İran milliyətçiliyi (fars. ملیگرایی ایرانی) — İran mədəniyyətinə, İran dillərinə və tarixinə məhəbbət, həmçinin İran və İran xalqı ilə qürur hissi üzərində qurulmuş siyasi ideologiya. İranda milli kimlik əsrlər boyu izlənilə bilsə də, İran milliyətçiliyi əsasən XX əsrdən yayılmışdır.[1] Bir çox cəhətdən paniranizmə yaxındır, lakin onun tam sinonimi deyil.
Pəhləvi sülaləsi dövründə (1925–1979) İran milliyətçiliyi sovetpərəst sol, qərbəmeylli liberal və islamçı hisslərə alternativ olaraq hökumət tərəfindən fəal şəkildə dəstəklənirdi. 1979-cu il İran inqilabından və İran İslam Respublikasının qurulmasından sonra İran milliyətçiliyi dövlət dəstəyini itirmiş, əsasən İran cəmiyyətinin ayətullahlar rejiminə qarşı çıxan bir hissəsinin ideologiyasına çevrilmişdir. 1999-cu ilin iyulunda İranda tələbə etirazlarından sonra milliyətçiliyin yüksəlişi baş vermişdir.