İpoxondriya — artıq dərəcədə əsassız narahatlıq halıdır və xəstədə şəfasızlığı barədə fikirlər yaradır. Müstəqil xəstəlik olmasa da, bir çox psixi pozulmaların əlaməti kimi meydana çıxır.[3]
İpoxondriya | |
---|---|
XBT-10-KM | F45.2, F45.21 |
XBT-9 | 300.7 |
XBT-9-KM | 300.7[1][2] |
MedlinePlus | 001236 |
MeSH | D006998 |
Rus fizioloqu İ.P.Pavlov hesab edirdi ki, ipoxondriya baş beyin qabığının funksional aktivliyinin pozulması ilə əlaqədar baş verir. Rus psixiatrı Qilyarovski yazırdı:
Bu hal daxili orqanlardan gələn siqnalların mərkəzi sinir sistemi tərəfindən qəbul olunmasıdır və normal halda onlar dəf olunmalı və şüura çatmamalıdır. |
Xəstəliyin yaranmasına keçmişdə zorakılığa məruz qalma, uşaq vaxtı keçirilmiş ciddi xəstəlik, hiss və duyğularını ifadə edə bilməmək, ailədə ipoxondriyalı üzvün olması və xəstənin həmin halı uşaqlıqda müşahidə etməsi, daimi fiziki yüklənmə və sinir krizləri kimi hallar təkan verir.[4]
Psixi xəstəliklərin müasir təsnifatında sayrışan ipoxondriya anlayışı yer alır. Onun əsas əlamətləri xəstənin sağlamlığına görə həyəcan keçirməsi, daim bədəninə “qulaq verərək” orqanizmdə gedən prosesləri analiz etməyə çalışmasıdır. Xəstə həddən artıq narahat olduğunu anlasa da, onu üzən sayrışan fikirlərdən xilas ola bilmir. Həmin hal çox vaxt hansısa tibbi reklamı izləyəndən, tibbi ədəbiyyat oxuyandan və həkimin düşünmədən səsləndirdiyi fikirdən sonra yaranır. Bəzən xəstəlikləri yeni öyrənməyə başlayan tibbi təhsil alan tələbələrdə də onu müşahidə etmək olur. Xarici faktorların təsirindən əlavə narahat xarakterin olması, yəni psixasteniya da ipoxondriyanın yaranmasına şərait yaradır.[5]
Bəzən elə olur ki, xəstə ən kiçik fiziki diskomforta və ya qüsura çox ciddi reaksiya verir və ideal sağlamlığa nail olmaq üçün ağlasığmaz dərəcədə səy göstərir. Bu halda söhbət yüksək dəyər ipoxondriyasından gedir. Belələri çox zaman özlərinin tərtib etdiyi xüsusi pəhrizlərə əməl edir və ya sağlamlığını yaxşılaşdırmaq üçün fiziki hərəkətlər kompleksləri düşünür. Onlar özlərini xəstə hesab etməsələr də, həkimlər müalicədən imtina edəndə onları məhkəməyə verə bilərlər.[6]
Sayıqlama ipoxondriyası isə xərçəng və ya QİÇS kimi ağır və müalicəyə tabe olmayan xəstəliyin olmasına əminlik halıdır. Həkimin xəstəni qorxulu patologiya olmadığına inandırmaq cəhdləri yalan kimi dəyərləndirilir. Həkimlər əməliyyata girməkdən imtina edəndə xəstə xəstəliyin müalicəsiz olduğu qənaətinə gəlir.[7] İpoxondriyanın həmin növündə hallüsinasiyalar və sayıqlamalar olur, adətən şizofreniya, bəzən də dərin depressiyanı müşayiət edir.[8]
İlk növbədə terapevtə müraciət edərək laborator analizlərdən, ehtiyac olarsa USM və rentgen kimi instrumental müayinələrdən keçərək cismani xəstəliyin olub-olmadığını müəyyənləşdirmək lazımdır.[9]
Daxili orqanlarda patologiya aşkar olunmayanda və xəstənin narahatlığı azalmayanda psixoterapevtə müraciət etmək lazım gəlir. Həkimə müraciəti gecikdirmək olmaz, çünki fiziki xəstəlik olmasa da, ipoxondriya, xüsusən də depressiya ilə müşayiət olunduqda ağır nəticələrə səbəb ola bilər. Xəstə özünün sağalmaz xəstəliyinə düçar olduğuna inanaraq intihar edə bilər. Ona görə də müalicənin tez başlanılması lazımdır.
Nevrotik pozulma və psixopatiyanın müalicəsində trankvilizatorlar, yumşaq neyroleptiklər, depressiyalar zamanı antidepressantlar, şizofreniyada isə daha güclü neyroleptiklərdən istifadə olunur. Xəstələrə psixoterapiya seansları yardım edir.[10][11]
Müalicədə pişikotu, bədrənc otu, mayasarmaşığı qozaları kimi bitkilərdən istifadə olunur. Ümumi möhkəmləndirici vasitələrdən daha çox itburnu və aloe tətbiq olunur.