İdarəetmə Sistemləri İnstitutu

İdarəetmə Sistemləri İnstitutuAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır.

İdarəetmə Sistemləri İnstitutu
İSİ
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi Elmi-tədqiqat institutu
Yaradılıb 1965-ci il
Əvvəlki adı Kibernetika İnstitutu
Digər məlumatlar
Direktor Əli Abbasov
Ünvan Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 68
Telefon (+994 12) 539-01-51
Sayt isi.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi istiqamətləri

[redaktə | mənbəni redaktə et]

İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:

  • İdarəetmənin nəzəri və tətbiqi problemləri;
  • Süni intellekt texnologiyaları;
  • Sosial-iqtisadi sistemlərin tədqiqi.

Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.

Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi.

1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.

1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdu.

2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə institutun adı dəyişdirilərək "İdarəetmə Sistemləri İnstitutu" adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "İdarəetmə Sistemləri İnstitutu" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.