"İnsan insanın canavarıdır " (lat. Homo homini lupus est) — həddindən artıq eqoizm, düşmənçilik və antaqonizmin üstünlük təşkil etdiyi insan münasibətlərini və əxlaqını xarakterizə etmək üçün istifadə olunur[1].
Son dərəcə eqoist bir insanın sarkastik təsviri deməkdir. Bir insanın başqa bir insana qarşı etdiyi çirkin hərəkətləri müzakirə edərkən istifadə olunur.
İfadənin ilk qeydinə qədim Roma dramaturqu Plavtın (e.ə. III-II) “Uzunqulaqlar” (lat. Asinaria) komediyasında rast gəlinir. Bunun əksinə olaraq Seneka yazırdı ki, “İnsan insan üçün müqəddəs bir şeydir”[2]. Hər iki aforizmdən Tomas Hobbs özünün “De Cive” (1651) əsərində istifadə etmişdir: “Qərəzsiz danışmaq üçün hər iki söz doğrudur; insan insan üçün bir növ Tanrıdır və insanları bir-biri ilə müqayisə etsək, insanın insan üçün canavar olduğu da doğrudur; ikincisi, əgər şəhərləri müqayisə etsək daha doğrudur”. Hobbsun müşahidələri öz növbəsində insanların təbiətcə eqoist olduğunu iddia edən Plavtla səsləşir.
Rotterdamlı Erazm Adagiya atalar sözləri toplusuna Plavtın təfərrüatı ilə bu atalar sözünü daxil etmişdir: “Burada bizə xəbərdarlıq edilir ki, özümüzü naməlum bir insana etibar etməyib, ondan canavar kimi ehtiyatlanaq”[3].
Filosof, ilahiyyatçı və hüquqşünas Fransisko de Vitoriya özünün “Relectiones Theologicae” əsərlərindən birində şair Ovidin atalar sözü ilə razı olmadığını yazırdı: “İnsan,” Ovid deyir, “öz yoldaşı üçün canavar deyil, insandır”.[4] .
Alman filosofu və mizantropu Artur Şopenhauer “Həyatın heçliyi və kədəri haqqında” əsərində bu atalar sözü ilə razılaşır: “...Həqiqət budur: biz bədbəxt olmalıyıq və elə bədbəxtik də. Üstəlik, insanın başına gələn ən ciddi bəlaların əsas mənbəyi elə insanın özüdür: insan insanın canavardır”.
Ziqmund Freyd “Mədəniyyətdən narazılıq” əsərində yazırdı: “... Yaxınınından aqressivlik ilə həzz almaq üçün vasitəyə çevirmək, onun əmək qüvvəsindən təmənnasız yararlanmaq, razılıq istəmədən ondan seksual obyekt kimi təmənnasız istifadə etmək, malını əlindən almaq, alçaltmaq, əzab vermək, işgəncə vermək və öldürmək həvəsi həmişə var. Homo homini lupus. Həyatın və tarixin bütün təcrübəsini özündə əks etdirən bu mühakiməyə etiraz etməyə kimin cəsarəti çatır?»[5]