İrena Sendler

İrena Sendler (1942-ci il)

İrena Sendler (pol. Irena Sendlerowa; 15 fevral 1910, Otvotsk, Polşa12 may 2008, Varşava, Polşa) — Varşava gettosunda 2500-dən çox yəhudi uşağın həyatını xilas edən polşalı aktivist qadın.

Uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]

O, 1910-cu il 15 fevral tarixində Varşava şəhərinin yaxınlığında yerləşən Otvotsk şəhərində həkim Stanislav Krjijanovskinin ailəsində dünyaya göz açmışdır. Onun atası xəstəxanaya rəhbərlik edən həkim idi. O kasıbları pulsuz müalicə edirdi. Sonra ailə Tarçin adlı balaca bir yerə köçür. İrenanın valideynləri öz qızlarına hələ erkən yaşlarından bütün insanların irqindən, milliyətindən və dinindən asılı olmayaraq pis və yaxşılara bölündüyünü bildirmişdilər. Və qızları bu deyilənləri yaxşı qavramışdı. Krjijanovskilər ailəsi katolik xristian idi.

İrenanın 7 yaşı olanda atası dünyasını dəyişir. Atasının ölümünün səbəbi onun 1917-ci ildə səpmə yatalığına tutulması olmuşdur. Belə ki, onun həmkarları bu xəstəliyə tutulmuş xəstələri müalicə etməkdən boyun qaçırmış və nəticədə xəstələrdən biri onu bu xəstəliyə yoluxdurmuşdur. Sonralar İrena ölümünə az qalmış atasının bu son sözünü tez-tez yada salırdı: " Əgər sən kiminsə suda boğulduğunu görürsənsə, sən üzməyi bacarmasan belə onu xilas etmək üçün suya tullanmalısan".

Qız anasıyla ikilikdə qalmalı olurlar. Bir müddət sonra onların evinə yerli yəhudi icmasının nümayəndələri gəlir. Həmin adamlar pulsuz tibbi yardım üçün İrenanın atasına çox minnətdar olduqlarını bildirmiş və ailənin çətin vəziyyətini görüb onlara kömək etməyə qərar verirlər. Onlar qızın 18 yaşı tamam olanadək təhsil pulunu ödəməyi təklif edirlər. Anası o zaman yəhudilərin arasında hökm sürən aclıq barədə eşitdiyi şayiələrə görə verilən xeyirxah təklifdən imtina etmiş, amma bu barədə qızına bildirmişdir. Bu hadisə İrenada silinməz təəssürat qoymuşdur.

1920-ci ildə anası qızı ilə Varşavaya yollanır. Burada İrenanın anası kağızdan güllərin hazırlanması və salfetlərə naxış tikməklə məşğul olur. Bu onların dolanışıqlarına güclə bəs edirdi.

Müharibədən əvvəlki Polşada yaşayan yəhudilərə xəbərdarlıqlar kifayət dərəcədə çoxalmışdır. Lakin polyakların çoxusu buna qarşı çıxırdılar. Onlar arasında ən qoçaqlardan biri İrena idi. Polyak dilini və mədəniyyətini öyrəndiyi Varşava Universitetinin mühazirə zallarında o qəsdən "yəhudilər üçün" nəzərdə tutulan skamyalarda otururdu. Belə ki, 1930-cu illərdə Universitet auditoriyalarının son sıralarında yəhudi tələbələr üçün "getto skamyası" adlanan xüsusi skamyalar təyin olunmuşdu. Nasistlər İrenanın yəhudi rəfiqəsini döydükdən sonra, o öz tələbə biletində ona "ari yerləri"ndə oturmağa icazə verən möhürü silir. Buna görə o üç il müddətinə təhsil almaqdan kənarlaşdırılır.

Varşava gettosu

[redaktə | mənbəni redaktə et]

Hitler Almaniyası Polşanı işğal edəndə İrenanın 30 yaşı var idi. Nasist işğalı zamanı Varşava və kiçik şəhərlərdə yaşayan yəhudiləri şəhər gettosuna heyvan sürüsü kimi qovurdular. Bu 4km² ərazidə 500 000-dən çox yəhudini, uşaqlar və böyükləri yerləşdirirdilər. Onların yaşaması dəhşətli dərəcədə ölümcül idi. İrena Sendler şəhər bələdiyyəsinin sosial təminat bölməsinə düzələrək tez-tez Varşava gettosuna gedirdi. O onun sakinlərinə gizli şəkildə yemək, dərman və paltar gətirirdi. Tezliklə almanlar yəhudi olmayanların gettoya baş çəkməyə gəlməsinə qadağa qoyurlar. Onda İrena ora sanitar xidmətin işçisi kimi getməyə başlayır.

1942-ci ildən yəhudilər yardım məqsədilə yaradılmış gizli Polşa təşkilatı olan – "Jeqota" yəhudi uşaqlarının xilas edilməsi üçün iri həcmli aksiyada İrena Sendlerə kömək etməyə başlamışdır. İrena "İolanta" təxəllüsünün altında fəaliyyət göstərirdi. O gettodakı insanları yaxşı tanıyırdı və bu aksiyanın müvəffəqiyyətlə yerinə yetirilməsi üçün baza rolunu oynamışdır. İrena Sendler gettoda olan evlərə, zirzəmilərə, baraklara gedərək ordakı uşaqlı ailələri axtarırdı.

1943-cü ilin mart ayından Varşava gettosundan Treblinka həbs düşərgəsinin qaz kameralarına hər gün minlərlə yəhudi ilə doldurulmuş qatarlar gedirdi. Beş ay ərzində orada üç yüz min insan məhv edilmişdi. Bundan başqa aclıqdan ölənlər də çox idi. Hətta Treblinka həbs düşərgəsinə aparılmayana qədər gettoda aclıqdan ölüm adi bir hadisəyə çevrilmişdi. Belə ki, 1 ay ərzində yəhudilərə verilən çörəyin çəkisi 2 kq idi. Gettonun ləğv edilməsi bir il boyunca davam etmişdir. Varşavada yalnız hərbi zavodlarda işləyən yeniyetmələri və cavanları saxlayırdılar. Faşistlərin yəhudiləri məhv etmək üçün iki etibarlı silahdaş var idi – yatalaq və aclıq. Hər səhər İrena küçədə bir tikə çörək xahiş edən yəhudi uşaqlarını görürdü. Axşam o evə qayıdanda o artıq həmin uşaqların üstünün kağızla örtülərək öldüyünü görürdü. "Bu əsl cəhənnəm idi – yüzlərlə insan düz küçələrin ortasında ölürdülər…". İrena anladı ki, uşaqlar nə bahasına olursa olsun xilas etmək lazımdır. Nasistlər epidemiyaların yaranmasından ehtiyat etdiyindən Varşava Səhiyyə İdarəsinin tibb işcilərinə yəhudilərlə ünsiyyətdə olmağa icazə verirdilər. Onlar dərmanın paylanması üçün kip qorunan gettodan içəri girməyə malik idilər. Gettoda İrena yəhudilərlə həmrəyliyin rəmzi kimi Davidin ulduzunu geyirdi. Bu "qanuni" baca ona çoxlu yəhudini xilas etməyə kömək olmuşdur. İrena bir neçə aylığından tutmuş 15 yaşına qədər olan uşaqların Varşava gettosundan gizli şəkildə idarəyə göndərilməsini təşkil etmişdi.

İrena faşistlərin epidemiya qorxusundan istifadə edərək və uşaqların bu cəhənnəmdən qurtulması üçün gettodan çıxmaq üçün 4 yol tapmışdır. Onun fəaliyyəti boyu o tək hərəkət etmirdi. Ona kömək edənlər arasında yük maşınının sürücüsü olduğu da bildirilirdi. Belə ki həmin şəxs uşaqları yük maşınının kuzovunda uşaqları daşıyırdı. Sürücünün bir iti var idi və onu özü ilə kabinəyə götürürdü. Sürücü almanları görən kimi itin pəncəsinə amansızca ayağı ilə basırdı və it ağrıdan hürməyə başlayırdı. Bununla o, uşaqların ağalaması səsini batırırdı. İtlər hər şeyi tez öyrəndiyindən artıq iti sahibinin ayağının yaxınlaşdığını görən kimi hürməyə başlayırdı. Bu it də uşaqların xilas edilməsində belə iştirak etmişdir. Onlardan savayı könüllü tibb bacıları körpələrə yuxugətirən dərmanın kiçik dozasını verirdilər və cəsədlərlə birlikdə onları şəhərə çıxardırdılar. Həmçinin bütün Varşava boyu hərəkət edən və gettoda dayananan məşhur tramvay 4 nömrəli tramvay var idi ki, onu yəhudilər "həyat tramvayı" adlandırırdılar. Tibb bacıları onun oturacaqlarının altında olan karton qutularında körpələri gizlədərək öz bədənləriylə onların qabağını tuturdular. Hətta uşaqları zibil kisələrində və şəhər çirkab quyuları üçün nəzərdə tutulmuş tullantılar və qanlı bintlər olan taylarda gettodan çıxarırdılar.

1942-ci ilin iyulunda gettodan gətirdiyi və 6 aylığından qəyyumluğa götürdüyü qızı Eljbetta Fisovskayada məhz belə şəkildə xilas olmuşdu. Qızın valideynləri nasistlər tərəfindən məhv edilmişdilər. Sonradan xilas edilmiş uşağın adı və ailəsini dəyişmək lazım oldu. Artıq 60-dan çox yaşı olan həmin qız bu həqiqəti yalnız 17 il əvvəl bildikdən sonra bu sözləri demişdi: "Sendlersiz mən sağ qalmazdım. Mən bütün ömrü boyu ana kimi sevdiyim bir adamın əslində mənim anam olmadığını bildikdə bu mənim üçün ən böyük xəsarət olmuşdur." Eljbetta indi "Holokostun uşaqlarının Assosiasiyası"na rəhbərlik edir. O, öz taleyi haqqında həqiqəti bildikdən sonra heç vaxt artıq o dəhşətli hadisələrin nəticələriylə məşğul olmağı dayandırmamışdı. O çox illər özünün üçüncü anası kimi hesab etdiyi İrena Sendlerə baş çəkirdi.

Həmçinin körpələri kanalizasiya kollektorları vasitəsilə çıxardırdılar. Bir dəfə Sendler hətta özündə uşağı yubkasını altında gizlətmişdi. Böyük uşaqları isə gettonu əhatə edən binalar vasitəsilə gizli gedişlərlə çıxarırdılar. Əməliyyatlar saniyələr üzrə hesablanmışdı.

İrena Sendler yəhudi uşaqlarını öz analarından ayrılması kimi qorxulu bir seçimi qoyduğunu xatırlayanda yüzlərlə ananın "Onlar xilas olacaqlar?" sualını yada salırdı.Lakin onun özü də bunu bilmirdi. Çünki onun gettodan sağ çıxacağına zəmanət verə bilməzdi. İrena sonralar xatırlayırdı: "Mən dəhşətli səhnələrin şahidi idim, məsələn, ata uşaqdan ayrılmağa razılaşsa da anası yox deyirdi. Qışqırıqlar, ağlamaq... Növbəti gün məlum olurdu ki, artıq bu ailəni həbs düşərgəsinə göndəriblər. Bəli, məhz əsl qəhrəmanlar mənə öz uşaqlarını etibar edən analar idi".

İrena hesablamışdı ki, bir uşağı xilas etmək üçün 12 nəfər kənar insan tələb olunurdu: nəqliyat vasitələrinin sürücüləri, xidmətçilər tibb bacıları. Uşaqlara yeni adlar verilir və qadın monastırlarında, şəfqət göstərən ailələrdə, sığınacaqlarda və xəstəxanalarda yerləşdirirdilər. İrena sonralar yazmışdır: "Onda heç kim heç vaxt sığınacağa ehtiyacı olan yəhudi uşaqlarını öz evlərinə götürərək saxlamaları üçün imtina etməmişdir".

Bir dəfə Sendlerin əvvəlcə uşaq evinə, sonra isə bir polşa ailəsinə verdiyi bir balaca oğlan barədə rahibə İrenaya bu sözləri demişdir: "İnsanın nə qədər anası olar bilər?" Axı həqiqətən hamı onun qayğısına qalmışdır, onların hamısı onun üçün ana idilər.

Belə bir faciəli paradoks mövcud idi: gettodan uşağı çıxarmaq, onun azadlıqda həyatını qoruyub saxlamaqdan daha çətin idi. Ən gözlənilməz yerlərdə körpələri gizlədirdilər. Sendlerə rahibələr çox kömək etmişdir. Belə ki onlar 500-dən çox yəhudi uşağını xilas etmiş və öz canlarından buna görə keçmişdilər. Belə ki, 1944-cü ildə faşistlər onların üstlərinə benzin tökərək yandırmışdılar. İrena Sendler özünün və anasının şəxsi həyatı ilə risk etmişdir. Çünki həmin dövrdə yəhudilərə kömək ölüm demək idi. İrena Sendler hər xilas etdiyi uşağın əvvəlki və indiki adını uzun nazik kağıza yazıb şüşə bankaların içərisinə qoyurdu. Bu bankalar isə rəfiqəsinin evlərinin bağındakı alma ağacının altında basıdırılırdı.

1943-cü il 20 oktyabr tarixində anonim xəbərçiliyə əsasən İrena Sendler həbs edilir. O qapını nasistlər açmamışdan əvvəl əlindəki uşaqların adları olan kağızı rəfiqəsinə verir. Gestapoçular heç bir sənəd tapmadıqlarına görə İrenanı özləri ilə aparırlar.Lakin rəfiqəsini isə aparmadılar. Orada İrenanın əl və ayaqlarını qırsalar da, İrena onlara heç nə demir. 3 ay ərzində İrenanı Paviakdakı həbsxanada saxlayırlar, sonra isə güllələnməyə göndərirlər. 1944-cü ilin fevralında digər əsirlər kimi güllələnməyə aparılan İrenanın güllələnməsinə bir neçə saat qalmış alman əsgəri onu sorğuya apardığını bildirir. Lakin heç bir sorğu yox idi. Əsgər onu itələyərək ona polyak dilində deyir: "Qaç!"

"Jeqota" onu xilas etmişdir. Onun soyadını başqa soyadla (Dombroskaya soyadı ilə) əvəz edirlər. Növbəti günü İrena öz adını güllənilənlərin siyahısında görür. Daha onu axtaran yox idi. Lakin o müharibənin sonuna kimi yəhudi uşaqlara kömək etməyini davam etdirdi.

1947 -ci ildə Stefan Kamenski ilə ailə həyatı qurmuşdu.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]
İrena Sendler uşaq ikən xilas edilən bir neçə insanla birlikdə (2005-ci il)

Müharibədən sonra İrena həmin bankaları yerdən çıxararaq içərilərindəki kartoçkaları üzə çıxarır. O xilas olmuş uşaqların və onların valideynlərinin axtarışına başlamağı qərara alır. İrena bütün bunları "Jeqota" da katib işləyən Adolf Bermana verir. 1947-ci ildən yəhudilərin Polşadakı mərkəzi komiteti xilas olmuş uşaqları taparaq onları İsrailə göndərmişdir.

İrena Sendler (2005-ci il)

Sonralar İsrail dövləti ilə siyasi fikir ayrılığına görə Polşa hökuməti İrenanı İsrailə getməyə qoymamışdır. O ancaq İsrailə Polşada kommunist rejiminin və hökumətin devrilməsindən sonra gedə bilmişdir.

O, ömrünün son illərini Varşavanın mərkəzində yerləşən balaca birotaqlı mənzildə keçirmişdir.

1965-ci ildə Holokost muzeyi "Yad va-Şem" İrena Sendlerə "Dünya xalqlarının daşıyıcıları" adını vermişdilər.[1]

2003-cü ildə Polşa prezidenti Aleksand Kvasnevski onu Polşanın ali ordeni olan "Ağ Qartal" ordeni ilə təltif etmişdir.

2007-ci ildə Polşa prezidenti və İsrailin baş naziri onun 2500-dən çox yəhudini xilas etdiyi üçün Nobel Sülh mükafatına namizədliyini vermişdir. Lakin mükafat qlobal istilik sahəsindəki fəaliyyətlərinə görə ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qora verilmişdir.

2007-ci ildə o, "Təbəssüm Ordeni" ilə təltif olunmuşdur. O, bu ordeni alan ən yaşlı şəxs olmuşdur.

Varşava və Tarçin şəhərinin fəxri vətəndaşıdır.

2009-cu ilin aprelində amerika televiziya ekranlarına 2008-ci ildə Latviyada çəkilmiş "İrena Sendlerin cəsur ürəyi" adlı televiziya filmi çıxmışdır. Bu filmdə İrena rolunu Yeni Zenladiyalı aktrisa Anna Pekuin canlandırmışdır.

İrena Sendlerin portreti Varşava gettosundan yəhudi uşaqların xilasında iştirak etmiş Matilda QetterZofya Kossak-Şutskayanın rəsmləri ilə birlikdə polşa gümüş monetalarında yerləşdirilmişdir.

  1. İrena Sendler Arxivləşdirilib 2018-01-15 at the Wayback Machine - Yad va-Şem Arxivləşdirilib 2020-01-12 at the Wayback Machine - official site  (ing.)