İkinci tiryək müharibəsi - 1856-1860-cı illərdə Böyük Britaniyanın Fransa ilə birlikdə Çində Tsin imperiyasına qarşı apardığı müharibə.[1] XIX əsr tarixşünaslığında 1859-1860-cı illərdə baş vermiş hadisələr Üçüncü tiryək müharibəsi adlandırılmışdır. Müasir tarixşünaslıqda 1856-1860-cı illər hadisələri İkinci tiryək müharibəsi dövrü kimi öyrənilir.
Birinci tiryək müharibəsindəki (1840-1842) məğlubiyyət Çində mövcud idarə-üsuluna qarşı xalqın qəzəbini və nifrətini daha da gücləndirdi. 1850-ci ildə Çində Tsin imperiyasına qarşı Taypinlər hərəkatı (1850-1864) başlandı, ölkədə vətəndaş müharibəsi alovlandı. Taypinlər hərəkatının ilk mərhələsində ABŞ, Böyük Britaniya və Fransa neytral mövqe tutsalar da, artıq 1854-cü ildən etibarən Çində yaranmış mürəkkəb daxili vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə başladılar. İngilislər Birinci tiryək müharibəsindən sonra Çində tiryək ticarətindən əldə etdikləri gəlirlərlə kifayətlənmirdilər. ABŞ, Böyük Britaniya və Fransanın diplomatik nümayəndəlikləri imperatordan 1842-1844-cü illərdə bağlanmış müqavilələrin şərtlərinə yenidən baxılmasını tələb edirdilər. Dövlətlər Çinin bütün ərazisində qeyri-bərabər ticarət imtiyazlarına yiyələnmək, tiryək ticarətinə rəsmi xarakter vermək, Pekində daimi səfirliklərini açmaq niyyətlərini gizlətmirdilər. Tsin hökuməti bu tələbləri rədd etsə də, bu münaqişəyə səbəb olmadı, çünki həmin dövrdə İngiltərə ordusu Rusiya və İranla müharibəyə, həmçinin Hindistanda üsyanların yatırılmasına cəlb olunmuşdu.
1856-cı ildə Krım müharibəsinin başa çatması Böyük Britaniya, Fransa və Rusiya dövlətlərinin Çinlə bağlı niyyətlərinə yenidən nəzər salmaq imkanı yaratdı, xüsusilə ingilislər Tsin imperiyasını açıq hərbi əməliyyatlara cəlb etmək üçün bəhanə axtarırdılar.
İngiltərə Çinin daxili əyalətlərinə yol açmağa, ölkənin daxili çay limanlarını ələ keçirməyə çalışırdılar. Çinin Quandun və Quansi əyalətlərinin dənizçilərinin İngiltərənin bayrağını təhqir etmələrini bəhanə edən ingilislər 1856-cı ilin sonunda Kanton şəhərini hərbi gəmilərdən atəşə tutdular. Şəhərin ətrafında 5 minədək ev ingilislər tərəfindən dağıdıldı və yandırıldı.
Öz qəsbkarlıq məqsədlərini həyata keçirmək üçün Fransa da, İngiltərənin Çinə qarşı apardığı müharibəyə qoşulmuşdu. ABŞ bu müharibədə rəsmən iştirak etməsə də, müstəmləkəçilərə rəğbət bəsləyirdi.
1857-ci ilin dekabrında ingilis-fransız hərbi qüvvələri Kanton şəhərini mühasirəyə alaraq, ağır şərtlərlə müqavilə imzalamağı Çindən tələb etdilər. Bu şərtlərdə əvvəlki müqavilələrə yenidən baxılması, iri sahil şəhərlərinə yol açılması, Çin çaylarında ingilislərə gəmiçilik hüququ verilməsi və s. irəli sürülürdü. Çin hökuməti bu tələbləri qəbul etmədi. Rədd cavabı alan ingilis-fransız birləşmələri şəhəri işğal edərək dağıtdılar.[2]
1858-ci ilin əvvəllərində hərbi əməliyyatların mərkəzi şimala - Bayxe çayının mənsəbinə keçirildi.[3] 1858-ci il 20 mayda müdaxiləçilərin eskadrası Daqu dəniz qalasının istehkamlarını tutdu və Pekini təhlükə altına aldılar. Təhlükənin ciddi olduğunu dərk edən hökumət işğalçılarla danışıqlara başladı.
1858-ci ilin iyununda ingilis-Çin və fransız-Çin müqavilələri imzalandı. Müqavilələrə əsasən İngiltərə və Fransa Çində diplomatik nümayəndəliklər saxlamaq, Çin ərazisində bu ölkələrin vətəndaşları sərbəst hərəkət etmək hüququ alırdılar. Gömrük və tranzit rüsumları azaldılır, xristian missionerlər qeyri-məhdud fəaliyyət hüququ verilirdi. Çin hökuməti təzminat da ödəməli idi.
Bu uğurlar müstəmləkəçiləri qane etmirdi. Onlar Tsin hökumətini tamamilə özlərinə tabe etmmək istəyirdilər. Çin hərbi gəmilərinin ingilis-fransız nümayəndə heyətini mişayiət etməkdən imtina etməsi yeni hərbi əməliyyatlara başlamaq üçün bəhanə oldu.
1860-cı ilin iyununda düşmən hərbi qüvvələri Şimali Çinə və Lyaodun yarımadasına soxuldular. Sentyabr ayında Pekinin ətrafında gedən döyüşlərdə 60 minlik Çin ordusu darmadağın edildi. Mancur hökuməti Pekini müdafiə edə bilmədi və 1860-cı il 13 oktyabrdə ingilis-fransız qoşunları şəhəri işğal etdilər.
1860-cı ilin oktyabrında İngiltərə və Fransa Çin ilə Pekində yeni müqavilələr imzaladılar. Pekin müqavilələrə görə Çin İngiltərə və Fransanın hər birinə 8 milyon yuan təzminat verməli idi. Koulun yarımadası İngiltərənin himayəsinə keçdi. Ticarətin açıq satışına icazə verildi. Müqavilələrin şərtlərinə görə, avropalılar Çindən öz müstəmləkələrinə və Amerikaya ucuz işçi qüvvəsi aparmaq hüququ qazandılar.
Çinə zorla qəbul etdirilən müqavilələrin qeyri-bərabərliyi bir də özünü onda göstərirdi ki, bu ölkənin ərazisində ingilis və fransız təbəələri Çin qanunlarına və məhkəməsinə tabelikdən azad edilirdilər. Bu müqavilələr həm də ölkəyə xarici kapital axını üçün geniş yol açırdı.