İqtisadi Zonaların İnkişafı Agentliyi (Azərbaycan)

İqtisadi Zonaların İnkişafı AgentliyiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli Fərmanı ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında publik hüquqi şəxs kimi yaradılmışdır.[1][2]

İqtisadi Zonaların İnkişafı Agentliyi
  • İqtisadi Zonaların İnkişafı Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 22 yanvar 2021
Əvvəlki qurum “Sumqayıt Kimya Sənaye Parkı” MMC
Tabelik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Baş qərargah
Ünvan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20
Rəhbərlik
İdarə Heyətinin sədri Seymur Adıgözəlov

Rəsmi saytı economiczones.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərman ilə Agentliyin Nizamnaməsi təsdiq edilib.[3] İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci 28 dekabr taixində dövlət qeydiyyatına alınıb. Hazırda Agentliyin idarəçiliyində 7 sənaye parkı, 3 sənaye məhəlləsi və aqroparklar fəaliyyət göstərir. Bundan başqa İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzidə fəaliyyət göstərir.

Sənaye parkları

[redaktə | mənbəni redaktə et]

Sənaye parkları – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb ki, iş adamları burada bir çox üstünlüklərdən yararlana bilərlər. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Sənaye parkları dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 7 sənaye parkı mövcuddur.[mənbə göstərin]

  1. Sumqayıt Kimya Sənaye Parkı
  2. Qaradağ Sənaye Parkı
  3. Pirallahı Sənaye Parkı
  4. Mingəçevir Sənaye Parkı
  5. Ağdam Sənaye Parkı
  6. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı
  7. Hacıqabul Sənaye Parkı

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.[4] Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik parkının ərazisi 583,5 hektar təşkil edir. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılıb. 2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi keçirilib.[5]

Qaradağ Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamı ilə yaradılıb.[6] Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən parkının ərazisi 72 hektardır və fəaliyyət istiqaməti iri, orta və ağır tonnajlı gəmilərin və avadanlıqların istehsalı və təmiridir.

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamı ilə yaradılıb.[7] Parkın ərazisi 30 hektar torpaq sahəsi təşkil edir və əsas fəaliyyət istiqaməti əczaçılıq sənayesinin inkişaf etdirilməsidir.

Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə yaradılıb.[8] Mingəçevir şəhərində yerləşən parkın ərazisi 26 hektar torpaq sahəsi təşkil edir. Mingəçevir Sənaye Parkı yüngül sənayə, tekstil sənayesi üzrə ixtisaslaşıb. 2016-cı il sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməli qoyulub.[9]

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə yaradılıb.[10] Ağdam rayonunda yerləşən parkın ərazisi 190 hektar təşkil edir və qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. 2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.[11]

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanı ilə yaradılıb.[12] Cəbrayıl rayonunda yerləşən sənaye parkı 200 hektar ərazini əhatə edir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Bakıdan Zəngəzur dəhlizi vasitəsilə Türkiyə sərhədinə qədər olan yolun təxminən ortasında yerləşir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb. Park 60 hektar ərazini əhatə edir.[13]

Sənaye Məhəllələri

[redaktə | mənbəni redaktə et]

Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda İqtisadi Zonaların İdarəçiliyində 3 sənaye məhəlləsi mövcuddur.

  1. Masallı Sənaye Məhəlləsi
  2. Neftçala Sənaye Məhəlləsi
  3. Sabirabad Sənaye Məhəlləsi

Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamı ilə yaradılıb[14] və 2018-ci il sentyabrın 18-də açılışı olub[15]. Sənaye Məhəlləsinin hazırda 10 hektar ərazisi var.

Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamı ilə yaradılıb.[16] 10 hektar ərazini əhatə edən sənaye məhəlləsinin 2017-ci il sentyabrın 24-də açılış mərasimi keçirilib.[17]

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamı ilə yaradılıb[18] və 2017-ci il noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulub. 20,3 hektar ərazini əhatə edir.

Dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən başlayaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə 51 aqroparkın yaradılmasına başlanılmışdır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Bundan 190 min hektar ərazidə 44 aqroparkın fəaliyyət göstərməsinə nail olunmuşdur. Aqroparkların hüququ çərçivələrinin müəyyən olunması ilə bağlı işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin tələblərinə uyğun olaraq aqroparklar sahəsində idarəedici təşkilat olan İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqropark rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlər aparılır.

"Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlax rayonunda 2807 hektar ərazidə dövlət aqroparkı olan Yevlax Pilot Aqroparkı yardılır. Yevlax Pilot Aqroparkın 4 dekabr 2021-ci il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə rəmzi açılışı olub.

Aqroparkda intensiv meyvə bağlarının salınması, müasir heyvandarlıq və quşçuluq komplekslərinin, həmçinin emal sahəsinin yaradılması üzrə işlər görülür.

Peşə Təhsil Mərkəzi

[redaktə | mənbəni redaktə et]

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 aprel tarixli 68 nömrəli qərarına əsasən yaradılıb.[19] Nazirlər Kabinetinin 2020-ci il 18 iyul tarixli 257 nömrəli qərarı ilə Mərkəzin adındakı "Tədris" sözü "Təhsil" sözü ilə əvəz edilərək Peşə Təhsil Mərkəzi adlandırılıb. 2020-ci il 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peşə Təhsil Mərkəzinin açılış mərasimində iştirak edib.[20]

Hazırda Mərkəzdə aşağıdakı ixtisaslar üzrə tələbə hazırlığı aparılır: Veb dizayner və proqram təminatçısı, Qrafik dizayner, Torna və frezer dəzgahlarının operatoru, Aqroservis mütəxəssisi, Avtomatika üzrə usta, Sənayedə quraşdırma işləri üzrə usta, Proqramla idarə olunan dəzgahların operatoru, Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, Elektronika ustası, İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (Almaniya kurikulumu əsasında ikili təhsil), Kompüter sistemlərində proqramlaşdırma, Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, Proqramla idarə edilən sənaye avadanlıqlarının quraşdırılması və istismarı.

  1. "İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır". novator.az. 22 yanvar 2021. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  2. "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  3. "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  4. "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  5. "İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  6. "Qaradağ Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  7. "Pirallahı Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  8. "Mingəçevir Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  9. "İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  10. "Ağdam Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  11. "İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  12. ""Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  13. "Hacıqabul Sənaye Parkının yaradılması və "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
  14. "Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  15. "Masallı Sənaye Məhəlləsinin açılışında İlham Əliyevin nitqi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  16. Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI [ölü keçid]
  17. "İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  18. "Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  19. "İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.
  20. "İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.