İkiztepe kurqanı

İkiztəpə kurqanı - Samsun vilayətinin Bafra rayonundan 7 km məsafədə şimal-qərbdə yerləşir. Bu gün Qızılirmağın dənizə töküldüyü yerdən bir qədər qərbdə yerləşən kurqan xarici görünüşünə görə İkiztəpə adlandırılmışdır. Kurqan uzaqdan iki təpə kimi görünür. Amma əslində dörd təpədir. Bu təpələr qazıntı rəhbərləri tərəfindən Roma rəqəmləri ilə müəyyən edilmişdir. Cənubdakı ən böyük təpə bu gün düzənlikdən 29 metr hündürlükdədir və I təpə adlanır. II təpə ondan şimalda yerləşir və hündürlüyü 22,5 metrdir. Ən şimaldakı III zirvə 12,3 metrdir. II təpənin qərbinə düşən IV təpənin hündürlüyü 16 metrdir. Bu gün dənizdən 7 km məsafədə yerləşən İkiztəpə kurqanı e.ə. V-III minilliklərdə dənizə çox yaxın yerdə yerləşirdi.[1]

C.Mellaart tərəfindən kəşf edilən kurqandakı qazıntılar 1969-cu ildə O.Pelenin rəhbərliyi ilə başlamış [2], 1974-cü ildə Prof. Dr. Uluğ Bahadır Alkım rəhbərliyi ilə davam etmişdir. 1981-ci ildən arxeoloji qazıntılar prof. Dr. Önder Bilgi tərəfindən həyata keçirilir. 2006-cı ildən etibarən qazıntılar Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki Türk Tarix Qurumunun dəstəyi ilə maliyyələşdirilir.[3]

Erkən Tunc dövrünə aid tikili səviyyəsində üzə çıxarılan yanmış odunlar tədqiq edilərək həmin dövrə aid taxta evin planı tərtib edilmişdir. Ziyarətçilərə qəsəbə haqqında təsəvvür yaratmaq üçün qazıntı ərazisində eyni planlı taxta ev inşa edilmişdir.

Təbəqələşmə

[redaktə | mənbəni redaktə et]

Qazıntılar göstərir ki, kurqan Xalkolit dövrü, Tunc dövrü, Orta və Son Dəmir dövrü, Roma dövrünə aid yaşayış məskənlərinin nekropolu olub. Tunc dövrü və dəmir dövrü təbəqələri (IV və III təbəqələr) kəskin şəkildə fərqlənir.

İkiztəpə kurqanında Xalkolit dövründən başlayaraq bütün mərhələlərdə inşaatda taxtadan istifadə edilmişdir. Erkən Tunc dövrünə aid memarlıqda taxta bünövrə düzəldilir, dirəklər bünövrə qoyulmadan üfüqi şəkildə üst-üstə qoyularaq bərkidilir, divarlar ucaldılırdı. Dirəklərin arasına palçıq doldurulmuşdur. Bu palçıqlı suvaq həm binanın divarlarının içərisində, həm də xaricində qalın təbəqə əmələ gətirirdi. Dam maili olub qamışla örtülmüşdür. Erkən Tunc dövrünün sonu və Het dövrünün əvvəllərində dirəklər yerinə doğranmış taxta lövhələrdən istifadə edilmiş və bir-birinə bərkidilmişdir.[4]

Erkən tunc dövrünün III mərhələsinə aid qatda nekropol aşkar edilmişdir. Sayı altmışa yaxın olan dəfn hədiyyələrinin, demək olar ki, hamısı tuncdan ibarət olub, o cümlədən müxtəlif bəzək əşyaları, silahlar və üç saxsı qab da aşkar edilmişdir.[5]

Görünür ki, Dəmir dövrünə aid yaşayış yeri möhkəm şəhər divarları sistemi ilə əhatə olunmuşdur. Bu dövrün dulusçuluq əşyaları ilə Kilikiya Dəmir dövrünə aid saxsı məmulatları arasında sıx əlaqə müəyyən edilmişdir. Kənardan gələn keramika Frigiya, Cənub-Qərbi Anadolu və Krit keramikalarıdır. Erkən Dəmir dövrü təbəqəsi e.ə. XIII əsrə aiddir və Het təbəqəsinin bir qədər yuxarısında yerləşir. Burada müşahidə edilən davamlılıq, Dəmir dövrü məskəni sakinlərinin Hetlərə aid yaşayış yerinin istila edib məskunlaşan bir xalq olduğunu deməyə əsas verir.

2010-cu ildə II Təpədə aparılan qazıntılar zamanı tapılan 58 sm uzunluğunda, arsen qatışıqlı misdən hazırlanmış dörd qanadlı nizə ucluğu Anadoluda bu günə qədər tapılan ən uzun nizə ucluğudur. Onun birdəfəlik tökmə şəklində istehsal edilməsi texniki uğur kimi qiymətləndirilir.[6]

  1. "TAY – Yerleşme Ayrıntıları". tayproject.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21/02/2024.
  2. "TAY – Yerleşme Dönem Ayrıntıları". tayproject.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.02.2024.
  3. "Türk Tarih Kurumu, İkiztepe kazısı 2007 dönemi Raporu". archive.org. 2011-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.02.2024.
  4. U. Bahadır Alkım, 1980 Dönemi İkiztepe Kazısı, III. Kazı Sonuçları Toplantısı Sh.: 26
  5. III. Kazı Sonuçları Toplantısı (1981) Sh.: 27
  6. 33. Kazı Sonuçları Toplantısı (2010) Cilt 1, Sh.: 92, 94

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Harita