[1]İlkin ictimai təklif (ing. dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır[2].
İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-də ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub[3].
IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir:
Şirkətə kapital cəlb etmək: IPO keçirtməklə, şirkət daha geniş investor qrupuna çıxış əldə edir[4].
Kapital bazarında səhmlərin satılması, şirkətin dəyərinin ən obyektiv qiymətləndirilməsini təmin edir. Bu, şirkətin və menecerlərin fəaliyyətini daha dəqiq qiymətləndirilməsini təmin edir.
Şirkət səhmdarlarına səhmlərinin hamısını və ya bir hissəsini satmaq və beləliklə şirkətin gözlənilən gələcək qazanclarını kapitallaşdırmaq imkanı verilir[4].
IPO-dan sonra səhmdarların kapitalının likvidliyi kəskin şəkildə yüksəlir: Banklar ictimai şirkətlərin səhmlərini zamin götürərək, həmin şirkətlərə daha rahatlıqla kredit verə bilərlər.
IPO keçirtdikdən sonra şirkət, illik hesabatlarını açıq və şəffaf şəkildə ictimaiyyətə təqdim edir.
İlkin ictimai təklif keçirtmək üçün, şirkət səhmləri satış üçün hazırlanmalı, buna maraq göstərə biləcək tərəflər tapılmalı və əsasən maliyyə açıqlamaları hazırlanmalıdır. Bunların əksəriyyəti, geniş ictimaiyyəti saxta şirkətlərdən səhm almaqdan qorumaq üçün mövcuddur[4].
İlkin ictimai təklif keçirtmək istəyən şirkət, məsləhət və maliyyə işləri üçün ilk öncə anderraytera müraciət edir. Anderrayter qismində, çox vaxt investisiya bankları çıxış edir. Bu bank, adətən birjada ilkin maraq yaratmaq üçün maliyyə təşkilatlarına, investorlara və bu məsələdə maraq göstərə bilən digər qurumlara müraciət edir. Buna, "yol şousu" (ing. dilindən road show) deyilir. Eyni zamanda, anderrayter kimi çıxış edən banklar, IPO keçirdən şirkət üçün mediada açıqlama və hüquqi tənzimləmə prosesində kömək edir[4].
Anderrayter, şirkətin ictimailəşdirərək satmaq istədiyi bütün səhmləri öncədən razılaşdırılmış qiymətə ala bilər. Buna "şərtsiz öhdəlik" (ing. dilindən firm commitment) deyilir və bununla, anderrayter IPO-ya zəmanət verir. Alternativ olaraq, anderrayter "maksimal səy" (ing. dilindən Best Efforts) müqaviləsi bağlayaraq, səhm satışlarına heç bir zəmanət verməyə də bilər. Bu halda, anderrayter maksimal sayda səhm satmağa çalışır, lakin səhmlərin hamısını sata bilmədiyi halda, heç bir maliyyə məsuliyyəti daşımır[4].
Şirkət maliyyəsini tam yoxlamaq üçün üçüncü bir mühasibat firmasını işə götürür[4].
Anderrayterin köməyi ilə, şirkət IPO-nun keçirildiyi müvafiq ölkənin qiymətli kağızlar və birjalar üzrə komissiyası üçün qeydiyyat sənədlərini hazırlayır. Bura, bütün potensial investorlara təqdim olunacaq maliyyə prospekti, və yalnız həmin komissiya üçün nəzərdə tutulan digər sənədlər də daxildir. Qeydiyyat sənədlərinə ətraflı maliyyə məlumatları (o cümlədən üçüncü tərəfin yoxlamaları daxil olmaqla), şirkətin rəhbərliyi, potensial öhdəlikləri, xüsusi pay sahibliyi və biznes planı haqqında məlumatlar daxildir[4].
Qeydiyyat sənədlərindəki bütün məlumatların dəqiq və tam olmasını təmin etmək üçün müvafiq komissiya araşdırma aparır[4].
Komissiya, sənəd təqdim etməyi təsdiqlədikdən sonra maliyyə prospektini potensial investorlara yayır və IPO üçün bir tarix təyin olunur. Şirkət və anderrayter səhmlərin ilkin qiyməti və ya miqdarı barədə razılığa hələ gəlməyiblərsə, bunu cari mərhələdə edirlər[4].
Bu addımlar yerinə yetirildikdən sonra səhmlər satışa çıxarılır.
Səhmlərin satışından əldə olunan gəlir şirkət və onun anderrayteri arasındakı razılığa bağlıdır. Şərtsiz öhdəlik razılığı olduğu halda, IPO-da satılan hər bir səhm üçün pulun hamısı anderraytinq bankına keçir. Əgər tərəflər arasında maksimal səy razılaşması olubsa, şirkət və səhmdarlar pulu birbaşa alırlar[4].