İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri.
Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.
İkinci müharibə 36 minlik ingilis qoşunlarının Əfqanıstana Heybər, Kurram və Bolan keçidindən üç sütunla soxulması ilə başladı. Silahlanmada və təşkilat baxımından xeyli geriyə qalan əfqan ordusu geri çəkilməli oldu. 1879-cu ilin yanvarında ingilislər Qəndaharı aldılar. 26 may 1879-cu ildə Yaqub xan ingilislərlə, Qandamaq müqaviləsi bağladı. Bu sazişə görə Əfqanıstan İngiltərədən asılı olurdu. Alçaldıcı müqavilə Əfqanıstanda narazılıqla qarşılandı. 8 sentyabr 1879-cu ildə üsyan başladı. Qabildəki ingilis rezidenti öldürüldü. 27 iyul 1880-ci ildə Qəndəhar yaxınlığındakı, Məyvan döyüşündə, əfqanlar ingilis briqadasını darmadağın etdilər. Kabildəki ingilislər təxminən 100 minlik üsyançı ordusu tərəfindən mühasirəyə alındılar. Əfqanların inadlı müqaviməti, ingilisləri, Əfqanıstanın işğalından imtina etməyə və əmir Əbdürrəhmanla kompromis saziş bağlamağa məcbur etdi. 1880-ci il müqaviləsinə görə Əfqanıstan daxili işlərindən müstəqilliyini qorudu, ancaq xarici siyasət İngiltərəinin nəzarətinə keçdi. 1881-ci ildə ingilis qoşunları ölkədən çıxarıldı.
Üçüncü müharibəni İngiltərə, yeni hakimiyyətə gəlmiş Əmənullah xan 28 fevral 1919-cu ildə Əfqanıstanın müstəqilliyini elan etməsindən sonra başladı. Mayın 6-də İngiltərə Əfqanıstana müharibə elan etdi. 40 mindən ibarət əfqan nizami qüvvələri Xeybər, Vəziristan və Qəndəhar istiqamətlərində hərəkət edən, üç sütuna bölünmüşdü. İngilslərin qoşunlarının sayı 340 minə çatırdı. Xeybər istiqamətindəki döyüşdə ingilislər uğur qazana bildilər. Vəziristan istiqamətində isə əfqanlar ingilislərə qalib gəldirlə və mayın 27-də Tal qalasını mühasirəyə aldılar. İngilislərin vəziyyətini həm də sərhədyanı puştun tayfalarının üsyanları və Hindistanda qalxan qurtuluş mübarizəsi oldu. Bu səbəblərdən İngiltərə müharibəni davam etməkdən imatina etdi. 8 avqust 1919-cu ildə Ravalpindidə preliminar (əvvəlcədən) sülh sazişi bağlandı. 1921-ci ilin oktyabrında İngiltərə ilə Əfqanıstan arasında bağlanan ( 22noyabrda ratifikasiya olundu) sazişə görə İngiltərə Əfqanıstanın müstəqilliyini tanıdı. Əfqanıstanı müstəqil dövlət kimi birinci Sovet Rusiyası tanıdı.