İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi[1][2]. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir[3]. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi[4]. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib[5]. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi[6]. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib[7][8].
İstisu kurortu | |
---|---|
| |
Tipi | kurort, sanatoriya |
Yerləşir | İstisu , Kəlbəcər , Azərbaycan |
Ünvan | İstisu qəsəbəsi |
Yaradılıb | 1927 |
Vikianbarda əlaqəli mediafayllar |
İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub[1]. İstisu isti, qaynar su deməkdir[9]. Buradan çıxan sular hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium , brom, yod , mərgümüş , fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Bu suyun da əksəriyyəti çaylara axıb gedir[10].
Mirəli Qaşqaya görə İstisu öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir[11].
Aprel inqilabından sonra 1925-ci ildə Azərbaycan SSR Səhiyyə Komissarlığının nəzdində kurort bölməsi yaradılır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlığı Şurası tərəfindən respublikamızda müalicəvi yerlərin (kurortlar) təşkili barədə qərar qəbul olunur. 1927-ci ildə burada müalicə-istirahət mərkəzi olan İstisu kurortu fəaliyyətə başlayır[12]. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilir[13]. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilir[3]. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi[4]. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib[5]. Burada yerləşən mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi[5].
27 mart 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən başlanan genişmiqyaslı hücum nəticəsində Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüşdür, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilmişdir[14] İşğalçılar buradan çıxan müalicəvi mineral suyun adını dəyişərək "Cermux" adı ilə xarici ölkələrə satıblar[15].
İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər o cümlədən də İstisu ərazisi işğaldan azad edilib[7][8].