İnteqrasiya olunmuş proqram təminatı

İnteqrasiya olunmuş proqram təminatı (ing. integrated software, rus. интегрированное программное обеспечение) — çeşidli işləri (məsələn: mətn emalını, verilənlər bazasının və elektron cədvəllərin idarə olunmasını) yerinə yetirməyə imkan verən bir neçə moduldan ibarət tətbiqi proqramların kateqoriyası. Belə proqram təminatının komplektliyi iki yolla əldə olunur: verilənlərin bir moduldan başqasına ötürülməsi imkanının olması və müxtəlif modullarda eyni tipli istifadəçi interfeysindən istifadə olunması. İnteqrasiya olunmuş proqram təminatı verilənlərin ötürülməsini asanlaşdırmaqla, məsələlərin koordinasiya olunmasına və müxtəlif modullarda fərqli vasitələrlə yaradılmış verilənləri birləşdirməyə kömək edir. Bundan başqa, vahid interfeys çox zaman çox müxtəlif modullarla işləməyi sadələşdirir. Bu üstünlüklərinə baxmayaraq, inteqrasiya olunmuş proqram təminatının modulları ayrı-ayrılıqda xüsusi tətbiqi proqramlar kimi geniş imkanlara malik olmur.[1]

  1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.