İmamverdi Salman oğlu Bağırov (23 dekabr 1913 – 6 may 1985) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).
İmamverdi Bağırov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Aktyor |
Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23 dekabr 1913-cü ildə Bakıda doğulub. Yeddillik təhsil alıb. Müxtəlif dram dərnəklərində çıxış edən gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına götürülüb.
Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında (1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim, Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər Cabbarlı), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi maraqlı rollarda səhnəyə çıxıb. İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni kollektivlərdə işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də İmamverdi Bağırov idi.
1956-cı ildən fasiləsiz olaraq on doqquz il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan personajların istedadlı ifaçılarından sayılıb. Onun teatrda uğur qazandığı rolların ən səciyyəviləri bunlardır: Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Həsənqulu bəy və Rza bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Xosrov bəy, Orduxan bəy ("Evliykən subay" və "Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Dərviş və Naçalnik ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Molla Manaf ("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Cəlilov, Əliimran ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Camal dayı ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanovla Nəriman Məmmədov), Aslan ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), "Dağlar qoynunda", Adil İsgəndərov və Əşrəf Abbasov), Şəmsizadə ("Qaçırılmış qız", Cahangir Məmmədov və Ramiz Mirişli).
İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 6 may 1985-ci ildə Bakıda vəfat edib.