İohann Qlauber (alm. Johann Rudolph Glauber; 1604, Karlşdadt - 1670, Amsterdam) - alman əlkimyaçısı, kimyaçısı, əzcaçısı və həkimi.
İohann Qlauber Aşağı Frankoniya tarixi əyalətinin ( Almaniya) Karlşdadt şəhərində bərbər ailəsində anadan olmuşdur. Onun həyatı haqda 1644-cü ilə qədər heç bir məlumat yoxdur. Universitetdə oxumağa imkanı olmadığından o özü sərbəst şəkildə elmi öyrənmiş, cavanlığında güzgülər düzəltmiş və aptekdə əzcaçı işləmişdir. 1644-cü ildə o Gissendə kral sarayında həkim kimi çalışmış, 1645-ci ildə Bonna, 1648-ci ildə isə Amsterdama yollanmışdır. 1651-ci ildə özünə Kitsinqendə ev almış Qlauber burada şəxsi laboratoriyasını quraraq mineral gübrələr üzərində öz təcrübəsini aparmışdır.
Qlauber duz və turşuların quruluşu və tərkibini ətraflı şəkildə öyrənmiş, qeyri üzvi maddələrin əldə edilməsinin bir sıra üsullarının işlənib hazırlanmasına dair öz töhfəsini vermişdir. Tibbi məmulat kimi istifadə üçün bir sıra duzları ayırmışdır.
O, 1648-ci ildə şora ilə sulfat turşusunun qarışığının distillə edilməsindən təmiz nitrat turşusunu, xörək duzu ilə sulfat turşusunun birlikdə qızdırılması nəticəsində Qlauber duzu adlanan - təmiz xlorid turşusu və natrium sulfatı əldə etmişdir. Qlauber özü bu duzu "möcüzəvi duz" - "sal mirable" adlandırmışdır. Qlauber duzunun əldə edilməsi tarixi 1626-cı ilin qışına aid edilir. Bu İohann Qlauberin 1625-ci ildə yatalaq xəstəliyinə tutulması ilə əlaqələndirilir. Bu haqda İohann Qlauber belə yazmışdır:
Xəstəliyim az da olsa düzələndən sonra mən Noyşdadt şəhərinə yollandım. Orada mənim sancılarım tutmağa başladı və mən bu şəhərdə qalası oldum. Xəstəlik mənim mədəmi o qədər zəiflətmişdir ki, mən nə qida qəbul edə və yeyə bilirdim. Yerli sakinlər mənə üzüm bağlarının yanında olan bulağa getməyi məsləhət gördülər. Onlar dedilər ki, bulağın suyu sənin iştahavı geri qaytaracaq. Onların məsləhətinə qulaq asaraq mən özümlə bir tikə çörək götürdüm. Onlar mənə bildirmişdilər ki, bu çörəyi orda yeməlisən, lakin mən bunun mənə kömək edəcəyinə o qədər də inanmırdım.Bulağın yanına gələrək çörəyi suya batırıb yeməyə başladım. Sonra yerdə qalan çörək tikəsini suyun içinə atıb içdim. Mən evə tamamilə gümrah şəkildə qayıtdım və öz təəssüratlarımı qonşularla bölüşdüm. Mən hiss elədim ki, əgər mən bu su ilə müalicə almağı davam etdirsəm, bununla mənim mədəm tamamilə bərpa olunacaqdır. Mən onlardan bunun nə suyu olmasını soruşdum. Onlar mənə dedilər ki, bu suyun tərkibində şora vardır. |
Qlauber bulaq suyunun kimyəvi tərkibi ilə maraqlanaraq növbəti qışını bunun öyrənilməsinə həsr etmişdir. O yerli əzcaçı Aysner adlı birisi ilə tanış olmuş, onun laboratoriyasını öz təcrübləri üçün istifadə etmişdir.
Qlauber laboratoriyada şüşə qablardan ilk istifadə edənlərdən biri olmuş və şüşə hazırlanması üçün istifadə olunan sobaların konstruksiyasında bir sıra təkmilləşdirmə işləri aparmış, vitrajın əldə edilməsi üsullarını işləyib hazırlamışdır. Nəzəri cəhətdən götürdükdə Qlauber yatro kimyanın tərəfdarı və Paraselsin davamçısı idi. O, özünün 1661-ci ildə Amsterdamda çap etdirdiyi 7 tomluq Glauberi opera omnia kitabında qədim filosofların fikirlərinə əsaslanaraq maddələrin qarşılıqlı fəaliyyətinin ancaq onlar arasında ortaq, ümumi bir şeyin olması ilə mümkün olduğunu bildirmişdir.
Qlauber çox müasirləri kimi qeyri nəcib metalların qızıla çevrilməsinə və həyat eliksirinin mövcudluğuna inanmış, hətta həyat eliksirinin hazırlanma sirrini kəşf etdiyini bildirmişdir.
1976-cı ildə Beynəlxalq astronomiya birliyi Ayın görünməyən hissəsində yerləşən kraterə İohann Qlauberin adını vermişdir.