İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür.
İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur.
İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur. Buna effektiv yük deyilir.