bakıya əslində çarəsizlikdən doğan gəlişini bir daha xüsusi dəvətin nəticəsi və “yerli müsəlman mətbuatına” yardım kimi qələmə verən Əhməd Kamal sanki uşaqcasına acıq verirmiş kimi opponentinin belə ədəbi nüfuz və qabiliyyətdən məhrum olduğunu diqqətə çatdırırdı: “İndi sən söylə, ey Musayev! Əcəba səni də ömründə bir kərə olsun xidməti-qələmiyyəyə dəvət etmək, yaxud haqqında bir ufacıq təqdiri-mütəzəmmin olmaq üzrə – bənim o tənqidatımdakı bir-iki fəqəreyi-təşviqiyyədən maəda – bütün mətbuatda bir cümlə olsun bizə göstərə bilirmisin?” Belə mənasız bir öcəşmənin “xidmətkari-qələmə” yaraşmadığını sübut etməyə ehtiyac yoxdur. Əhməd Kamal uzun illərin qəzetçisi olduğunu müxtəlif münasibətlərlə dönə-dönə vurğulasa da, mətbuat etikasının adi tələblərini bilməmiş, yaxud onları yerinə yetirmək istəməmişdi. Məsələn, aşağıdakı təsadüfdə olduğu kimi. Şair İbrahim Tahir “Füyuzat” redaksiyasına şeirləri ilə birlikdə fotosunun da çapını xahiş etmişdi. Jurnal səhifələrində belə məşhurlaşmasının müqabilində Şuşada məcmuəyə əlli yeni abunəçi tapacağına boyun olmuşdu. Mətbuatın hər zaman yalnız yaradıcılıq deyil, həm də kommersiya sahəsi olduğunu nəzərə alsaq, burada qeyri-adi heç bir şey yox idi. Digər tərəfdən, istər ötən əsrin əvvəllərində, istərsə də indinin özündə belə məsələlər redaksiya sirri sayılır, açılıb-ağardılmırdı. Lakin Əhməd Kamal opponentini mümkün qədər çox aşağılamaq xatirinə redaksiya sirlərini açmağı mümkün saymışdı. Həm də bunu “Füyuzat” üslubuna yaraşmayan bir tərzdə etmişdi. Aşağıdakı sətirlərin nə jurnal redaksiyasına, nə də onun müəllifinə hörmət və şöhrət gətirmədiyi göz önündədir: “Boylə yalvarmıyormu idin? İştə idarəmiz sənin təcizatından qurtulmaq, bir də sənə bir əsəri-təşviq olmaq üzrə əksini nəşrə qərar verdi. Lakin o şərtlə ki, haqqında bir də tənqid yapalım. Bu tənqid yalnız əsərlərin haqqında deyil, rəsmin haqqında dəxi olacaq idi və yapıldı. Sən bilirsin ya, əksinin qızıl kəmərinlə birlikdə nəşr olunmasını istiyordun. Fotoqrafın da oylə idi... Şimdi Musayevmisın-nəsən, insaf ilə söylə: kəsbi-şöhrət etmək budalası mənmiyim, yoxsa sənmisin?”

Əhməd Kamalı şairə qarşı bu qədər qəzəbli, hətta müəyyən dərəcədə ədəbsiz mövqe tutmağa vadar edən nə idi? Bunun kökünü ilk növbədə dil məsələsində, dilə münasibətdə axtarmaq lazımdır. İbrahim Tahir Azərbaycan türkcəsini tam müstəqil dil sayır, Osmanlı şivəsini yamsılamağın əleyhdarı kimi çıxış edirdi. Özünün və qələm yoldaşlarının qarşısında duran ən ümdə vəzifəni oxucularının anladığı dildə xalqın və Vətənin dərdlərindən söz açmaq bilirdi. Məhz bu baxımdan da Əhməd Kamalın dillə bağlı fikirləri ilə razılaşmayaraq yuxarıda istinad etdiyim cavabında yazmışdı: “Əfəndim, biz Qafqaz şairləri isək məqsədimiz açıq bir lisan ilə milli nəzmlər deyib də əbnayi-vətənimizi təqazayi-zamanca tərəqqi və təali yoluna sövq etməkdir”. İbrahim Tahirin tutduğu yol Osmanlı türkcəsini Azərbaycanda ədəbiyyat və təhsil dilinə çevirməyi başlıca hədəfi sayan Əhməd Kamala xoş gəlməmişdi.

Ona görə də kifayət qədər mədəni şəkildə deyilmiş bu mülahizənin qarşılığında Əhməd Kamal “Füyuzat” səhifələrindən şairə təhqir sayılacaq ifadələr yağdırmağı özünə rəva görmüşdü: “Sən əbnayi-vətənin olan qafqaziyalıları o qədər aşağı bir dərrakeyi-mərifətdəmi görüyorsun ki, hətta tərəqqi və təali etmək üçün sənin haşa şeir dediyin ifrazati-dimağiyyənə möhtac olsunlar? Nəbahət və mərifətləri ilə bütün cahani-islama bu gün səlahani-müsabiqət olan Qafqazdakı müsəlman qardaşlarmı bu payeyi-əfsəldə görmək üçün sənin qədər əmayi-bəsirət tutulmuş olmalıdır!” İşin qəribə tərəfi budur ki, türk müəllifin özünün “Füyuzat”da çap olunmuş şeirləri hər hansı qeyri-adiliyi, milliyyətçi və vətənpərvər ruhu ilə seçilmirdi. Bunlar ən yaxşı halda fransız dekadans poeziyasının zəif təqlidi idi. 1905-ci ildən sonra fərqli dəyərlərə köklənən cəmiyyət “özü üçün” yazılan belə əsərlərdən heç nə qazanmırdı. Bu həssas məqamı tutan İbrahim Tahir öz ölkəsində tam fərqli – maarifçi-didaktik ədəbiyyata ehtiyac duyulduğunu diqqətə çəkirdi. Özünün və çap olunduğu mətbuat orqanlarının mövqeyini açıqlayaraq yazırdı ki, “yeganə arzuları Qafqaz şüəralarının əfradi-millətə sadə və riqqətbəxş mənzumələrini dərc edib də bu yolda ehtimamları onlara bu vasiteyi-təşviqdir və biz qafqazlılara “Atidə bir gecə” ünvanlı şeirlər və ilaxirə biməna xəyalatlar bir səmərə verməyəcəkdir”. Adı çəkilən şeir jurnalda “yüksək poeziya” nümunəsi kimi təqdim olunmuşdu.

"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır. Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.[2]

  1. "Arxivlənmiş surət" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-29.
  2. "İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.