İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur.[1] İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər.[2] Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur.
İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir. İstilik dəyişdiricilərinin dizaynı səmərəliyin artırılması məqsədilə istilikdaşıyıcıların arasındakı divarın səthinin sahəsini artırılıb eyni zamanda dəyişdiricidən keçən axını qarşı müqavimət minimuma endirilir. Hər iki istiqamətdə əlavə olunan büzmələr və qıvrımlar səthin sahəsini artıraraq və turbulentlik yaradaraq istilik dəyişdiricinin performansına təsir edə bilər. Hərəkətverici qüvvə olan temperatur səthin sahəsi boyunca dəyişir və orta loqorifmik temperatur fərqi ilə xarakterizə olunur (OLTF). Bəzəm OLTF məlum olmur və bu zaman transfer vahidlərinin sayı üsulundan istifadə olunur
İstiliyin ötürülmə üsuluna görə istilik mübadiləsi aparatları səthli və qarışdırıcı tipli olurlar.
Bu halda istiliyin ötürülməsi istilikdaşıyıcılar arasındakı ayırıcı bərk səth vasitəsilə ilə həyata keçirilir. Səthli aparatlar rekuperativ regenerativ tiplilərə bölünürlər. Rekuperativ aparatlarda qaynar axından soyuq axına istilik onları ayıran divar, yəni istilik mübadiləsi səthi vasitəsilə verilir. Regenerativ aparatlarda isə hər iki axın növbə ilə eyni səthlə görüşür. Bu halda, qaynar axınla qızdırılan bərk cismin (istiliyin udulması), sonradan soyuq axınla soyudulması (udulmuş istiliyin verilməsi) nəticəsində istiliyin ötürülməsi baş verir.
Qarışdırıcı tipli istilik dəyişdiricilərdə isə qaynar və soyuq axınların bilavasitə görüşmələri (qarışmaları) baş verir və istilik bu üsulla istilikdaşıyıcılar arasında ötürülür.
İstilik mübadiləsi həyata keçirilən axınların qarışması, bir qayda olaraq mümkün olmadığından, neft - qaz emalı və kimya müəssisələrində əsasən səthli istilikdəyişdiricilərdən istifadə edilir. Qaynar və soyuq axınlar eyni və ya qarşılıqlı həll olmayan maddələr olduqda, qarışdırıcı tipli aparatlardan istifadə oluna bilər. Bununla əlaqədar, barometrik kondensator, su püskürdülməsi ilə havanı soyudan kondensator, rektifikasiya kolonlarında dövr etdirilən suvarma boşqabı kimi quruluşları qeyd etmək olar.[3]