Bu məqaləni vikiləşdirmək lazımdır. |
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur.
İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır.
Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil.
Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir. Əgər şəxs özü antiretrovirus terapiyasının qəbulundan imtina edərsə, virus yükü qanda yenidən çoxalacaq, immun sistemi zəifləyəcəkdir, bu isə xəstəliyin həyat üçün təhlükəli olan ikinci mərhələsinin inkişafına səbəb olacaqdır.
İİV-infeksiyasının inkişaf sürəti bir çox məqamlardan asılıdır, məsələn: immun sisteminin statusundan, yaşdan (yaşlı insanlarda cavanlara nisbətən virusun daha sürətli inkişaf riski yüksəkdir), virusun ştamından, koinfeksiyalardan, qidalanmadan və s. Xəstəliyin daha sürətlə inkişaf etməsinə digər xəstəliklər, məsələn, vərəm də səbəb ola bilər.
Hələ ki, İİV-infeksiyası sağaldılması mümkün olmayan xroniki xəstəlik siyahısındadır, bu səbəbdən İİV-lə yaşayan insanların (İYİ) bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var.[1]