İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası) — Vatikanın silahlı qüvvələrindən biri. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən qədim ordusu hesab etmək olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər.
İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı.
O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar. Təxminən 15 minə yaxın isveçrəli yay dövründə müxtəlif ölkələrin hərbi qüvvələrində xidmət edir, qışda isə evlərinə qayıdırdılar.[1]
Ona sadiq olacaq hərbi birləşmə yaratmaq istəyən Roma papası məhz bu səbəbdən məhz isveçrəliləri seçmişdi. Doğrudur, ondan əvvəlki Roma papaları da (IV Sikst, VIII İnnokent və VI Aleksandr) ölkədaxili çəkişmələrdə hərbi qüvvə kimi isveçrəlilərdən istifadə edirdilər. Lakin isveçrəlilər ayrıca qvardiya kimi təşkil olumamışdılar.
22 yanvar 1506-cı ildə ilk 150 qvardiyaçı Uri kantonundan olan kapitan Kasparvon Silenenin komandanlığı ilə ilk dəfə Vatikana daxil oldu və Roma papası II Yuli onların şərəfinə qəbul təşkil etdi [1]. Bu tarix qvardiyanın rəsmi yaradılma tarixi sayılır.
Roma papası VII Kliment öz xilasına görə məhz qvardiyaçılara borcludur. 6 may 1527-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru V Karlın qoşunları tərəfindən Roma işğala və yağmalanmaya məruz qalanda Roma papasını müdafiə edərkən 189 qvardiyaçıdan 147-si həlak olsa da, VII Klimenti San Ancelo qalasına qaçıra bilmişdilər[1]. O zamandan qvardiyanın yeni üzvləri mayın 6-da qeyd edilən İsveçrə qvardiyası günündə and içirlər.
İkinci dünya müharibəsi illərində alman-faşist qoşunları Romaya daxil olarkən İsveçrə qvardiyası müdafiə mövqeyi tutaraq elçilərə bildirmişdi ki, əgər nasistlər Vatikanın sərhədini pozmağa çalışsalar, qvardiyaçılar son patronlarına qədər vuruşacaqlar. Onda almanlar qarşıdurmaya getməmişdilər [2].
Tarixdə elə dövrlər olmuşdu ki, qvardiyanın mövcudluğunun zəruriliyi şübhə altına alınmışdı. XIX əsrin əvvəllərində İsveçrə Konfederasiyası ölkədən kənarda muzdlu hərbi xidməti ləğv etdi, 1970-ci ildə isə Roma Papası VI Pavel kilsənin sülhsevər obrazını möhkəmləndirmək üçün Vatikanın hərbi birləşmələrini ləğv etmişdi.
Bu gün qvardiyanın bütün əsgərləri, onun nizamnaməsində yazıldığı kimi, “papanın müqəddəs şəxsiyyətinin və onun qərargahının təhlükəsizliyinin təmin edilməsi üçün” xidmət keçirlər.
Hal-hazırda, İsveçrə qvardiyası 110 nəfərdən ibarətdir. Ənənəyə uyğun olaraq, onun tərkibində ancaq isveçrəlilər xidmət edir və qvardiyanın rəsmi dili alman dilidir. Onlar hamısı katolik olmalı, orta peşə və ya ali təhsilli olmalı, bütün isveçrəli kişilər üçün məcburi olan dörd aylıq hərbi xidmət keçməli və dünyəvi və dini dairələrdən müsbət xasiyyətnaməyə malik olmalıdırlar. Qvardiyaçıların yaşı 19-dan 30-dək olmalıdır. Bütün qvardiyaçıların boyu 174 sm-dən aşağı olmamalıdır[3]. Minimal xidmət müddəti iki il, maksimal isə iyirmi beş ildir. Onlara bığ, saqqal və uzun saçlar saxlamaq qadağandır. Bundan başqa, qvardiyaya ancaq subayları qəbul edirlər. Onlar ancaq xüsusi icazə əsasında evlənə bilərlər və belə icazə üç ildən çox xidmət edənlərə, kapral (çavuş) rütbəsi olanlara verilir. Qvardiyaçının evlənmək istədiyi xanım da mütləq katolik olmalıdır.[2]
Qvardiyaçıya hər ay 1300 avro ödənilir və bu məbləğ vergiyə cəlb edilmir. Xidmətin ilk ilində maaşdan əlavə qvardiyaçıya pulsuz mənzil, geyim və yemək də verilir. 20 il xidmətdən sonra onlar sonuncu əmək haqları miqdarında pensiya ala bilərlər[4].
Qvardiyaçılar Vatikanın girişində, Apostol sarayının bütün mərtəbələrində, papanın və dövlət katibinin otaqları qarşısında xidmət aparırlar. Müqəddəs Pyotr kilsəsində heç bir təmtəraqlı messa, diplomatik görüşlər və sair qəbul onlarsız keçmir.
19 avqust 2008-ci ildən etibarən İsveçrə qvardiyasının komandiri Daniel Rudolf Anriqdir.
İsveçrə qvardiyası üçün kostyumları Roma papası XV Benediktin sifarişi əsasında dərzi Jül Repon 1914-cü ildə tikmişdi. O rəssam Rafaelin obrazlarından birindən ilhamlanaraq renessans stilində kostumlar düşünmüşdü. Digər əfsanəyə görə isə, qvardiyaçıların rəngarəng forması Mikelancelonun rəsmləri əsasında tikilmişdi.
Hər bir qvardiyaçının gündəlik və parad forması (“qala”) var, parad forması da iki variantda mövcuddur: “qala” və “qrand qala”. Çəkisi 8 funt olan “qrand qala” parad forması xüsusi təntənəli mərasimlər üçün nəzərdə tutulmuşdur və 154 detaldan ibarətdir[4].
Tarixən qvardiyaçıların odlu silahı dəfələrlə müsadirə edilmiş, lakin sonra qaytarılmışdı. Sonuncu dəfə kazarmalarda silah saxlanması İkinci Vatikan Kilsə Məclisi (1962-1965) tərəfindən qadağan edilmişdi. Lakin 13 may 1981-ci ildə Roma papası II İohann Pavelə sui-qəsd olunduqdan sonra bu qərar yumşaldılmışdı.
Qvardiyanın arsenalında aşağıdakı odlu silahlar var:
Odlu silahdan əlavə hər bir qvardiyaçının təbərzini (formanın hisssi sayılır və daha çox dekorativ səciyyə daşıyır), polis dəyənəyi, protazan adlanan nizəsi, flamberq qılıncı və sadə qılıncı var.