Bayramov İsmayıl Xəlil oğlu (1900, Stavropol – 10 fevral 1945) — Sovet İttifaqı Qəhrəmanı.
İsmayıl Bayramov | |
---|---|
İsmayıl Xəlil oğlu Bayramov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 fevral 1945 |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbəsi | starşina[d] |
Döyüşlər | |
Təltifləri |
Stavropol vilayətində azərbaycanlı ailəsində dünyaya göz açmış və doğulduğu Dolinovka kəndində kolxoz sədri vəzifəsindən 1941-ci ildə orduda xidmətə çağırılmışdır.
İsmayıl Bayramovun atası Xəlil kişi Borçalı nümayəndəliyinin Sarvan kəndindən, anası Tamam arvad isə həmin nümayəndəliyin Görarxı kəndindən idi.
Kəndli ailəsində boya-başa çatan Xəlil kişi Tamamla ailə qurduqdan sonra Borçalıda yaşayış tərzinin çətinliyi gənc ailəni Şimali Qafqazda mulkədar kimi imkanlı, milliyyətcə rus olan Nemov, Bondarenko, Soljenıtsın, Bıkov və başqalarının qoyun sürülərinə çoban olmağa gətirib çıxartdı. Xəlil Stavropol diyarının Georgiyevski bölgəsində məskunlaşıb çobanlıq etməyə başladı.
Gələcəyin qəhrəman oğlu, Borçalı balası İsmayıl 1910-cu ildə dünyaya göz açdı. Hələ uşaq yaşlarından atasının yanında çobanlıq edib təsərrüfatda bərkdən-boşdan çıxırdı.
İsmayıl söyləmələrə görə, məktəb yaşlarında çox gözü açıq, qıvraq, qorxmaz və igid bir uşaq idi. Ailə vəziyyəti yeniyetmə İsmayıla yalnız 1922-ci ildə Georqovski şəhərində oxumağa imkan yaratdı. Burada cəmi beş il oxudu. 1927-ci ildə bu bölgədə məskunlaşan azərbaycanlılara dövlət torpaq, mal-qara və s. təsərrüfat imtiyazları verdi. Elə həmin illərdə burada Borçalı, Sarvan, Korarxı, Naxçıvan, Kürdəmir və Dağıstandan gələn azərbaycanlılardan ibarət xutor-yaşayış məntəqəsi yaradılır. 1929-cu ildə xutorda kollektiv təsərrüfatı yaradıb adına da dahi dövlət rəhbərimiz və həkim-pedaqoqumuz Nəriman Nərimanovun adını verirlər.
Xəlil və Tamamın İsmayıldan başqa bir neçə uşaqları – Məhərrəm, İsrafil, Cəlil, Cəbrayıl və Gülcahan dünyaya göz açırlar. Artıq İsmayılın uşaqlıq dövrü arxada qalmışdı. O, evin böyük övladı kimi kolxozda işləməyə başladı.
İsmayıl həddi-büluğa çatdıqda (1933), Məleykə adlı bir qızla toy edib ailə qurur. İsmayılın dünyagörüşü, onun insaniyyəti və işgüzarlığı yaşadığı və çalışdığı kolxozun camaatının gözündən yayınmadı. Onu elə cavan yaşlarında partiya sıralarına çəkib, təsərrüfata rəhbər qoyurlar. O, işlədiyi illərdə bütün zəhmətkeşlərin və dövlətin etimadını doğrultdu. Onun kolxozu ildən-ilə məhsuldarlığı inkişaf etdirib vilayətdə qabaqcıl yerlərə çıxmışdır.
Artıq Böyük Vətən müharibəsi başlanmışdı. İsmayıl da bir vətənpərvər oğul kimi müharibəyə gedib vuruşmaq istəyirdi. Lakin hökumət onu buraxmadı. O, arxada müharibə üçün ərzaq məhsullarının hasilatı ilə məşğul oldu. Nəhayət, 1943-cü ilin qızğın döyüşləri Stavropol torpağını da tapdalayıb quldur alman döyüşçüləri tərəfindən zəbt edilmişdi. Artıq qardaşı Məhərrəm müharibədə vuruşur, İsrafil isə kursant forması geyinirdi. Bu dəhşətli günləri İsmayılın həyat yoldaşı Məleykə belə xatırlayır: günlərin birində axşamüstü bizə bir nəfər qaraçaylı gəldi. O, İsmayıl ilə təkbətək gizli söhbətlər etdi. İsmayıl Telman adına xutor məntəqəsinə yaxın qohumu Hüseynov Qəmbərin yanına getdi. Sentyabr ayının başlanğıcı idi. Bizə bir nəfər ayaqqabı təmirçisi sifətində adam gəldi. Səhəri günü İsmayıl bütün xutorun kommunistlərini yığıb onlara müharibənin gedişatı haqqında xəbər verdi. Camaatı düz yola istiqamətləndirmək, bizim müharibəni uğurla başa vurmağımız haqqında geniş söhbətlər apardılar. Beləliklə, artıq 1943-cü il öz uğurlu addımlarını bizim bu torpaqda da atmağa başladı. Biri digərinin ardınca yanvarın 21-də Stavropol, 26-da Armavir, Kubanın çölləri, neft şəhəri olan Maykop və Krasnodar kimi şəhərlər azad edildi. Bu vaxt İsmayıl müharibəyə getmək üçün sənədlərini yerli hərbi komissarlığa təqdim etdi. Nəhayət, 1943-cü il iyunun 6-da bütün camaat onu müharibəyə yola saldı. İsmayıl Bayramov Qırmızı Bayraqlı atıcı diviziyasında qulluq edirdi. O, bu diviziyada ölüm-dirim yolu keçmişdi. Onun ən cəsur, igid, yenilməz və cəngavər bir döyüşçü kimi Citomir, Novqorod, Volınska, Rovno, Zdolbunov, Polşa, Dnepr sahilləri və s. şəhər və ərazilərin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar heç vaxt yaddan çıxmayacaqdır. Onun bu döyüşlərdə rəhbərlik tərəfindən aldığı yeni-yeni tapşırıqlar İsmayıl Bayramov tərəfindən ustalıq və məharətlə yerinə yetirilirdi. Onun dəfələrlə düşmən əhatəsindən sağ-salamat çıxması bütün döyüş yoldaşlarını, rəhbərliyi və eyni zamanda düşməni belə mat-məəttəl qoymuşdu. İgid Borçalı balası Koroğlu, Cöyrə oğlu Qara, Səməd ağa kimi meydanda döyüşüb vuruşardı. Onun yaddaqalan döyüşlərindən biri də əlbəyaxa vuruşudur. 1944-cü ilin sonları idi. Torpaq və şəhərlərimizi düşməndən azad edən zaman İsmayıl öz rota yoldaşlarından ayrı düşüb alman döyüşçülərinin əhatəsində qalır. Belə yaxın əlbəyaxa döyüşdə İsmayıl 40 nəfər alman əsgərini, 1945-ci ildə isə yenə belə bir döyüşdə 80 nəfəri öldürmüşdür.
İsmayılın belə igidliyi və qəhrəmanlığı haqqında diviziyanın komandiri A.S.Sarayev öz çıxışlarının birində belə deyib:-Sovet hərbi dairələri və onun döyüşən əsgərləri çoxmillətli cəngavər millətin ən yaxşıları ilə təşkil olunmuşdur. Starşina İsmayıl Bayramov kimi belə qəhrəman döyüşçülərlə heç bir vaxt düşmənə tabe olmaq olmaz. Biz, azərbaycanlı balası İsmayılla fəxr edirik!..
Əlbəttə, bu sözlər İsmayılı daha da göylərə qaldırıb və onun müharibə şücaətini daha prinsipial etdi.
İsmayıl Bayramovun qəhrəmancasına ölümü haqqında ən dəqiq və ətraflı material onun döyüş komandirlərindən Dmitriya Sviridovun 9 may 1945-ci ildə göndərdiyi məktub və sonra həmin məktubun əsasında (1945) Novoselitskidə çıxan "Bolşevik tribunası" qəzetində dərc edilmiş materialdır. O, İsmayıl haqqında belə yazmışdır:
-"İsmayıl Bayramov yaxşıların yaxşısı, döyüş komandiri olmaqla yanaşı, həm də çox gərəkli və əla partiya rəhbəridir". Bu sözləri təmiz vicdanlı və əqidəli rus komandiri demişdir.
Artıq 1945-ci ilin qışı idi. Dəhşətli döyüşlər alman ərazisində gedirdi. İsmayıl Bayramovun rəhbərliyi ilə onun döyüşçüləri Almaniyanın Neymarnt dəmir yolu vağzalında döyüşürdülər. Kritik döyüşlərin birində yenə İsmayıl vuruşa-vuruşa öz döyüşçülərindən kənarda qalmış və yüngül zədə aldıqdan sonra baxıb gördü ki, artıq hər tərəfdən alman əsgərləri ilə əhatə olunmuşdur. Cəsur azərbaycanlı balası-Borçalı yetirməsi olan İsmayıl "Vətən uğrunda! Partiya uğrunda" deyib axırıncı gülləsini də düşmənə tuş etmişdir. Böyük alman ordusunu pərən-pərən edən gənc Borçalı-Sarvan övladı düşmənə əsir düşməkdənsə özünü qəhrəmancasına öldürməyi üstün tutmuşdur. O, üstündə olan üç qumbaranın ikisini arxadan ona yaxınlaşıb "təslim ol, əsgər" deyən bir qrup alman əsgərlərinin üstünə atıb partlatmış, üçüncüsünü isə üzbəüz gələn alman zabitlərini özü ilə birlikdə partlatmışdır. Bu hadisə 1945-ci il fevralın 10-da baş vermişdir. Sovet əsgərləri bu dəmiryol vağzalını ələ keçirdikdən sonra axtarış vaxtı qəhrəman Sarvan balasının cənazəsini tapırlar. Cənazənin ətrafında düz 80 nəfər alman-faşist meyidi qalmışdı.
SSRİ Ali Sovetinin Məleykə xanıma göndərdiyi məktubda belə yazılmışdır: "Hörmətli Məleykə İsa qızı! SSRİ Hərbi Komandanlığının verdiyi xəbərə görə sizin həyat yoldaşınız və bizim qəhrəman döyüşçümüz İsmayıl Xəlil oğlu Bayramov düşmənə qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Sevetinin 10 aprel 1945-ci il tarixli qərarına əsasən ona Sovet İttifaqı Qəhrəmanı adı verilir.