İsmayıl Əliyev (jurnalist)

İsmayıl Hüseyn oğlu Əliyev (İsmayıl Hüseynoğlu; 22 iyun 1927, Sədənağac, Yeni Bəyazid qəzası11 may 2010, Bakı) — Azərbaycanlı jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1959), Basarkeçər rayonu "Bolluq uğrunda" qəzetinin baş redaktoru (1953–1959).

İsmayıl Əliyev
Doğum tarixi 22 iyun 1927(1927-06-22)
Doğum yeri
Vəfat tarixi 11 may 2010(2010-05-11) (82 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist, müəllim, redaktor
Üzvlüyü

İsmayıl Hüseynoğlu Əliyev 1927-ci il iyun ayının 22-də Göyçə mahalının Hacı Qərib-Sadanağac-Güney kəndində Alıoğlu Hüseynin və İrvaham qızı Həlimənin ailəsində dünyaya göz açmışdır. İlkin orta təhsilini Hacı Qərib-Sadanağac kəndində almışdır. 1939–1942-ci illərdə İrəvan türk Pedaqoji Texnikumunu dil-ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir. 1942–1944-cü illərdə Göyçədə pedaqoji fəaliyyət göstərmişdir. Böyük Vətən müharibəsinin başlanması ilə 1944-cü ildə yaşını bir il artıraraq könüllü şəkildə ordu sıralarına qatılmış, Kutaisi şəhərində hazırlıq mərhələsi keçdikdən sonra Varşava cəbhəsinə göndərilmiş, Varşavanın azad olunmasında yaxından iştirak etmişdir.

Müharibədən qayıtdıqdan sonra 1948–1953-cü illərdə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Eyni zamanda Pəmbək, Sadanağac, Şişqaya, Dərə kəndlərində dərs hissə müdiri, məktəb direktoru kimi pedoqoji fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Basarkeçər rayon "Bolluq uğrunda" rayon qəzetinə baş redaktor təyin olunur. Qəzet iki dildə: azərbaycan və erməni dillərində çıxırdı.[1]

İsmayıl Əliyev 1953–1959-cu illər Basarkeçər rayonu "Bolluq uğrunda" rayon qəzetinin baş redaktoru, mətbuat işinə çox gözəl bələd olan ünlü jurnalist, kəsərli qələm sahibi, 1959-cu ilin aprel ayından SSRİ Jurnalistlər İttifaqının üzvü. Partiya və ideoloji iş üzrə RPK-da təbliğatçı (1950), iqtisadçı, kolxoz-sovxoz direktoru, ideoloji iş üzrə partiya fəalı, Bakı Ali Partiya məktəbinin məzunu (1962–1964), 1950–1988-ci illərdə Basarkeçər Rayon Sovetinə 38 il fasiləsiz olaraq deputat seçilmişdir.[2]

Həyatının uğurlu bir mərhələsi 1962–64-cü illərdə Bakı Ali Partiya məktəbinə daxil olur və oranı fərqlənmə ilə bitirir.[3]

1964–66-cı illərdə Ermənistan KP Mk-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin 7 bölgə üzrə-Basarkeçər, Krasnoselsk, Kamo, Martuni, sevan, İcevan, Abovyan bölgələri üzrə xüsusi müxbiri təyin olunur. 1966–68-ci illərdə Ağkilsə-Azad sovxozunda direktor, 1968–73-cü illərdə Babacan, Pəmbək və Güney kəndlərində kolxoz sədri, təsərrüfat rəhbəri vəzifələrində çalışmışdır.[4]

1972–88-ci illər ərzində Güney kənd orta məktəbində məktəb direktoru kimi fəaliyyət göstərmiş, böyük bir müəllim ordusu ilə yeni nəslin təlim və tərbiyəsində böyük zəhməti olmuşdur. Onun yüksək mənəviyyatı, pedoqoji ustalığı, insanlarla rəftarı, böyük ürəyi, torpaq-vətən sevgisi çoxlarına nümunə olmuş, çoxlarının idealına çevrilmişdir. Əgər bir zamanlar Ulu Göyçə mahalında maarifçilik kultu adına bir simvol yaranarsa, orada Göyçənin bir çox maarif, elm fədailəri ilə bərabər İsmayıl Əliyevin də adı ən uca yerlərdən birində dayanacaqdır.

Ensiklopedik biliyə, analitik düşüncəyə, güclü yaddaşa, ağıla-məntiqə söykənən qeyri-iradi güclərə malik Vətən, həyat eşqli bu mavigözlü türk oğlu öz uca dininin, millətinin və vətəni Azərbaycanın-Göyçənin vurğunu idi. Və bütün həyatını erməni gədalarına qarşı mübarizədə keçirdi. Öz həmvətənlərini erməni-daşnak məkrindən qorumaq üçün doğma Göyçəsini son gününəcən qoruyanlardan oldu. 1988-ci il dekabrın 5-i həyat yoldaşı Süsənbər xanımla Göyçəni axırıncı tərk edənlərdəndi. O, bir an olsun kökünü-ocağını unutmadı. Bu illərdə onun jurnalist qələmi daha qətiyyətlə xalqının ağrı-acılarına işıq tutmağa, xalqımızı faciədən çəxarmaq yollarını göstərməyə çalışdı. Qarabağ-Göyçə acılarını ürəyində daşıya-daşıya dünyaya-həmvətənlərinə səsləndi:

"Azərbaycan səcdəgahımız, türkçülük isə tacımızdır".

İsmayıl Əliyev və həyat yoldaşı Süsənbər xanım 6 övlad böyüdüb boya-başa çatdırmış, ev-eşik sahibi etmişlər. Azərbaycan-Göyçə sevdalı İsmayıl Hüseyn oğlu Əliyev 2010-cu il may ayının 11-də Bakı şəhərində vəfat etmişdir.

Göyçə mahalında yetkin jurnalistikanın əsasını qoymuş İsmayıl Əliyev jurnalist mədəniyyətinə, jurnalist etikasına öz möhürünü vurmuşdur. Ondan sonra gələnlər — Yunis Abdullayev, İbad İbrahimov, Qədir Aslan, Rövşən Əliyev və başqaları bunu dəfələrlə etiraf etmişlər. İsmayıl Əliyev jurnalistlik fəaliyyətinə 1953-cü ilin sonlarından etibarən Basarkeçər rayonu "Bolluq Uğrunda"rayon qəzetinə baş redaktor təyin olunduğu zaman başlamışdır. Onun "Bolluq uğrunda" rayon qəzetindəki fəaliyyətini xarakterizə etmək üçün İbad Qəşəmoğlunun "Alınmaz qala" adlı kitabından səhifələrə nəzər yetirmək lazımdır:

"Hələ institutu bitirməmiş onu "Bolluq uğrunda"rayon qəzetinə birbaşa redaktor apardılar. Böyük seçim idi, düzgün seçim idi. Rayon qəzetinin həyatında yeni mərhələ başlandı. Redaktorun şəxsində rayonun tarixini gözəl bilən, adamların mənəviyyatına nüfuz edən, insanların gücünü ümumi işə səfərbər edən bir qüvvə açıq-aydın görünürdü. O, hərtərəfli bir insan idi. Ədəbiyyatı ələyir, tarixi vərəqləyir, siyasəti duruldur, təbabətə baş vurur, riyaziyyata maraq göstərir. İslam dininin ilahi gücünə səcdə edirdi. Səlis danışığı, nüfuzedici nitqi, tarixin ibrət dərsləri onun mənəviyyat dünyası idi. O, elm adamı, siyasət adamı, kamal sahibi idi. qeyrətdə qeyrət, namus, təəssübdə təəssüb idi İsmayıl müəllim. Sözün qısası, bir ensiklopediya toplusu idi İsmayıl müəllim".

1962–1964-cü illər Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Göyçəyə qayıdan İsmayıl Əliyev tezliklə Ermənistan Mərkəzi Komitəsinin orqanı olan "Sovet Ermənistanı" qəzetinə 7 bölgə üzrə xüsusi müxbir təyin edilir. Onun ən böyük amalı öz camaatına — Azərbaycan türklərinə xidmət etməkdən ibarət olmuşdur. Artıq o, nəinki Göyçə, bütün ətraf mahal və bölgələrdə nüfuz və bacarıq sahibi olan bir ziyalı kimi tanınır, sevilirdi. "Sovet Ermənistanı" qəzetində işlədiyi dövr onun həyatının jurnalist kimi 2-ci dövr yaradıcılığı adlandırılmalıdır. Xüsusi müxbir kimi fəaliyyət göstərdiyi dövrə aid 40-dan çox məqaləsi vardır.

1988-ci illərdən başlanan və nəhayətdə 20%-dən çox Azərbaycan torpaqlarının itirilməsi ilə nəticələnən "Qarabağ düyünü-Qarabağ müharibəsi" xalqımıza böyük bəlalar gətirdi. Qarabağ başda olmaqla, qədim türk torpaqlarının, o cümlədən, Göyçə mahalının itirilməsi ilə nəticələndi. Məhz bu zamanlardan başlayaraq, o, müstəqil media orqanlarında sanballı məqalə, tarixi oçerk və publisistik yazılarla çıxışlar etdi və Azərbaycan jurnalistikasında İsmayıl Hüseynoğlu imzası ilə tanındı. Bu illlərdə onun jurnalist qələmi bir an belə durmadan Qarabağ həqiqətlərini üzə çıxarmağa, erməni-faşist məkrindən qorunmaq üçün xalqına xilas və nicat yollarını göstərməyə çalışırdı: "Göyçə nisgili-Göyçə dərdi" (Yazılmamış tarix, yaxud 9 ay mühasirədə) — 25 iyul 1991-ci il "Qarabağ"qəzeti; "Oxucu sözü- oxucu iradı"-26 dekabr 1992 "Qarabağ", "Kəndin səsi"qəzetləri; "Təxribatçılığa qarşı nə etməli?" — 4 iyul 1991 "Qarabağ" qəzeti; "Xilasımız nədədir" — 9 yanvar, 6 fevral, — 13 fevral 1992 "Qarabağ"qəzeti; "Mən kiməm" — 16 sentyabr 1992, "Mən kiməm-Azərbaycanlı, yoxsa, türk" 4 fevral 1993 "Şimali Azərbaycan"qəzeti; "Nədən narahatam" — 24 iyun 1993 "Şimali Azərbaycan"qəzeti məqalələr seriyası və s.

Geniş yaradıcılıq yoluna malik İsmayıl Əliyev-İsmayıl Hüseynoğlu həyatını Azərbaycan və öz göyçək Göyçəsinə həsr etdi. Şərəfli bir insan ömrü, əməlləri ilə=sevgisi ilə insanlara örnək oldu və hər zaman Azərbaycanı, Göyçəni sevdi:"Allah bizə vahid bir Azərbaycan bəxş etmişdir, iki yox. Onu imperiyalar bölüşdürsələr də, əlimizdə qalanı göz bəbəyimiz kimi qorumalı, saxlamalıyıq. Azərbaycan səcdəgahımız, türkçülük isə tacımızdır".

  1. Məlahət İsmayılqızı, "Göyçənin rəmzi Göyçə gölüdür", Bakı, 2017
  2. Məlahət İsmayılqızı, "İtirilmiş cənnət yaxud Göyçə rəmzləri", Bakı, 2015
  3. İbad Qəşəmoğlu, "Alınmaz qala", Gəncə, 2008
  4. Eldar İsmayıl, "Oğuz yurdunun övladları", Bakı, "Təbib", 1999. ISBN 5-8035-0191-3