İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir.
İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar:
- Məqsədə görə;
- İdarəetmənin səmərəliliyinə görə;
- Alınan son nəticəyə görə;
- İdarəetmə metodlarına görə;
- Giriş elementlərinə görə;
- Təsir vasitələrinə görə;
- İnformasiya tələblərinə görə.
İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır:
- Elmi əsasa söykənməsi.
- Vaxtında (lazım olan zamanda) olması.
- Qərarların hazırlanmasına və icrasına təsir gücü.
- Qərarın hazırlanma müddəti.
- Rəhbərin savadı, səriştəsi və təcrübəsi.
- Qərarların qəbul olunma tezliyi.
- Kollektivin qərar qəbul edilməsində rolu.
- İşçilərin işgüzarlığı (sosial-iqtisadi münasibətlər).
- Mövcud olan idarəetmə quruluşu.
- Rəhbərin təşkilatçılıq qabiliyyəti, şəxsi keyfiyyəti və idarəetmə üslubu.
- Qərarların icrasına nəzarətin metodları.
- Kollektivin qərarların icrasında marağı.
- Qərarın icra müddəti.
- Təşkilatda istehsalat və əmək intizamı.[1]
İdarəetmə mühitinə təsir göstərən meyarlar aşağıdakılardır:
- İstehsalın mürəkkəbliyi və fasiləsizliyi.
- İstifadə olunan informasiyanın həcmi və keyfiyyəti.
- Vəzifə təlimatları və standartların olması.
- İdarəetmənin fasiləsizliyi.
- Aydınlıq və yığcamlıq (lakoniklik).
- Reallıq və optimallıq.
- Dəqiqlik və ya dürüstlük (əsaslılıq).
- Məhsulun tamlığı (bütövlüyü) və ifadə forması.
- Səlahiyyət (rəhbərin hüquq və vəzifələri).
- Kollegiallıq.
- İdarəetmə səviyyələrinə uyğunluq.[2]
Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa bölünür:
- İntuitiv qərar;
- Müşahidə və ya səriştə əsasında qərar;
- Rasional qərar.
İntuitiv qərar — hər bir rəhbər işçinin (menecerin) intuisiya əsasında qəbul etdiyi qərardır. Bu halda, daxili hissin hökmü əsas götürülür və heç bir təcrübəyə və ya elmi biliyə istinad edilmir.
Mülahizə və ya səriştə əsasında qərar — aparılmış müşahidələrin yekunlaşdırılması və yaxud da əvvəllər baş vermiş pozuntuların (xətaların) həlli zamanı müsbət nəticə vermiş təcrübənin (səriştənin) tətbiqi yolu ilə olur. Bu halda həm ayrı-ayrı fərdlərin, həm də ümumi kollektivin təcrübəsinə və səriştəsinə əsaslanmaq olar.
Rasional qərar — elmi və təcrübi biliklərin tətbiqi, rəhbər işçinin intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu halda əsas meyar, elmi — nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə və müasir elmi metodlara əsaslanmaqdır.[3]
Qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses aşağıdakı ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir.
- Problemin diaqnozunun qoyulması — hansı iş (məsələ) barədə qərar qəbul edilməlidir?
- Meyarların müəyyənləşdirilməsi — problem nədir və hansı standartları pozulmuşdur?
- Alternativlərin tapılması — aşkar edilmiş çatışmazlıqları aradan götürmək üçün hansı variantlar vardır?
- Alternativlərin qiymətləndirilməsi- problemin həllində hansı variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur?
- Qərar qəbul edilməsi — ən səmərəli qərar variantının seçilməsi.
- Qəbul edilmiş qərarın icrası — işin gedişinin qərara müvafiq dəyişdirilməsi.[4]
Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə yekunlaşır. Bu isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək problemlə bilavasitə bağlı olmalı və qərarın qəbul edildiyi məqamda real vəziyyətlə müqayisə olunmalıdır. Bu baxımdan, qəbul olunmuş hər bir qərar aşağıdakı tələblərə cavab verməlidir:
- məqsədəuyğun olmalı;
- kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalı;
- optimal olmalı;
- kompleks xarakter daşımalı;
- stimullaşdırıcı olmalı;
- çevik olmalı;
- səmərəli olmalı;
- vaxtında olmalıdır.[5]
- İ. B. ƏMİROV, Z. E. HACIYEVA, Menecment, Bakı 2015 Arxivləşdirilib 2019-11-26 at the Wayback Machine
- Ф. Хедоури, М. Альберт, М. Мескон. "Основы менеджмента" Москва; 2006 [ölü keçid]
- Фирсова, И. А. Методы принятия управленческих решений. Учебник и практикум / И. А. Фирсова, М. В. Мельник. — Москва: Высшая школа, 2015. — 544 c.
- Черняк, В. З. Методы принятия управленческих решений / В. З. Черняк, И. В. Довдиенко. — М.: Academia, 2013. — 240 c.
- Зуб, А. Т. Принятие управленческих решений. Теория и практика / А. Т. Зуб. — Москва: СИНТЕГ, 2011. — 400 c.
- А. Н. Асаул, И. П. Князь, Ю. В. Коротаева Теория и практика принятия решений по выходу организаций из кризиса Под ред. засл. Строит. РФ, д-ра экон. наук, проф. А. Н. Асаула. – СПб: АНО "ИПЭВ", 2007. −224с.