İsa Gülməmməd oğlu Kərimov (25 sentyabr 1919, Soğanlıq – 1983, Bakı) ― kimya elmləri doktoru (1971), professor (1974), AMEA-nın müxbir üzvü (1980).[1]
İsa Kərimov | |
---|---|
İsa Gülməmməd oğlu Kərimov | |
Doğum tarixi | 25 sentyabr 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 1983 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Gülməmməd Kərimov |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1971) |
Elmi adı | professor (1974) |
Təhsili | |
Tanınır | professor |
Üzvlüyü | AMEA |
Mükafatları |
İsa Kərimov 25 sentyabr 1919-cu ildə Gürcüstan Respublikasının Soğanlıq kəndində anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Belə ki, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən İsa Kərimov müharibədən sonra təhsilini davam etdirərək 1946-cı ildə Bakı Dövlət Universitetini bitirir.[1]
İsa Kərimov əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlayıb. Belə ki, institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrini icra edib.[1]
İsa Kərimov aşağı temperaturlar kimyasının əsasını qoyub. Onun kriogen mərkəzinin yaradılmasında xidməti əvəzsizdir. Alimin rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq 1966-cı ildə Fizika İnstitutunun Kriogen korpusunda maye azot və helium alınmışdır, aşağı temperaturda bir sıra yarımkeçirici materialların kimyəvi, maqnitoelektrik xassələrinin diamaqnit nüfuzluğu hissəsinin və kvant-mexaniki hesablanmaları əsasında maqnit yarımkeçiricilərdə kimyəvi əlaqənin təbiətinin hərtərəfli tədqiqi aparılmışdır.[1]
Materialların (CuS 1 CuFCS 2) xassələrinin tədqiqi nəticəsində ilk dəfə olaraq təbəqə nümunələrinin ifrat keçiricilik halına keçməsinin, temperatur artmasının qanunauyğunları müəyyənləşdirilmişdir. Bakı neft-maşınqayırma zavodlarından birində 50 000 ersted sahə yarada bilən nəhəng maqnit yığdırıldı. Qısa müddət sonra maye helium və hidrogen alınaraq aşağı temperaturlarda nadir, incə fizika təcrübələri aparılmağa başlandı.[1]
İsa Kərimov 1946-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasına daxil olub. O, 1951-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1971-ci ildə kimya üzrə elmlər doktoru, 1974-cü ildə isə professor elmi adını alıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilib.[1]
142 əsərin müəllifi olan İsa Kərimovun əsərlərinin əksəriyyəti indeksli xarici jurnallarda çap olunub. O, beynəlxalq konfranslarda və simpoziumlarda dəfələrlə məruzə ilə çıxış edib.[1]
SSRİ Elmlər Akademiyasının "Aşağı temperaturlar fizikası" Problem Şurasının və institutun ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olub.[1]
İsa Kərimov 1941–1945-ci illərdə müharibədə iştirak etdiyinə, elm və texnikanın inkişafındakı nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Qırmızı Ulduz" ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif olunub.[1]