İsfəndiyar (mərzban)

İsfəndiyar ibn Fərruxzad — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu.

İsfəndiyar
Doğum tarixi VII əsr
Atası Fərruxzad Bavəndi
Fəaliyyəti hərbi lider[d]

639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər.

Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.

Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi. Mərzban basılıb barışığa gəldi. İsfəndiyar sərkərdə Bukeyrə "əgər məni öldürsəniz, bütün Azərbaycan mənim intiqamımı alacaq" demişdi.[1] Azərbaycan əhalisi tabe olub torpaq və can vergisi ödəməyi, "hər kişi" bir ərəb əsgərini evində saxlamağı üzərinə götürdü. Ərəblər isə onların dini görüşlərinə – etiqad, ayin və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlər aman alır, ərəb qoşununa öz istəyi ilə girmək arzusunda olanlar bir il vergilərdən azad edilirdi. Ərəb qoşunu buradan Muğana yollandı. Ancaq Azərbaycan əhalisi üsyana qalxıb bağlaşmanı yerinə yetirməkdən boyun qaçırdı.

Ərəblərə qarşı onun müqaviməti haqqında mənbələrdə qeydlər var. Qaynaqlarda yazılır ki, Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O Bacrəvan, Meymənd,Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.[2][3].

646-cı ildə əl-Valid ibn Ukbanın başçılığı ilə buraya göndərilən yeni qoşun üsyanı yatırdı. Yeni bağlaşma üzrə ərəblərə ildə 800 dirhəm vergi ödənilməli idi.

İsfəndiyar sonra ərəb valisi ilə əvəzləndi. Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar"[4][5]. Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644–645)-cü ildə üsyan qaldırıb, "müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar".[6][7]

  1. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I. B. Tauris. ISBN 978-1-84511-645-3.
  2. Əl-Bəlazuri, səh. 325–326
  3. Yaqut, I, 173
  4. Əl-Bəlazuri, 326
  5. əl-Yaqut, I, 173
  6. Ət-Təbəri, I, 2804
  7. əl-Bəlazuri, 328