İnsanın sinir sistemi — insan orqanizminin fəaliyyətini və ətraf mühitlə qarşılıqlı əlaqəsinin tənzimlənməsini, əlaqələndirilməsini təmin edən anatomik və funksional bir-biri ilə əlaqəli sinir strukturları məcmusu. Sinir sistemi inteqrativ şəkildə fəaliyyət göstərir, həssaslığı, motor fəaliyyətini və digər tənzimləyici sistemlərin (endokrin və immun) işini birləşdirərək, eyni zamanda həyat fəaliyyətinin tənzimlənməsini, orqanizmin fəaliyyətinin dəyişən şəraitə və ətraf mühitin hadisələrinə qarşılıqlı təsirini və uyğunlaşmasını təmin edir.
İnsan sinir sistemi çox mərkəzi sinir sisteminə və periferik sinir sisteminə bölünür. Mərkəzi sinir sistemi baş beyin və onurğa beynindən ibarətdir. Periferik sinir sistemi mərkəzi sinir sistemi daxilində olmayan bütün digər sinir və neyronlardan ibarətdir. Sinirlərin böyük əksəriyyəti periferik sinir sisteminə aiddir. Periferik sinir sistemi 2 yerə — somatik sinir sisteminə və vegetativ (və ya avtonom) sinir sisteminə bölünür.
Somatik sinir sistemi bədən hərəkətlərinin koordinasiyasına (əlaqələndirilməsinə), xarici stimulların qəbuluna və ötürülməsinə cavabdehdir. Bu sistem şüurlu nəzarət altında olan hərəkətləri tənzimləyir.
Avtonom sinir sistemi parasimpatik və simpatik sinir sistemlərinə bölünür. Simpatik sinir sistemi təhlükə və ya stressə cavabdehdir və bir çox fizioloji dəyişikliklər zamanı qanda adrenalinin artması səbəbindən ürək ritmi və qan təzyiqinin artmasına, hisslərin oyanmasına səbəb ola bilər. Parasimpatik sinir sistemi isə istirahət vəziyyətinə cavabdehdir və göz bəbəyinin daralmasını, ürək ritminin yavaşlamasını, qan damarlarının genişlənməsini və həzm və genitouriya sistemlərinin stimullaşdırılmasını təmin edir.